Video görüntülərdəki iki hərbçinin kimliyi müəyyənləşdirilib
ABŞ müdafiə naziri Leon Panetta Əfqanıstandakı ABŞ əsgərlərinin öldürülmüş talibançıların cəsədlərini murdarlaması, təhqir etməsi ilə bağlı yayılmış video görüntülərdən təəssüf hissi keçirdiyini bildirib. Nazir məsələylə bağlı araşdırma aparılmasını göstəriş verib və günahkarların cəzalandırılacağını söz verib.
Artıq video görüntülərdəki iki hərbçinin kimliyi müəyyənləşdirilib. Ümumilikdə isə görüntülərdə 4 hərbçi var. ABŞ müdafiə naziri Leon Panetta və Əfqanıstandakı NATO qüvvələrinin komandanlığı əsgərlərin videogörüntüdəki hərəkətini ittiham edib. Videonun kim tərəfindən çəkildiyi və Youtube, eləcə də digər saytlara kim tərəfindən yerləşdirilməsi bəlli deyil. Amma videonu çəkən də Amerika ləhcəsi ilə danışır və hərbi əlcək geyindiyi üçün meyitləri təhqir edənlərin əsgər yoldaşı olduğunu güman etmək olar. Video çox həssas məqamda ortaya çıxıb. İndi Amerika öz qoşunlarını Əfqanıstandan tədricən çıxarmaqla yanaşı, əfqan hökuməti ilə Taliban arasında barışığa çalışır. Taliban bu yaxınlarda Qatarda nümayəndəlik açmağa və beynəlxalq ictimaiyyətlə danışıqlara razı olub. Taliban məhbus dəyişdirilməsini təklif edib, onun üzvlərinin Amerikanın Quantanamo həbs düşərgəsindən buraxılmasına çağırıb. Talibanın mətbuat katibi Zabihullah Mujahid videodakı əməli pisləyib və bunu “barbarlıq” adlandırıb. Amma Mücahid Reuters-ə deyib ki, video onların beynəlxalq ictimaiyyətlə danışıqlarına və məhbus dəyişdirilməsinə mənfi təsir etməyəcək. Talibanın sözçüsü danışıqlarla paralel silahlı mübarizələrini davam etdirəcəklərini də deyib. Video siyasi baxışlarından asılı olmayaraq bütün əfqanları hiddətləndirib. Məsələn, Qəndahar sakini Amanulla kimi: “Biz Amerika əsgərlərinin Taliban döyüşçülərinin meyitlərini mundarlamasını pisləyirik. Bu, sülh danışıqlarına ziyan vuracaq. Amerika Birləşmiş Ştatları Əfqanıstanda sülh danışıqlarını istəmir və bu, ölkənin durumunu daha da ağırlaşdıracaq”. Kabil sakini Feda Məhəmməd isə deyir ki, daha Amerika əsgərlərinin Əfqanıstanda qalmasını istəmir: “Müsəlmanların meyitini mundarlayan Amerika əsgərləri cinayət törədiblər. Belə cinayətə görə biz daha onların ölkəmizdə qalmasını istəmirik. Biz xarici qüvvələrin burda qalmasını istəmirik. Onlar Əfqanıstanı tərk etməlidir”. Son illərdə ölkədə anti-Amerika əhval-ruhiyyəsi bir neçə dəfə pik nöqtəsinə qalxıb. Bundan əvvəl Amerika əsgərlərinin Quranı cırıb ayaq altına atması da belə qalmaqal yaratmışdı.
|