Dünyaya öz standartlarını diktə edən informasiya istehsalçısının belə münasibət sərgiləməsi Azərbaycan Mətbuat Şurasının «qara siyahı»sında yer alan qəzetlərin üslubundan heç fərqlənmir
«Eurovision mahnı müsabiqəsi siyasi tədbir deyil, biz başqalarına bu tədbirdən siyasi məqsədlər üçün istifadə etməyə, şou zamanı siyasi bəyanatlara imkan vermirik və s. Əgər biz bu qaydalara riayət olunmasını istəyiriksə, o zaman özümüz də mahnı müsabiqəsini siyasi alətə çevirməmək üçün yaxşı nümunə olmalıyıq. Çünki bu bizim məqsədlərimizə aid deyil». Bu fikirləri mediaya verdiyi açıqlamasında «Eurovision» mahnı müsabiqəsinin təşkilatçısı Sietse Bakker bəyan edib. Bu tipli bəyanatlar Avropa Yayım Birliyinin digər səlahiyyətli şəxslərinin dilindən də dəfələrlə səslənməkdədir.
Kifayət qədər aydın və səlis şəkildə səslənmiş rəsmi münasibətə baxmayaraq, BBC başda olmaqla bəzi Qərb KİV-ləri “Eurovision-2012”ni siyasiləşdirməkdə davam edirlər. Etiraf olunmalıdır ki, son fəaliyyətində bir qayda olaraq anti-türk və anti-Azərbaycan mövqeyi ilə seçilən BBC kimi informasiya istehsalçısı bütün tarixi ərzində “Eurovision”na bu qədər «diqqət» ayırmayıb. Bakıdakı quruculuq işlərinə də özünə sərf edən prizmadan yanaşan şirkət bütün dəyişikliklərə, küçələrin abadlaşmasına, yeni parkların salınmasına, göydələnlərin ucaldılmasına, bir sözlə, Azərbaycan paytaxtının günü-gündən müasirləşməsinə və gözəlləşməsinə siyasi don geyindirir. Özünün standartları və tərəfsizliyi ilə öyünən informasiya qurumu az qala Bakının köhnə binalarının fasadlarının dəyişdirilməsində də siyasi çalar axtarır və bunu dolayası ilə mahnı müsabiqəsi ilə bağlamağa cəhd göstərir.
BBC-nin «analitikləri» əllərindən gələni edirlər ki, Bakı şəhərində həyata keçirilən yol, nəqliyyat və digər infrastruktur layihələri, Bakı bulvarının genişləndirilməsi ilə bağlı tədbirlər, xüsusilə Bayraq meydanı ətrafında aparılan işlər birbaşa “Eurovision”a hazırlıqla bağlansın. Beləliklə, onlar iddia etməyə çalışırlar ki, guya yarışmaya hazırlıq gedişində Azərbaycanda insan haqlarının, xüsusən də vətəndaşların mülkiyyət hüququnun pozulması halları baş verir.
Xatırladaq ki, bir müddət öncə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında bildirmişdi ki, Dövlət Bayrağı Meydanı ətrafında həyata keçirilən tədbirlərin “Eurovision” mahnı müsabiqəsinə və tədbir üçün müvafiq yerin hazırlanmasına heç bir aidiyyəti yoxdur: “Bütün Bakıda, həmçinin qeyd edilən ərazidə görülən işlər şəhərin əvvəlki illərdə pozulmuş infrastrukturunun yeniləşdirilməsini, yol, nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsini, həmçinin Bakı bulvarının genişləndirilməsini nəzərdə tutan konkret layihələrin icrası ilə bağlıdır”. Əli Həsənovun sözlərinə görə, təəssüf ki, müəyyən maraqlı dairələr “Eurovision”a aidiyyəti olmayan məsələləri məqsədyönlü şəkildə siyasiləşdirərək bu tədbirlə əlaqələndirilməyə cəhd göstərirlər və bəzi hallarda xarici KİV-lər də məsələni araşdırmadan onların əsassız məlumatlarının təsiri altına düşürlər.
Yeri gəlmişkən vurğulayaq ki, «Eurovision»un təşkilati işlərinə rəhbərlik edən Sietse Bakker də sözügedən məsələyə münasibət bildirib: «Abadlıq işlərinə gəlincə, Bakıda bu işlər çox əvvəldən aparılır, hətta Azərbaycan «Eurovision» mahnı müsabiqəsində iştirak etməzdən də əvvəl. Odur ki, söküntü ilə «Eurovision» arasında heç bir əlaqə görmürük və düşünürəm ki, bu iddialar sırf şayiələrə əsaslanır».
Azərbaycanın imicini ləkələməyi qarşısına məqsəd qoyan kampaniyanın «informasiya» təminatçıları ölkəmizdə hər hansı yeniliyi, inkişafı gözü götürməyən qüvvələrdirsə, onun geniş yayılmasına meydan verənlər bəzi xarici KİV-lərdir. Artıq real mənzərəni qiymətləndirmək imkanımız var. Proseslər göstərir ki, Azərbaycanı ləkələmək kampaniyasında konkret olaraq BBC telekanalı canfəşanlıq göstərir, sanki bu kanal özünün prinsiplərini bir kənara tullayıb Azərbaycanın imicini korlamaq sahəsində ixtisaslaşıb.
