Mətbuatda “İctimai Palata” adlanan qurumun öz fan-klubu ilə görüşünü izləyəndən sonra yadıma bu düşərgənin mətbəxinə yaxından bələd olan birinin fikri düşür:
“Adamlar publika üçün lazım olan hər şeyi danışırlar, hətta yaxşı ”pas” gələndə qışqırmaq, kükrəmək, inandırmaq bacarığı da nümayiş etdirirlər. Daha sonra isə iynə-sapa belə gəlməyən yamaqlı şüarların birini bir qəpikdən göyə uçururlar. Bu eyforiya o zamana qədər davam edir ki, həmin fanatların hansınınsa cib telefonuna təxminən bu məzmunda zəng gəlir ”Evə gələndə 2 çörək al”.
Vəssalam! Tamaşa burda bitir. 10 dəqiqə öncə özünü minimum nazir müavini postunda görüb katibəsinə çay süzdürdüyünü xəyal edən binəvalar, qeyri-ixtiyari real həyata dönmək məcburiyyətində qalıb 3D eynəyi gözlərindən çıxarmalı olurlar.
Amma nə yazıq ki, o eynəkləri bəzən gözlərinə birdəfəlik pərçimləyənlər də tapılır. Baxırsan ki, adam müxalifətçi kimi artıq pensiya yaşına gəlib çatıb, amma öz hikkəsindən hələ də əl çəkmir. Bax elə həmin o palatanın “koordinasiya şurasına” (?!) son seçkilər də eyni ssenaridən idi.
Eşitdiyimə görə, hər namizədə özünü tanıtmaq üçün 3 dəqiqə çıxış imkanı verilib. Parlament seçkiləri öncəsi İTV-nin 4 dəqiqəlik pulsuz efirinə ağız büzənlər, üstəgəl bu həyatda vaxtdan çox heç nəyi olmayanlar 10-15 nəfərin təqdimatı üçün 5-cə dəqiqə zaman ayırmağı məqsədəuyğun saymayıblar. Çıxışları da eşidən eşidib, eşitməyənə də çayxanada kimsə məruzə edibmiş. Səsvermə prosesində isə dünyada ilk dəfə tətbiq olunan seçki texnologiyasından - bulutuzla çayxanadan iclas zalına səs göndərmə üsulundan istifadə olunub.
Axırda da qutulardan kim lazımdısa, o da çıxıb. Eynən 2005-ci ildə Müsavatın daxili seçkilərində olduğu kimi. Elə o vaxt da öz aralarında ilkin seçim necə “tər-təmiz” olmuşdusa, üzvlərin, demək olar ki, yarısı partiyanı tərk etmək barədə bəyanat vermişdi.
Nə qədər acınacaqlı görünsə də, bu adamlar bizə demokratiya dərsi keçmək iddiasındadırlar.
***
Bir az da “ziyalılarımız” haqda.
Tam səmimi deyirəm, “ziyalılar forumu” adlanan, əslində isə Eldar Namazovun dəstəsi kimi tanınan qurumun ötən il dekabrın 29-da növbəti toplantısını keçirmək istədiyi iclas zalında işıqların sönməsinə dərindən heyfsilənən 3 adam vardısa, biri də mən idim! Gerçəkdən ağır dərddir, sən 2 həftə ziyalılığına antrakt verib otur Rüstəm müəllimin Moskvadan gəlişini gözlə ki, tədbir keçirəsən, axırı da desinlər ki, işıqlar sönüb. Yox, axı nəyə görə bu iqtidardan küsənlər, millət vəkili seçilməyənlər, ya da biznes layihələri alt-üst olanlar bir anın içində çönüb ziyalı ola bilməzlər?! Məgər ömrü boyu yarım perpendikulyar vəziyyətdə ürkək səslə məruzə etmək Eldar Namazovun alnına yazılıb?
Özü də onlar 0-la 1 arasında ilişib qalmış Rafiq Əleyevin “misilsiz ixtirası” ruhunda ziyalılığa yeni çalarlar, məzmun da gətirirlər. Məsələn, Rüstəm İbrahimbəyov hakimiyyətə layiqli namizəd haqqında günaşırı dəyişən fikirləri ilə sübut edir ki, ziyalının sözü bütöv, tam olmaya və qeyri-ənənəvi məntiqə əsaslana, daha doğrusu məntiqsiz ola bilər. Kişi son üç ildə hakimiyyətlə bağlı bir-birinin əksinə üç fikir səsləndirib. Sonra da bu ziddiyyətlərdən bezib və 2012-ci əjdaha ilinin ruhuna uyğun olaraq deyib: “Mən 4-5 il bundan öncə qərara gəldim ki, artıq susmaq olmaz”.
Beləsinə “əhsən” deməyib axı nə deyəsən?! Əslində “Oskar”ın ən yekəsi bax elə bu yek kəlmənin kəramətinə düşür (bir də anlamaq olmur ki, Rüstəm bəyin aldığını iddia etdiyi “Oskar”ın Nikita Mixalkovun kabinetində nə işi var).
Özü də Rüstəm müəllimdən heç kim “bəs o 4-5 ildən əvvəlki 65 ili nə ilə məşğul olmusan?", ya da “ziyalılıq siqaret-filandımı ki, istədiyində çəkəsən, istəmədiyində tərgidəsən?” soruşa bilməz. Bundan sonra heç bu dövlətə ağız-filan da açma, get, bir protokol tədbirindəki hərəkətinə görə Tapdıq Abbası amansızcasına partiyadan uzaqlaşdırıb, sonra da iqtidarı Rafiq Əliyevi işdən çıxarmaqda ittiham edən “dünyanın ən böyük demokratı” İsa Qəmbərin yanına! Özü də başqan deyib ki, “qərərgahım ziyalılara qurbandır”. Kimsə İsa Qəmbərin öz sözünü tutmadığını görübmü? Allah eləməsin, əlbəttə yox.
Məsələn, 1998-də “siyasi varisiyəm” dediyi Elçibəyin vahid namizədliyinə mane olmayacağını söz verib mane oldumu? Yox, niyə olmalı idi ki?
Kim deyir ki, başqan 2000-ci ildə indiki müttəfiqi Əli Kərimlini iqtidara satılmaqda ittiham edib, klassiklər qanadını AXCP kimi tanıyıb? Absurd bir fikirdir, belə şey tarixdə olmayıb.
2010-cu ilin parlament seçkiləri öncəsi “AXCP ilə bir partiyada birləşirik” deyib, birləşmədimi? Həm də anında birləşdi.
2011-də partiyanın qurultayını keçirib bu iqtidar da daxil olmaqla hər kəsə demokratiya dərsi verərək “başqanlıqdan gedəcəm” dedimi-demədimi? Dedi və hər kəsin də qarşısında nümayişkəranə şəkildə getdi. Kişi kimi.
Bəli, qeyri-ənənəvi məntiqə əsasən, ziyalılıq vaxtaşırı və natamam olduğu kimi, müxalifəçilik də əbədi bir oyun ola, kişi sözü isə tərsinə anlaşıla bilər.
Elşən Musayev