Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Səyyar qəzet satışındakı problemlər necə aradan qaldırılacaq?
Media təmsilçiləri hesab edirlər ki, səyyar qəzet yatışının qanuni bazası yaradılmalıdır

Azərbaycanda bəzi redaksiyalar və bir sıra səyyar qəzet satıcıları mövcud sahədəki çətinliklərlə əlaqədar Mətbuat Şurasına müraciət edib. Mətbuat Şurası sözügedən məsələ ilə bağlı ölkədəki yayım firmalarının nümayəndələri, redaksiyaların təmsilçiləri ilə məsləhətləşmələr aparıb, səyyar satış işinin hüquqi tənzimlənməsindəki mümkün variantları nəzərdən keçirib. Yekun olaraq, Mətbuat Şurası səyyar qəzet satışında yaranmış problemlərlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb. Müraciətdə ümumilikdə KİV-in satışının qurulmasında mühüm vasitə olan səyyar yayım işinin lisenziyalaşdırılmasına, mövcud istiqamətdəki vəziyyətin qanuni mexanizminin formalaşdırılmasına kömək göstərmək xahiş edilib. Xatırlanıb ki, oxşar problem 2005-ci ildə şəhərin mərkəzində qəzet stendlərində satışla da bağlı mövcud olub. Həmin vaxt Mətbuat Şurası ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında əldə olunmuş razılığa görə, bu istiqamətdə fəaliyyət göstərən şəxslər BŞİH-in Ticarət və Xidmət Departamenti tərəfindən müvafiq lisenziya ilə təmin olunub və məsələ həllini tapıb. Müraciətdə eyni zamanda dünya təcrübəsində rast gəlinən səyyar qəzet satışının ölkəmizin kütləvi informasiya vasitələrinin iqtisadi imkanları baxımından da effektivliyi əsaslandırılıb.



 «Əldə yayımın lisenziyalaşması labüddür»


Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov Azərbaycanda qəzet satışının əldə yayımının lisenziyalaşdırılması ilə bağlı fikirlərini “Kaspi”yə bölüşərkən, hazırda yayımla məşğul olan qəzet satıcılarına təzyiqlərin olduğunu bildirib. O, səyyar qəzet satışı ilə məşğul olan şəxslərin fəaliyyətinə hətta mənzil istismar sahələrinin müxtəlif işçiləri tərəfindən də maneələrin törədildiyini qeyd edib: “Bu adamlara hər hansı yerdə səyyari qəzet satışının qadağan olduğunu deyirlər. Onları daim izləyir, təzyiq göstərirlər. Son nəticədə, belələri sahibkar kimi heç bir yerdə qeydiyyatdan keçmədiyinə görə, necə deyərlər “dili gödək” olurlar. Bu səbəbdən lisenziyalaşma labüddür. Belə olan halda səyyar qəzet satışı ilə məşğul olan şəxs, eləcə də bu işi həyata keçirən hər hansı qurum qeydiyyatdan keçib lisenziya alar. Aidiyyatı dövlət qurumlarına da həmin sənədin bir nüsxəsini verər, yaxud da üzərlərində gəzdirlər ki, bu da onların incidilməsinin qarşısını alar. Hər hansı qurum nümayəndəsi onlara təzyiq göstərəndə isə deyəcək ki, mən qeydiyyatdan keçmişəm, dövlətə vergi verirəm, qanuni işlə məşğulam. Yəni, bu işin qanuni bazası olsa daha yaxşı olar. Lisenziyalaşdırmaq deyəndə də, söhbət məhz bundan gedir”.


Ə.Süleymanov Azərbaycanda qəzet satışının əldə yayımının lisenziyalaşdırılması ilə bağlı Mətbuat Şurasının Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməsinə də münasibət bildirib. Qeyd edib ki, bu məslə ilə bağlı qərar media nümayəndələrinin Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşündən sonra qəbul olunub: “Biz görüş zamanı təklif etmişdik ki, səyyar yayımla məşğul olan satıcılar lisenziyalarla təmin olunsun. Onların hüquqi bazası olsun. Onlara da bu işlə məşğul olduqlarına görə xüsusi geyimlər, uniformalar verilsin. Həmin adamlara şəhərin harasında, hansı istiqamətində bu fəaliyyətlə məşğul ola biləcəkləri izah edilsin. Biz istəyirik ki, hər şey qanuniləşdirilsin. Harada səyyar qəzet satışına icazə verilməsi, harada isə verilməməsi bilinsin. Belə olsa həmin adamların fəaliyyətindəki maneə aradan qaldırılar”.
Səyyar qəzet satışı lisenziyalaşdırılsın, amma…


“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da səyyar yayımla bağlı qəzetlərdə çox ciddi problemlərin olduğunu dilə gətirib. Onun fikrincə bu problemlər əsasən 2000-ci ildən sonra özünü büruzə verib: “Həmin müddətə qədər pərakəndə qəzet satışı ilə bağlı heç bir qadağa, heç bir çətinlik müşahidə olunmayıb. Fikir versək görərik ki, bu kimi səbəblərdən 2000-ci ilə qədər qəzetlərin iqtisadi durumu daha yaxşı idi, nəinki indi. Çünki o zaman səyyari satış imkanları daha geniş idi. Qəzetlərin maliyyəsinin böyük bir qismi də səyyari satışdan əldə olunurdu. Amma sonralar müəyyən zamanlarda səyyar satışına qadağaların qoyulması qəzetlərin maliyyə durumuna da mənfi təsir göstərdi.