Daimen McGuinnes adlı şərhçisinin (oxu şərçisinin) qələmindən çıxan, ya da bu ad altında gizlənən eyni dairənin tezislərindən qaynaqlanan dezinformasiyalar ilk öncə BBC vasitəsi ilə yayımlanır, daha sonra ona istinad olunaraq “The Times”, “The Telgraph” kimi digər KİV-lərdə öz əksini tapır. Bunun artıq bir sistem halı alması göstərir ki, BBC “Eurovision” ərəfəsində kampaniyaya start verib. İş orasındadır ki, Avropanın nüfuzlu musiqi yarışmasına qarşı çıxmaq tək ölkəmizin imici üçün yox, eyni zamanda, mötəbər yarışmanın təşkilatçıları üçün də arzuolunan deyil. Dünyaya öz informasiya siyasətini diktə edən qurumun qərəzli davranışı təsdiqləyir ki, ifadə azadlığı, informasiya təminatı və media hüquqları sahəsində deyilənlər onların yalnız başqalarından umduğu dəyərlərdir. Özləri üçünsə bütün bunlar sadəcə boş söz yığnağından qabağa keçmir.
Elə buna görə də Avropa Yayım Birliyini (EBU) məsələ ilə bağlı narahatlığını ifadə edib. Avropa Yayım Birliyinin bəzi üzvləri ötən ayın sonlarında Cenevrədə toplantı keçiriblər. toplantıda “Eurovsion-2012” müsabiqəsinə hazırlıq işləri ilə yanaşı, mediada müsabiqə ilə əlaqədar yer alan xəbərlər də müzakirə olunub. İştirakçılar müsabiqənin keçiriləcəyi binanın inşaatı, viza, təhlükəsizlik, koordinasiya kimi məsələlərlə bağlı problem olmadığını vurğulayıblar. toplantıda iştirak edən bəzi EBU üzvləri son vaxtlar bəzi media orqanlarında müsabiqənin siyasiləşdirilməsindən narahatlıq keçirdiklərini dilə gətiriblər. Bəzi üzvlər isə BBC telekanalı ilə bağlı bu ifadələri işlədib: “BBC Azərbaycan hökumətinə və Bakıda keçiriləcək “Eurovision” müsabiqəsinə qarşı geniş kampaniya aparır. BBC-nin bu hərəkəti “Eurovision” qurumuna böyük ziyan vurmaqdadır”.
Azərbaycanda fəaliyyəti uğursuzluğa düçar olan BBC artıq «reket» mətbuata xas priyomlardan istifadə edərək özünü təmizə çıxarmaq istəyir. Qurumun ictimai rəyə heç təsiri olmayan, ən reytinqsiz törəmə strukturu kimi ilişib qalan Azərbaycan xidməti bağlandıqdan sonra bizim dildə yalnız kobud tərcümə üslubunu xatırladan və bütün mətnlərinin ciddi redaktəyə ehtiyacı olan xırda bir saytı qalmaqdadır. Həmin sayt özlərinin yazdıqları kimi, «anonim mənbə»yə istinad edərək, xəbər yayıb ki, BBC-yə xəbərdarlıq məsələsi AYB-də müzakirə olunmayıb. Dünyaya öz standartlarını diktə edən informasiya istehsalçısının belə münasibət sərgiləməsi Azərbaycan Mətbuat Şurasının «qara siyahı»sında yer alan qəzetlərin üslubundan heç fərqlənmir. Əgər xəbərə yanaşmaqda BBC standartları budursa, bizdə bu üsuldan yalnız «reket» mətbuat istifadə edir...
BBC nə qədər cəhd eləsə də, hətta «anonim mənbəsi»nin dilindən belə reallığı təkzib edə bilməyib, əksinə, özünü ifşa etmiş olub. “AYB rəsmisi deyib ki, AYB özü müsabiqənin keçirilməsi üçün Azərbaycan hökumətindən yeni məkanın tikilməsini xahiş edib: “Azərbaycan hakimiyyətinə sorğumuza cavabda müsabiqənin keçiriləcəyi Büllur Zalının (Crystal Hall) indiyədək boş sahədə tikiləcəyi bildirilib. Yaşayış binasının uçurulma planının əsas səbəbi, göründüyü kimi, Büllur Zalının inşası deyil. Hakimiyyət binanın şəhər infrastrukturunun yenidən qurulması və inkişafı üzrə geniş plan çərçivəsində uçurulacağını bildirib”.
Göründüyü kimi, AYB rəsmisi Bayraq Meydanının yaxınlığında yerləşən binanın sökülməsi və orada yaşayan şəxslərin köçürülməsinin “Eurovision”la bağlı olduğu barədə BBC-nin iddialarını təkzib edib. AYB rəsmisi BBC-yə bildirib ki, Avropa Yayım Birliyi siyasətə müdaxilə etmir: “Biz Azərbaycan hökumətinin işinə müdaxilə etsək, “Eurovision” müsabiqəsi əyləncə kimi yoxa çıxaraq başqa şeyə çevrilə bilər və bu da brendimizə ciddi xələl gətirə bilər”. AYB “Eurovision”un siyasiləşməsinin yolverilməz olduğunu bəyan edir və belə halın müsabiqənin nüfuzuna ciddi xələl gətirəcəyi qənaətindədir.
Görəsən BBC və “Eurovision-2012”-yə qarşı kampaniya aparan digər media orqanları bundan nəticə çıxaracaqlarmı? Əminliklə demək olar ki, belə qərəzli informasiya siyasəti davam etdirildiyi halda, AYB öz təsir mexanizmlərini işə salacaq və BBC daha sərt təpki ilə üzləşəcək.
Fuad Qəhrəmanlı