Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Bakıətrafı qəsəbələrdə çirkli sular hara axıdılır?
Aytən Poladova: “Kanalizasiya sularındakı minlərlə parazitlər və digər yoluxucular insanlara və ya ev heyvanlarına keçdikdə, hətta epidemiyalar da törədə bilər”


İlqar Hüseynli: “Bu iş konkret olaraq bir idarənin, yaxud nazirliyin səlahiyyətində olmalıdır və o da vəsaitlə təmin edilməlidir ki, proses sürətlənsin”


Bakı və onun ətraf kənd və qəsəbələrində yaşanan problemlərdən biri də kanalizasiya sisteminin düzgün qurulmaması, yaxud da ümumilikdə olmamasıdır. Elə bunun nəticəsi olaraq həmin yerlərdə mənzillərdən və müxtəlif iaşə obyektlərindən axıdılan kanalizasiya suları birbaşa küçələrə və ya yaxınlıqdakı arx və göllərə tökülür. Bunlar bir yana, bəzi yerlərdə çirkab suların axıdıldığı göllərdən hətta balıq tutub elə yol qırağındaca onun satışını da həyata keçirirlər...


Məsələ ilə əlaqədar bizimlə danışan Zabrat qəsəbəsinin sakini Azər adlı vətəndaş vəziyyətin çox acınacaqlı olduğunu bildirdi. Onun sözlərinə görə, bütün kanalizasiya suları yaxınlıqdakı gölə axıdılır. Həmin göldən isə balıq tutub camaata satırlar: “Küçəyə axıdılan kanalizasiya sularının qoxusundan isə həyətə çıxmaq olmur. Yerli camaat artıq bu qoxulara öyrəşib, amma qıraqdan qonaq kimi gələn adam burada qala bilmir. Bir dəfə qohum gəlmişdi, belə bir yerdə necə yaşadığımıza çox təəccüb etdi”. Sakin bildirdi ki, hələ yay aylarında vəziyyət daha acınacaqlı olur, üfunət bütün qəsəbəni bürüyür.


Qeyd edək ki, qəzetimizin növbəti saylarında sözügedən ərazidə – Kürdəxanı İstintaq Təcridxanası yaxınlığında yerləşən bu göllə sizi ətraflı tanış edəcəyik. Ümumiyyətlə isə, küçələrə və gölə axıdılan kanalizasiya sularının durumu, eləcə də göldən tutulan balıqların aqibəti barədə ətraflı məlumat verəcəyik. İndi isə bu məsələ ilə bağlı daha bir faktı nəzərinizə çatdıraq. Vəziyyətin daha qabarıq və qarşısıalınmaz dərəcədə acınacaqlı olması Suraxanı və Ramana qəsəbələrindədir. Belə ki, burada çirkab sularının yaratdığı üfunət ilə neft buruqlarından çıxan qoxu bir-birinə qarışır. Bunu hiss etmək üçün isə həmin qəsəbənin içərisinə getmək lazım deyil. Mərdəkan yolu ilə şəhər istiqamətinə hərəkət edərkən, elə nəqliyyat vasitəsinin içərisində bu qoxunu hiss etmək mümkündür.


Bunu “Ekoloji Tarazlıq İctimai Birliyi”nin sədri, cografiya elmləri namizədi Aytən Poladova da təsdiqləyir: “Son zamanlar Bakı şəhərinin ətrafında yerləşən kəndlərin sakinləri burada kanalizasiya sisteminin nasaz vəziyyətdə olması və yaxud tam olmamasının üfunətli iylərin, ağcaqanadların, müxtəlif növ milçəklərin və digər parazitlərin artmasına səbəb olması haqqında öz narahatlığını bildirirlər. Ən acınaqlı vəziyyət kimi Suraxanı rayonu göstərilir”. A Poladova vurğuladı ki, kanalizasiya sularının bu şəkildə axıdılması insanların səhhətinə ciddi zərər gətirir: “Kanalizasiya sularında minlərlə bağırsaq çöpləri, müxtəlif növ parazitlər və digər yoluxucular olur. Bütün bunlar insanlara və ərazidə saxlanılan ev heyvanlarına keçdikdə, qarşısıalınmaz xəstəliklər və hətta epidemiyalar törədə bilər. Bundan əlavə, kanalizasiya suları torpaqları zəhərləyərək bitkiləri məhv edir, hətta yeraltı sulara daxil olaraq, quyu sularını da çirkləndirir. Sonradan insanlar bu quyulardan su içdikdə müxtəlif növ xəstəliklərə duçar ola bilərlər. Bütün bunları nəzərə alaraq, yaxşı olardı ki, yerli özünüidarəetmə orqanları (bələdiyyələr) müvafiq dövlət qurumları ilə birgə bu cür məsələləri aradan qaldırmaq üçün tədbirlər planı hazırlasınlar və yerli əhalinin köməyi və nəzarəti altında həyata keçirsinlər”.


Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin prezidenti İlqar Hüseynli də hazırda ölkənin kanalizasiya sisteminin qurulmasında çox ciddi problemlərin olduğunu dedi: “Baxmayaraq ki, son dövrlərdə bu nəsələ bağlı bəzi proqramlar həyata keçirilir, bütövlükdə bu problem həll olunmayıb. Xüsusən, Bakı və Bakıətrafı ərazilərdə, eləcə də Xəzər sahilində fəaliyyət göstərən xeyli sayda ictimai-iaşə obyektləri var ki, onların kanalizasiya sistemləri mərkəzləşmiş şəkildə qurulmayıb. Bəzi hallarda bunlar birbaşa Xəzər sularına axıdılır. Məsələn, bir ərazi göstərə bilərəm: Masazır ərazisində duz istehsal olunan böyük bir göl var və kanalizasiya sularının qəsəbədən gölə axıdılması məsələsi daim müşahidə altındadır. Baxmayaraq ki ərazidə mərkəzləşmiş kanalizasiya sistemi var, hələ də həmin kanalizasiya suları birbaşa o gölə axıdılır”.


Bütövlükdə problemin kökündə dayanan səbəb kimi, İ.Hüseynov qeyd etdi ki, kanalizasiya sisteminin qurulması məsələsində məsuliyyət bəzən yerli bələdiyyələrin, bəzən də yerli icra orqanlarının üzərinə atılır: “Bu problemin həllində səlahiyyətlərin konkretləşdirilməməsi mövcud problemin həlli üçün ciddi maneələr yaradır. Hesab edirəm ki, müxtəlif iaşə obyektləri qurulmazdan əvvəl kanalizasiya və təsərrüfat sistemləri planlaşdırılmalı və onlar müvafiq standartlara cavab verməlidir. Bu cür suların göllərə və küçələrə axıdılması ümumilikdə ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Nəticə etibarilə həmin yerlərdəki flora və faunanın məhvinə səbəb olur. Bütün bunların məsuliyyəti özəl şirkətlərlə yanaşı, həmin ərazinin həm yerli hakimiyyət, həm də icra orqanlarının üzərinə düşür”.


Yuxarıda qeyd etdiyimiz qeyri-qanuni balıq ovu və satışına gəldikdə isə, İlqar müəllim bildirdi ki, balıq satışı ilə bağlı xüsusi vətəgələr fəaliyyət göstərir ki, orada xüsusi balıqların yetişdirilməsi və onların birbaşa vətəndaşlara satışı həyata keçirilməlidir: “Amma kortəbii şəkildə balıqların ovlanması, xüsusən də həmin çirklənmiş sulardan balıqların tutularaq vətəndaşlara satılması təbii ki, bu və ya digər formada müxtəlif xəstəliklərin baş qaldırmasına gətirib çıxarır. Hesab edirəm ki, həmin mənbələrdən balıqların ovlanmasına və satışına xüsusi qadağalar qoyulmalıdır. Amma biz dəfələrlə müşahidə etmişik ki, bəzi yerlərdə, məsələn, Xəzər dənizi ətrafında elə iaşə obyektləri var ki, obyektin yerləşdiyi ərazidə dənizin içərisində torlar quraşdırır və tutulan balıqları elə həmin iaşə obyektində istehlakçıya satırlar”.


İ.Hüseynov Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı prezidentin Bakı şəhər İcra Hakimiyyətinə verdiyi tapşırığa da münasibət bildirdi: “Əslinə qalanda, dövlət başçısı bu və ya digər istiqamətdə çoxsaylı sərəncamlar, Bakı Şəhər İcra Hakimiyyətinə xüsusi göstərişlər verib. İnfrastruktur layihələrin qurulması təbii ki, bir qədər zaman tələb edən məsələdir. Amma bu işlərin gecikməsində bir qədər də bürokratik problemlər rol oynayır. Bəzən Bakı və ətraf qəsəbələrində bu problemin əmələ gəlməsinin səbəbləri maliyyə çatışmazlığı ucbatından olur. Eyni zamanda, səlahiyyətlər bölgüsündə bəzi ikili standartlar var. Deyək ki, yerli bələdiyyə və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin konkretləşməməsi bu problemin həllini əngəlləyən səbəblərdən olur. Əgər kanalizasiya sisteminin qurulması ilə bəzi yerlərdə icra hakimiyyəti strukturları məşğul olursa, digər yerlərdə bu öhdəçiliklər bələdiyyələrin üzərinə qoyulur. Bu iş konkret olaraq bir idarənin, yaxud nazirliyin səlahiyyətində olmalıdır və o da vəsaitlə təmin edilməlidir ki, proses sürətlənsin”.


Elgün Mənsimov
+  -  Çap 
Yerləşdirilib: 13.01.12 | Baxılıb: 100

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •