Suriyanın sabiq vitse-prezidenti Böyük Britaniyanın baş nazirinə məktub yazıb
Suriya prezidenti Bəşər Əsədin atası Hafiz Əsəd dönəmində 21 il vitse-prezident postunu tutmuş Abdülhalim Haddam Böyük Britaniyanın baş naziri Devid Kemerona məktub yazıb. Abdülhalim Haddam Qərbin Suriyaya hərbi müdaxilə etməsini istəyib.
Qeyd edək ki, Abdülhalim Haddamın təşəbbüsü ilə Hafiz Əsədin ölümündən sonra 2000-ci ildə Bəşər Əsədin hakimiyyətə gəlməsinə əngəl yaradan yaş senzinin aradan qaldırılması üçün Konstitusiyada dəyişiklik edilib. Bəşər Əsədin hakimiyyətə gəlməsinin yolunu açan Abdülhalim Haddam 2005-ci ildə Fransaya qaçıb. Fransaya qaçmasından sonra Suriya hakimiyyəti tərəfindən vətən xaini elan olunan A.Haddam ərəb ölkələrində inqilablar başlayandan sonra ortaya çıxıb. Fransada 65 üzvü olan Suriya İnqilabına Dəstək Milli Komitəsi quran A.Haddam Bəşər Əsəd rejiminin devrilməsi üçün Qərbin hərbi müdaxiləsinin şərt olduğunu bəyan edir. O, Devid Kemerona yazdığı məktubda bildirib ki, B.Əsəd İran və Rusiyanın əlində oyuncaqdır.
Ərəb Birliyi müşahidəçilərinə tənqidlər artır
Suriyadakı Ərəb Birliyi müşahidə missiyası isə 5 şəhərdə aparılan araşdırmalardan sonra konkret nəticəyə gəlmədiyini açıqlayıb. Missiyanın bu açıqlaması sərt tənqidlərə səbəb olub. Ərəb Birliyinin Suriya komitəsinə sədrlik edən Qətərin baş naziri Həmid Bin Casim müşahidəçilərin bəzi səhvlərə yol verdiyini söyləyib və çarəni BMT-dən texniki yardım istəməkdə görüb. Suriya müxalifəti isə müşahidəçilərin verdiyi "ordu şəhərlərdən çəkildi" rəyinə etiraz edərək heyətin aldadıldığını bəyan edib.
Dəməşqin mərkəzində partlayış olub
Son məlumatlara görə, Suriyanın paytaxtı Dəməşqin mərkəzində partlayış olub. Şahidlər şəhər mərkəzindəki Meydan səmtində baş verən partlayışdan sonra xilasedicilərin bölgəyə getdiyini bildiriblər. Suriya dövlət televiziyası partlayışı "terrorçuların" törətdiyini iddia edib. Partlayışda ölənlərin olduğu bildirilir.
|