İran müxalifəti hakimiyyətə damdan gəlmək istəyir
Dünən İranda Amerika səfirliyinə hücum zamanı ölən tələbələrin xatirəsinə həsr olunan mitinq keçirilib. BBC-nin yaydığı xəbərə görə, hər il dekabrın 7-i İranda Milli Tələbə Günü kimi qeyd olunur. Hökumət də bu dəfəki aksiyaya prezident seçkilərinin nəticələrindən narazı olan müxalifət tərəfdarlarının qoşulacağından ehtiyat edərək, onun keçirilməsinə icazə verməyib. Hüquq mühafizə qüvvələri səhər saat 6-dan Tehran Universitetini mühasirəyə alıb. Müxtəlif dəyənək, gözyaşardıcı qaz və silahla yaraqlanan yüzlərlə polis və mülki geyimli hökumət məmurları Tehran Universitetini dörd bir yandan, o cümlədən təhsil ocağının əsas giriş qapısını nəzarətə götürüb. Lakin tələbələr aksiyanı keçirməyə müvəffəq olublar. Maraqlıdır ki, tələbələrin nümayiş keçirməyə hazırlaşdığı bir vaxtda ölkədə internet və mobil telefon xidmətləri yavaşıyıb və yaxud ümumiyyətlə, kəsilib.
Tehran və İranın müxtəlif şəhərlərindəki mənbələr bildirir ki, hökumət orqanları fəalların bir-birlərinə mesay göndərmələrinin qarşısını almaq üçün rabitəni bilərəkdən pozub. Hökumət habelə xarici yurnalistlərə dekabrın 7-dən 9-dək ölkədə baş verəcək hadisələri işıqlandırmağı qadağan edib. Dissident baxışlarına görə tanınan sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani hökuməti konstruktiv tənqidi susdurduğuna görə tənqid edib, eyni zamanda müxalifətçiləri öz etirazlarını qanun çərçivəsində bəyan etməyə səsləyib. Onu da qeyd edək ki, hökumətə etiraz edənlər ötən axşam evlərinin damına çıxaraq hökumətə qarşı şüarlar səsləndiriblər. "Allahu-əkbər", "Diktatora ölüm", "Çevriliş hökuməti - istefa, istefa", "Tələbə, tələbə, dəstəkləyirik səni" şüarları səsləndirən paytaxt sakinləri əhalini dekabrın 7-də keçiriləcək tələbə aksiyalarına qatılmağa çağırıblar. Şüar aksiyasının iki saat çəkdiyi bildirilir. Müxalifət liderlərindən Mirhüseyn Musəvi isə tələbə etirazlarını dəstəklədiyini elan edib və bildirib ki, onun hərəkatı hələ də davam edir.
|