Əli Hüseynli: “Onun reallaşdırılması üçün hamı birlikdə çalışmalıdır”
Azərbaycan Hüquqşünaslar Konfederasiyası insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təqdimatını keçirdi. Tədbiri açıq elan edən konfederasiyanın sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdirdi ki, proqramın həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük yük düşür. Ona görə də proqramın təqdimatı rəhbərlik etdiyi konfederasiyanın xətti ilə reallaşdırılır.
Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov Milli Fəaliyyət Proqramının indiyədək ölkədə insan hüquq və azadlıqlarının qorunması istiqamətində aparılan işlərin davamı olduğunu vurğuladı. 1998-ci ilin fevralın 22-də ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalayıb. Fərmanda ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilib.
Bu fərmanın davamı olaraq prezidentin 1998-ci ilin 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılmış, insan hüquqları üzrə ədəbiyyatın nəşr edilməsinə, kütləvi informasiya vasitələrində bu mövzunun geniş işıqlandırılmasına, əhali arasında insan hüquqlarına dair geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təmin edilməsi baxımından təkmilləşdirilməsinə təkan verilib. 2006-cı il dekabrın 28-də prezidentin sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edib. Bu il dekabrın 27-də ölkə prezidenti tərəfindən təsdiq edilən yeni proqram isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlib. Proqrama hazırlanmaqda olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tərkib hissəsi kimi baxılmalıdır.
Ç.Əsgərovun sözlərinə görə, yeni proqram ümumilikdə 6 fəsildən ibarətdir. Bu fəsillərdə insan hüquq və azadlıqlarının qorunması istiqamətləri müəyyənləşdirilir. İlk istiqamət kimi qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq praktikaya uyğunlaşdırılması əsas götürülüb. Proqramda Azərbaycanın beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqliyi əksini tapıb. Proqramda insan hüquq və azadlıqlarının qorunmasının digər bir mühüm istiqaməti kimi əhalinin müxtəlif qruplarının hüquqlarının qorunması nəzərdə tutulub. Bu sırada ilk növbədə qayğıya ehtiyacı olan təbəqələr – qadınlar, məcburi köçkünlər, uşaqlar, narkomanlar, məişət zorakılığının qurbanları və s. nəzərdə tutulur.
Sənəddə əsas istiqamətlərdən biri də hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi, hakimlərin peşəkarlığının artırılması və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Ç.Əsgərov qeyd etdi ki, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı dövlətin atdığı addımların ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyəti var. Bu səbəbdəndir ki, proqramın fəsillərindən biri maarifləndirmə və tədris işlərinin aparılmasına həsr olunub. Bu istiqamətdə də beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq ediləcək. Ümumilikdə sərəncamın reallaşdırılmasında beynəlxalq təşkilatların köməyindən də istifadə olunacaq. Ən əsası isə proqramda konkret icra mexanizmi əksini tapıb. Bu, proqramın kompleks və genişmiqyaslı həyata keçirilməsinə yardımçı olacaq. «Proqramın qəbul olunması bir daha göstərir ki, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi dövlətin və şəxsən prezidentin qarşıya qoyduğu prioritet istiqamətlərdən biridir» - deyə Ç.Əsgərov vurğuladı.
Milli Məclisin deputatı Fazil Mustafa proqramın qəbul olunmasını ciddi bir hadisə kimi qiymətləndirdi. Onun sözlərinə görə, bu proqrammı qəbul etməklə Azərbaycan dövləti göstərir ki, insan faktoruna xüsusi önəm verir. «Sənəd heç bir sahə üzrə boşluq buraxılmadan çox peşəkarcasına hazırlanıb. Mən bu proqrammı son illər hazırlanmış ən ciddi sənədlərdən biri kimi qiymətləndirirəm» - deyə dövlət vəkili vurğuladı. O əlavə etdi ki, indi əsas məsələ proqramda yazılanların həyata keçirilməsidir. Bu istiqamətdə vətəndaş cəmiyyəti institutları da fəallıq göstərməlidirlər. F.Mustafa qeyd etdi ki, bu sənəd beynəlxalq təşkilatlara nümayiş etdirmək üçün deyil, vətəndaşların problemlərinin həlli üçün istifadə olunmalıdır. Ölkədə bütün hüquq və azadlıqlarının, xüsusilə də mülkiyyət hüquqlarının pozulması hallarının qarşısı alınmalıdır. Bununla bağlı çoxlu faktlar olduğunu deyən millət vəkili belə halların ölkənin imici üçün çox mənfi rol oynadığını da sözlərinə əlavə etdi: «Açığını söyləsəm, ölkədəki reallıqla bu proqram arasında məsafə bir qədər böyükdür. Bu sənədin həyata keçirilməsilə ölkədə islahatlara başlanılmalıdır. Ümid edirəm ki, Milli Fəaliyyət Proqramı yüksək səviyyədə həyata keçiriləcək və xatirələrdə qalan sənəd olmayacaq».
Həmkarı ilə razılaşan Ə.Hüseynli dedi ki, Milli Fəaliyyət Proqramı deklorativ sənəd kimi qəbul edilməməlidir. Onun reallaşdırılması üçün hamı birlikdə çalışmalıdır: «İnkişaf etmiş ölkənin əsas göstəricilərindən biri qanunun aliliyi olmalıdır. Qanunun aliliyinin təmin olunması üçün isə ilk növbədə insan hüquq və azadlıqları qorunmalıdır».
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev sənədin icrasının nəzərdə tutulan səviyyədə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi. Onun sözlərinə görə, proqram Azərbaycanın tərəqqisinin insan amilinin inkişafında olduğunu ortaya qoyur. Korrupsiyaya qarşı mübarizəni ən əsas prioritetlərdən biri kimi müəyyənləşdirir. Ə.Nuriyevin fikrincə, proqramın həyata keçirilməsi ilə paralel olaraq ölkədə korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan yeni fəaliyyət proqrammı hazırlanmalıdır. Korrupsiyaya qarşı mübarizə üzrə yeni strategiyanın icrasının 2011-ci ilin sonunda başa çatması da bunu zəruri edir.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov sənədin müzakirəsində dövlət orqanlarının təmsilçilərinin iştirakının vacib olduğunu bildirdi. Onun sözlərinə görə, xüsusilə də Təhsil və Səhiyyə nazirliklərinin nümayəndələri müzakirələrdə iştirak edib onlara ünvanlanan tənqidlərə cavab verməlidirlər. Proqrama gəlincə, S.Məmmədov dedi ki, burada ictimaiyyəti çoxdan narahat edən bir sıra məsələlər yer alıb. Məsələn, işsizliyin aradan qaldırılması ilə bağlı nəzərdə tutulan işlərin yeni mərhələyə qədəm qoyması nəzərdə tutulur: «İşsizliyin aradan qaldırılması ilə bağlı görülən işlərdə əsas prioriteti təhsilə yönəltmək lazımdır. çünki bu gün təhsilimizin səviyyəsi ümumi inkişafımızdan geri qalır. Təhsilimiz bir növ istehsalatdan ayrı düşüb. Bu problem tezliklə həll olunmalıdır.
Ədliyyə Nazirliyinin İnsan hüquqları şöbəsinin rəisi Faiq Qurbanov isə bildirdi ki, artıq proqramın icrası ilə bağlı konkret addımların atılmasına başlanılıb. Bununla bağlı Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib və xüsusi tədbirlər proqrammı hazırlanıb. Şöbə rəisi əlavə etdi ki, son illər Azərbaycanın məhkəmə sistemində bir sıra mütərəqqi islahatlar həyata keçirilib və qəbul olunan fəaliyyət proqrammı da bu islahatlara təkan verəcək.
İlham Quliyev