Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Rusiya vasitəsilə Qarabağ probleminin həlli perspektivini görmürəm"
Fazil Mustafa: "Amma bununla belə, Rusiya faktorunun inkar olunmasının da əleyhinəyəm"

Məlum olduğu kimi, parlamentin son toplantılarından birində çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, vaxtilə Rusiya torpaqlarımızın Ermənistan tərəfindən işğalında yaxından iştirak etsə də, indi vəziyyət münaqişənin həlli ilə bağlı Moskva ilə daha yaxından əməkdaşlıq etməyi tələb edir. O qeyd edib ki, əgər Kremllə hansısa razılaşma əldə edilərsə, hətta Azərbaycan Rusiya-Belarus İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola, o cümlədən Rusiyanın hərbi bazaları yenidən ölkəmizdə yerləşdirilə bilər. Millət vəkilinin bu fikri geniş müzakirə mövzusuna çevrilib. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa həmkarının fikirlərinə hörmətlə yanaşsa da, onunla razılaşmır.

- Fazil müəllim, bir millət vəkili və partiya sədri olaraq cəmiyyətdə ciddi rezonansa səbəb olmuş bu fikirlərlə bağlı nə düşünürsünüz?

- Əvvəla hesab edirəm ki, hər bir millət vəkilinin, siyasətçinin açıqlamalarına normal yanaşmaq lazımdır. Çünki Qarabağ münaqişəsi elə bir məsələdir ki, burada hamının fikirlərinin üst-üstə düşməsi, əslində, yanlışdır və dərhal da hansısa bir açıqlamanı vətənə xəyanət, yaxud narahatçılıq doğuracaq bəyanat kimi sərt şəkildə dəyərləndirmək düzgün deyil. Hərə öz baxışını ortaya qoymalıdır və bu baxışlar ümumiləşdirilib sonra Azərbaycanın mənfəəti nədirsə, ona uyğun, ona yaxın qərarların qəbul olunmasına çalışılmalıdır. Eyni zamanda, məlum yanaşma mənim də qəbul etmədiyim bir yanaşmadır. Mən Rusiya vasitəsilə Qarabağ probleminin həlli perspektivini görmürəm. Amma bununla belə, Rusiya faktorunun inkar olunmasının da əleyhinəyəm. Mən hesab edirəm ki, Qarabağ məsələsinin həlli daha çox daxili siyasətdə ciddi dəyişikliklər, əhalinin, xüsusilə cəmiyyətin aparıcı qüvvələrinin bu prosesə cəlb olunması hesabına mümkünləşə bilər. Bu baxımdan, mən bütün hallarda bu kimi məsələlərdə yenə də müxtəlif təkliflərin səslənməsinə müsbət yanaşıram və bunu sərt qarşılamağı təqdir etmirəm. Bir sözlə, mən bu prosesə bütün rəylərin nəzərə alınmasının vacibliyi prosesi kimi baxmağın tərəfdarıyam və bütün hallarda rus ordusunun Azərbaycana gətirilməsi imkanlarını müzakirə etməyə belə dəyməz.


- Sizcə rus ordusunun yenidən Azərbaycana gəlməsi imkanları nə dərəcədə realdır?

- Hər halda bu, real məsələ deyil. Çünki Azərbaycan qərarını bir dəfə verib. O zaman rus qoşunları Azərbaycandan tam şəkildə çıxarılıb. İndi rus ordusunun yenidən buraya gətirilməsi bölgədə mövcud tarazlığı dəyişə bilər. Bununla yanaşı, Azərbaycan bir sıra iri layihələrdə Avropayla, ABŞ-la sıx əməkdaşlıq yolunu tutubsa, o zaman rus ordusunun gəlməsi, demək olar ki, bütün iqtisadi layihələrin təxirə salınması mənasına gətirib çıxarar. Bu isə dövlət maraqlarımızın, müəyyən mənada strateyi maraqlarımızın təhlükə altına düşməsinə səbəb ola bilər.


- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün sülhməramlıların, onun tərkibində də rus əsgərlərinin bölgəyə gətirilməsi danışıqlar prosesinə necə necə təsir edə bilər?

- Əgər Rusiya bu prosesdə tərəf kimi iştirak edirsə, o zaman Türkiyə də tərəf kimi iştirak etməlidir. Özü də Azərbaycan Türkiyənin burada tərəf kimi iştirak etməsini istəməlidir. Eyni zamanda, əgər bütün tərəflərin hamısının bu prosesə qatılımından söhbət gedərsə, o zaman bu məsələ mümkündür. Amma yalnız Rusiya tərəfinin, belə deyək, Avropa qüvvələri ilə qatılımından söhbət gedərsə, bu, hər hansı bir şəkildə yolverilməzdir.


- Ümumiyyətlə, necə hesab edirsiniz, sülhməramlıların münaqişə bölgəsinə gətirilməsi vacibdirmi? Təsadüfi deyil ki, bu məsələnin özünə də Azərbaycanda sərt təpkilər var...

- Hər halda bu, gələcək şərtlərdən asılıdır. Bu şərtlərdə hər hansı bir şəkildə razılaşma olarsa, o zaman biz də bu razılaşmaya məcburi şəkildə gedə bilərik. Amma bütün hallarda heç bir dövlət istəməz ki, öz ərazisində başqa ölkənin və yaxud ölkələrin əsgərləri, sülhməramlı qüvvələri yerləşdirilsin. Bu bizim gücsüzlüyümüzdən və ya imkansızlığımızdan doğan bir gerçəklik ola bilər.


- Siz bu münaqişənin yaxın zamanlarda həlli perspektivinə necə, inanırsınızmı? Fikrinizcə, münaqişənin həllində hansı qüvvələr nisbəti daha çox üstünlük əldə edə bilər?

- Şəxsən mən yaxın perspektivdə bu münaqişənin həlli imkanlarını görmürəm. Buna çox az ehtimal verirəm. Eyni zamanda hesab edirəm ki, bu məsələ hələ də çox çətin bir məsələ kimi gündəmdə qalacaq. Hər halda bu ehtimal daha çoxdur.


- Fazil bəy, son dövrlər ilkin sülh razılaşmasından tez-tez söhbət açılır, bu məsələ mütəmadi gündəmə gətirilir. Necə fikirləşirsiniz, ilkin sülh razılaşması imzalanarsa, bu bizim istədiyimiz sülh razılaşması olacaq, yoxsa qarşı tərəfin?

- Razılaşmadığımız hər hansı bir yanaşmanı Azərbaycan rəhbərliyi qəbul etməməlidir. Birinci prinsipial mövqeyimiz budur və bu olmalıdır. Bütün hallarda burada zərər çəkən tək Azərbaycandır.


- Yeri gəlmişkən, Qüdrət Həsənquliyev bir müddət öncə daha başqa bir təkliflə - Azərbaycanın Rusiya-Belarus İttifaqına qoşulması ilə bağlı təklif irəli sürmüşdü. Siz bu təklifə necə yanaşırsınız? Eyni zamanda, Azərbaycanın bu ittifaqa qoşulması ölkəmiz üçün daha perspektivli ola bilər, yoxsa digər qurumlarda, məsələn, GUAM-da fəaliyyətini artırması?

- Birincisi, Rusiya-Belarus İttifaqı hələ tam formalaşmayıb. İkincisi, bu ittifaq hansı biçimdə nəzərdə tutulur, hələ nə Rusiyanın özünə bəllidir, nə də Belarusun. Onlar arasında da ziddiyyətlər var. Düzdür, hərbi təlimlər keçirirlər, digər məsələləri həll etməyə çalışırlar, ancaq yekun təşkilatlanma strukturu ortalıqda yoxdur. Üçüncüsü, mənim fikrim belədir ki, Azərbaycan hər hansı bir şəkildə başqa qurumlara, birliklərə qoşulmadan daha müstəqil dövlət kimi fəaliyyət imkanlarını genişləndirməyi düşünməlidir.


- Xatirinizdədirsə, ötən əsrin 90-cı illərində Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılması ideyası ortaya atılmışdı. Elə bu yaxınlarda mətbuata açıqlamasında deputat həmkarınız Gültəkin Hacıbəyli yenidən bu ideyanı gündəmə gətirərək Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılmasının vacibliyini önə çəkib. Sizcə bu ideyanın gerçəkləşməsi realdırmı?

- Bu, realdır. Mən Gültəkin xanımın yenidən gündəmə gətirdiyi bu ideyanı tam dəstəkləyirəm. Eyni zamanda, bu ideyanın reallaşması iradədən asılı bir məsələdir. Ona görə mən belə hesab edirəm ki, hər halda bu istiqamətdə çalışmağına dəyər.


- Bu ideyanın gerçəkləşməsinə bölgədə marağı olan beynəlxalq güclər imkan verərlərmi?

- Buna beynəlxalq güclərin imkan verməsindən daha çox özümüzün iradəmiz önəmlidir.


- Sizcə Türkiyə-Azərbaycan Konfederasiyasının, yoxsa altı türk dövlətinin birliyinin yaradılması daha məqsədəuyğundur?

- Şəxsən mən hesab edirəm ki, hələlik Türkiyə-Azərbaycan, üstəgəl Şimali Kıbrıs Türk Cümhuriyyəti variantında bir konfederasiyanı formalaşdırmaq imkanları daha genişdir.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 08.12.09 | Baxılıb: 457

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •