«Ayna-Zerkolo» qəzetinin baş redaktoru Elçin Şıxlı reklam verənlərin azalmasından narahatdır
Artıq 2011-ci il başa çatmaqdadır. İlin son iş həftəsində 12 ay ərzində yaşanan hadisələr, üzləşdiyimiz problemlər, əldə etdiyimiz uğurlar müzakirə mövzusuna çevrilib. Biz də cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslərdən başa çatmaqda olan ilin yekunları ilə bağlı fikirlərini öyrənirik. Bu dəfə suallarımızı Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna-Zerkolo» qəzetinin baş redaktoru Elçin Şıxlı oldu. Onunla söhbətimizdə mediamızın 2011-ci ildə keçdiyi yola nəzər saldıq.
- Elçin müəllim, 2011-ci il Azərbaycan üçün hansı önəmli hadisələrlə yadınızda qaldı?
- İl ərzində bir sıra önəmli hadisələr baş verdi. Beynəlxalq müstəvini götürsək Azərbaycan üçün ən önəmli hadisə təbii ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edərdim. Bundan əlavə mən, ölkəmizin «Evrovision» yarışmasında əldə etdiyi qalibiyyəti də vurğulayardım. Təəssüf ki, il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda ciddi nəticə əldə edə bilmədik. Bu kontekstdə bu il keçirilən möhtəşəm hərbi paradı da vurğulamaq istərdim. Sadalamağa davam etsəm, bir sıra önəmli nailiyyətlərimizi də vurğulaya bilərəm. Amma bununla belə, hələ görüləsi işlərimiz də çoxdur.
- Bəs media müstəvisində 2011-ci il hansı hadisələrlə yadda qaldı?
- Açığı, media ilə bağlı hər hansı bir diqqət çəkən hadisə yadıma düşmür. Yadıma düşən ölkə prezidentinin əfv fərmanı ilə 2 jurnalist həmkarımızın azadlığa çıxmasıdır. 2011-ci ildə biz jurnalistlər adi qaydada işlədik. Ümumilikdə götürəndə mediamızın inkişafı üçün hələ görüləsi çox işlər var. Təəssüf ki, keyfiyyətli və peşəkar medianın sayı azalmaqdadır. Biz cəmiyyətin jurnalistikaya olan inam və etibarının itməsini də müşahidə etməkdəyik. Əks tərəfdən söz azadlığı ilə bağlı da həllini gözləyən problemlərimiz mövcuddur.
- Bu il mediada peşəkarların çatışmazlığı ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində ürəkaçan addımlar ata bildikmi?
- Təəssüf ki, bu istiqamətdə ciddi nailiyyətlər əldə edə bilmədik. Bu bir faktdır ki, peşəkar jurnalistlərin sayı getdikcə azalır. Biz onları yavaş-yavaş itirik. Bunun nəticəsi olaraq qəzetlərin oxucularının da sayı azalmaqdadır. Ən pisi isə odur ki, qəzetlərə inananların sayı azalır. Biz qəzetlərimizdə yer alan müsbət tənqidin nəticə verməsini də, reaksiya doğurmasını da çox nadir hallarda görürük. Bu isə jurnalistikamızın inkişafı ilə bağlı nikbinliyə o qədər də əsas vermir.
- 2011-ci ildə reklam bazarında hansı dəyişikliklər müşahidə etdiniz?
- Bu il reklam bazarında çox böyük geriləmə müşahidə olundu. Bunun obyektiv və subyektiv səbəbləri var. Səbəblərdən biri odur ki, hazırda Azərbaycan bazarında iqtisadiyyatın təmərküzləşməsi gedir. Bu proses ümumilikdə normaldır. Amma təmərküzləşmə inhisara çevriləndə reklam bazarı daralır. Qəzetlərə reklam verən təbəqə həmişə cəmiyyətin kiçik və orta sahibkarlar təbəqəsi olur. Təmərküzləşmə prosesində isə bu təbəqə itirir. Biz əyani şəkildə görürük ki, bazarda reklam verənlərin sayı azalıb. Adətən inhisarçı şirkətlər reklam vermirlər. Azərbaycandakı tanınmış neft şirkətləri də reklama pul ayırmağa ehtiyac duymurlar. Real götürsək, bütün dünyada tanınan BP, EXON kimi şirkətlərin reklama nə ehtiyacları var axı? Onlar sadəcə vaxtaşırı işçi axtarışında olanda mətbuata müraciət edirlər. Bu dəqiqə reklam bazarında mövqelərini qoruyub saxlayan 3 mobil rabitə şirkətidir. Bir də Azərbaycanda rəsmi dilerləri olan avtomobil şirkətləri bu sahəyə pul ayırırlar. Mən bu sırada «Toyota», «Nissan» kimi şirkətləri göstərərdim. Bir də son vaxtlar reklam bazarındakı payını sürətlə itirən bank sektorunu qeyd edərdim. Halbuki bir müddət bundan öncə banklar reklam bazarında çox böyük yer tuturdular. Amma dünya bazarında baş verən qlobal maliyyə böhranı bu prosesin qarşısını aldı. Yaponiyada baş verən təbii fəlakət də reklam bazarına mənfi təsir etdi. Yuxarıda qeyd etdiyim kimi Azərbaycanda əsas reklam verən şirkətlərdən biri «Toyota» idi. Yaponiyada baş verən təbii fəlakətdən sonra bu şirkətin əsas zavodları istehsalı dayandırdılar. Onlar yalnız sentyabr ayından sonra işlərini canlandırmağa başlayıblar.
- Elçin müəllim, dövlət orqanlarının müəyyən elanlarının, məlumatlarının müstəqil qəzetlərdə ödənişli əsaslarla yerləşdirilməsi təklifi gündəmə gəlmişdi. Başa çatmaqda olan ildə bu istiqamətdə hər hansı addım atıldımı? Ümumiyyətlə, siz, bu ideyanı necə qiymətləndirirsiniz?
- Bu, ümumilikdə normal bir ideyadır. Amma hələlik ki, biz bu ideyanın reallaşdırılması istiqamətində konkret addım ata bilməmişik. Mətbuat Şurası bununla bağlı təkliflərlə çıxış edib. Onlar da bunu Türkiyə təcrübəsinə əsaslanaraq irəli sürüblər. İdeyanın məğzində bu durur ki, dövlət və ona yaxın qurumların reklam və elanları onların öz KİV-lərində deyil, müstəqil qəzetlərdə getsin. Bu işlə də yaradılacaq xüsusi agentlik məşğul olsun. Çünki bizdə bu reklam və elanlar elə dövlətin özünün qəzetlərində gedir. Nəzəri cəhətdən yanaşanda isə əslində bu ideya liberal iqtisadiyyatın tam ziddinədir. Amma nəzərə alsaq ki, dövlət qəzetlərinin oxucu auditoriyası dardır, liberal yanaşma ilə həmin elanları müstəqil qəzetlərdə yerləşdirmək məqsədəuyğun olardı. Yəni, reklam verənlər onun təsirinin artırılması baxımından bu ideyanı dəstəkləyə bilərlər. Bu əsasla biz də həmin təklifi dəstəkləyirik.
- İl ərzində jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, jurnalistlərin həmkarlar ittifaqlarının formalaşdırılması məsələsi də gündəmə gətirildi. Bu sahədə ciddi problemlərin olduğu göz qabağındadır.
- Əlbəttə ki, bu sahədə problemlər var. Jurnalistlərin sosial vəziyyəti gücləndirilməlidir. Amma mən düşünmürəm ki, jurnalistlərin həmkarlar təşkilatını yaradan kimi bu problemlər aradan qalxacaq. Bu təkcə jurnalistlərin deyil, ümumilikdə ölkənin problemidir. Bizdə müstəqil həmkarlar ittifaqlarının olmaması problem yaradır. Əgər jurnalistlərin həmkarlar təşkilatı onların hüquqlarını müdafiə edə bilməyəcəksə, onu heç yaratmağa ehtiyac yoxdur. Bu yaxınlarda bizim qəzetimiz neft sektoru ilə bağlı bir araşdırma aparmışdı. Xarici neft şirkətlərində, onlara yaxın strukturlarda bizim vətəndaşların heç bir əsası olmadan işdən azad olunması faktları var idi. Bu faktları araşdırarkən bizi neftçilərin həmkarlar ittifaqı təşkilatına ünvanladılar. Biz ora müraciət etdik və bizə dedilər ki, onlara mətbuatla danışmağı qadağa qoyulub. Məncə, jurnalistlərin həmkarlar təşkilatı da belə olacaqsa, ona heç ehtiyac yoxdur. Digər tərəfdən, bu gün Azərbaycan jurnalistlərinin həmkarlar təşkilatı var. Amma bu təşkilat kiçikdir və imkanları zəifdir. Həmkarlar İttifaqları Konfederasiyasında da jurnalistləri mədəniyyət işçiləri qrupu üzrə qəbul edirlər. Buraya üzv olanlar həmkarların xətti ilə güzəştli müalicə və istirahət üçün putyovkalar götürə bilirlər. Amma bu sahədə də problemlər var. Əgər mədəniyyət sahəsinin ən aşağı statuslu bir işçisi həmin putyovkadan imtina edərsə, jurnalistlər onu götürə bilərlər. Jurnalistlərə müstəqil təbəqə kimi həmkarlar təşkilatlarında qəbul etsələr, bu şanslar arta bilər. Əsas problem jurnalistlərin əmək haqlarının aşağı olmasıdır. Bu həmkarlar təşkilatlarına ödəmələrin də az olmasına səbəb olur. Hələlik jurnalistlərimiz özlərinin həmkarlar təşkilatını yaşatmaq iqtidarında deyillər.
İlham QULİYEV