|
Həyat yoldaşı Sabir Hüseynovun hadisədə iştirakına inanmır
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Novruz Kərimovun sədrliyi ilə Qaradağ rayonundakı xəstəxanada baş verən partlayışla bağlı məhkəmə prosesi davam etdirilib. Məhkəmə qarşısında həkimin cibinə qumbara qoyan Sabir Hüseynov cavab verib. S.Hüseynova qarşı Cinayət Məcəlləsinin 29-cu (cinayət etməyə cəhd), 120.2.4-ci (ümumi təhlükəli üsulla adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəməyə şahid qismində ifadə verən təqsirləndirilənin S.Hüseynovun həyat yoldaşı Mehriban Hüseynova onun cinayət törətməsinə inanmadığını bildirib: "Mənim həkim Rəvayət Mütəllimovla heç bir ədavətim olmayıb. Ona görə də S.Hüseynovun həkimin otağına qumbara qoymasına inanmıram. Ona ifadəni imzalamağa zorla təhrik ediblər". Qeyd edək ki, hadisə ötən il noyabrın 25-də Bakının Lökbatan qəsəbəsində baş verib. Həmin ərazidə fəaliyyət göstərən 19 saylı Klinik Xəstəxananın növbətçi cərrahı Rəvayət Mütəllimovun otağında partlayış baş verib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov təqsirləndirilən şəxs qismində saxlanılıb. Məhkəmə prosesi dekabrın 14-də davam etdiriləcək.
|