Düşünürəm ki, səyyar qəzet satışına qadağaların tətbiq edilməsi normal hal deyil. Razıyam ki, bu sahədə lisenziyalaşdırma aparılsın. Ancaq qadağaların olmaması şərtilə. Çünki qəzet satışına qadağaların qoyulması mətbuat inkişafdan saxlayan amildir. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də digər strukturlar bu məsələdə olduqca diqqətli olmalıdırlar. Bu gün biz qəzet istehsal edirik, amma çox təəssüf ki, qəzetlərin satış imkanları geniş olmur. Qəzet satışının qadağan edilməsi, qəzetlərin tirajını da minimuma endirir. Ona görə də bu sahədə çox ciddi iş aparılmalıdır. BŞİH tərəfindən şəhərdə abadlıq işlərinin aparılması müsbət haldır. Ancaq bu zaman Bakının ərazisində yaşayan insanları informasiyasız qoymaq, şəhərin əhalinin gur olan hissəsindəki qəzet köşklərini götürmək, səyyar qəzet satışı ilə məşğul olanlara qadağalar tətbiq etmək də olmaz. Belə hallar yazılı mətbuata böyük bir zərbə vurur”.


A.Aşırlı BŞİH tərəfindən lisenziyalaşdırmanın hansı formada həyata keçirəcəyinin sual doğurduğunu söyləyib. Onun qənaətinə görə, ümumilikdə problemin kökündə yalnız lisenziyalaşdırma deyil, başqa məsələlər dayanır: “Qəzet satışının lisenziyalaşdırılmasına oxşar məsələlər əvvəllər də var idi. Qəzet satışı ilə məşğul olanların vergiyə cəlb olunması məsələsi gündəmdə idi. Bunun özü çox normal haldır. Mən də razıyam ki, səyyar qəzet satışı lisenziyalaşdırılsın, bu işlə məşğul olanlar vergiyə cəlb olunsun. Amma bunun hansı formada həyata keçiriləcəyi sual doğurur. BŞİH-nin tabeliyindəki Xidmət Departamenti bu işi hansı formada tənzimləyəcək, bu olduqca maraqlıdır”.



Əvvəlcə şərait təmin edilməlidir


“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bütün hallarda səyyar qəzet satışına məhdudiyyət şamil edilməsinin rəhbərlik etdiyi mətbuat orqanına da təsir etdiyini dilə gətirib: “Bu bir təklifdir, ideyadır, yoxsa həyata keçirilməsi nəzərdə tutulan bir prosesdir bilmirəm. Ancaq, deyə bilərəm ki, qəzetlərin əl ilə yayımının bizə də təsiri var. Çünki qəzetimizin əhəmiyyətli bir hissəsi səyyari şəkildə satılır. Ona görə də qəzetlərin əl ilə yayımının çətinləşməsinə, məhdudlaşmasına, ağırlaşmasına təsir edəcək hər bir addım sözsüz ki, bizim də mənafeyimizə toxunur. Amma konkret olaraq bu əl yayımının lisenziyalaşdırılmasının gələcəkdə qəzetlərin səyyar satışı məsələsinə necə təsir göstərəcəyini söyləyə bilmərəm. Fikrimcə, səyyari olaraq qəzet yayımı ilə məşğul olanlara da müəyyən mənada fiziki fəaliyyət subyektləri kimi baxmaq lazımdır. İstisna etmək lazım deyil ki, fiziki fəaliyyət subyekti olaraq onların da işi müəyyən qanun normaları ilə tənzimlənməlidir. Burda vergiyə cəlb olunma məsələsi var. Qəzetlərin vergidən müəyyən qədər azad olunması onlara da şamil olunacaqsa bu, tamam başqa məsələdir”.
A.Quliyev Mətbuat Şurasının müraciəti əsasında BŞİH tərəfindən lisenziyalaşdırmanın hansı formada həyata keçiriləcəyinə də toxunub: “BŞİH-nin bu məsələyə necə münasibət bildirəcəyini mənim üçün ehtimal eləmək çətindir. Mətbuat Şurası bununla bağlı hər hansı qəti qərar vermək səlahiyyətində olsaydı, yəqin ki, bunu edərdi. İndi bütün nəzərlər BŞİH-nə dikilib. Fikrimcə, BŞİH lisenziyalaşdırmanın hansı formada həyata keçirilmə mexanizmini hazırlamadan öncə qəzet yayımı üçün, istər qəzet köşkləri vasitəsilə, istərsə də səyyarı yayımı üçün lazım olan şəraitin yaradılması qayğısına qalmalıdır. Əvvəlcə bu şərait təmin edilməli, daha sonra onun lisenziyalaşdırılması ilə məşğul olunmalıdır”.
Yeri gəlmişkən onu da qeyd edək ki, Mətbuat Şurasının qəzet satışı sahəsindəki vəziyyəti öyrənmək üçün 2010-cu ildə yaratdığı qrup fəaliyyətini yenidən bərpa edib. MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadədən və Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğludan ibarət qrup paytaxtın ayrı-ayrı rayonlarında mətbu vasitələrin satışının həyata keçirilməsi sahəsindəki mövcud tendensiyaları nəzərdən keçirəcək, xüsusən qəzetlərin əldə yayılması ilə bağlı ortaya çıxan çətinlikləri araşdıracaq. Bunun üçün qrupun üzvlərinin yerlərdə, icra hakimiyyətlərində və digər müvafiq instansiyalarda görüşlərinin keçirilməsi də planlaşdırılır. Qrupun başlıca məqsədi səyyar qəzet satışı ilə bağlı işin qanuni müstəvidə qurulmasına dəstək göstərməkdən, bunun üçün zəruri mexanizmlərin tətbiqini nəzərdə tutan təkliflər paketi hazırlamaqdan ibarətdir.


Rufik İSMAYILOV
+  -  Çap 
Yerləşdirilib: 17.01.12 | Baxılıb: 85

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •