Vaqif Sadıqovun Mahaçqaladakı taleyi qeyri-müəyyəndir
Rusiyanın “Anji” klubunun yeni baş məşqçisinin adına nəhayət, tam aydınlıq gəlib. Mahaçqala təmsilçisinin “sükanı arxası”na Avropa səviyyəli tanınmış mütəxəssislərdən birini gətirəcəyi haqda çox deyilsə də, rəhbərlik sonda yerli mütəxəssisə üstünlük verib. Bu, Yuri Krasnojan olub. Klubun Direktorlar Şurasında 48 yaşlı rusiyalı mütəxəssisi bu posta təyin edilməyi ilə bağlı qərar çıxarılıb.
Mahaçqala təmsilçisinin 5 illik müqavilə imzaladığı Krasnojan Nalçik “Spartak”ında uzun illər çalışdırmağı (1993-2010) ilə tanınır. O, bu ilin yanvarında Moskva “Lokomotiv”inin baş məşqçisi təyin edilsə də, iyulda istefaya göndərildi. Bundan sonra Rusiyanın ikinci yığmasına rəhbərlik edən Krasnojan “Anji”nin rəhbərliyinin razılığına əsasən 2 yerdə çalışacaq.
Səbəbkar isə klubun rəsmi internet səhifəsinə ilk müsahibəsində bunları deyib: "Anji" hazırda təkcə Rusiyada yox, həm də bütün dünyada diqqət mərkəzində olan populyar klublar sırasındadır. Belə komandada fəaliyyət göstərmək həm məsuliyyətli, həm şərəfli, həm də çox çətindir. Amma Mahaçqalada işləməyi özüm üçün çox maraqlı hesab etdiyimə görə təklifi qəbul etdim. Çoxları "Anji"ni Roberto Karlos və Eto`Onun komandası kimi tanıyır. Amma bu komanda təkcə Roberto ilə Samueldən ibarət deyil. Sərəncamımda Jirkov, Bussufa, Axmedov, Cucak və Dağıstan futbolunun yetirməsi olan bir sıra istedadlı oyunçular olacaq. Mən sonuncularla Rusiyanın ikinci millisindəki fəaliyyətim ərzində çox yaxşı tanış olmuşam. Odu ki, bu baxımdan hər hansı çətinliklə üzləşməyəcəm".
Qeyd edək ki, “Anji”nin məşqçilərindən biri bu ilin yanvarından orada işləyən milli komandamızın çalışdırıcısı Vaqif Sadıqovdur.
“Komandamız hazırlıq məqsədilə yanvarın 8-də bir araya gələcək. 2 gün sonra Dubayda təlim-məşq toplanışı başlayacaq ki, mən də Bakıdan birbaşa ora getməyi planlaşdırırdım. Ancaq artıq yeni baş məşqçimiz təyin olunduğundan, Mahaçqalaya yollanacağam”. Bu fikirləri isə apasport.az saytına açıqlamasında Vaqif Sadıqov deyib.
52 yaşlı məşqçimizin sözlərinə görə, bu təyinat onun üçün gözlənilməz olmayıb: “Krasnojanın komandamıza baş məşqçi təyin edilməyi mənim üçün təəccüblü deyil. Klub üstün tutduğu futbol fəlsəfəsini ortaya qoydu. “Anji” baş məşqçi postunu Rusiyanın ən istedadlı mütəxəssislərindən birinə tapşırdı. Təsadüfi deyil ki, Krasnojanla 5 illik müqavilə imzalandı. Bu, o deməkdir ki, Mahaçqala təmsilçisi onun rəhbərliyi altında uzun müddət ərzində böyük işlər görməyi qarşısına məqsəd qoyub. Yeni baş məşqçi ilə Rusiyada görüşmüşük, qiyabi tanışlığımız var. Ancaq yaxın münasibətimiz yoxdur”.
İndi futbolsevərlərimizi Sadıqovun “Anji”də gələcək taleyi maraqlandırır. Hər halda, yeni baş məşqçi köməkçilərini yanına gətirib, əvvəlkilərlə vidalaşmağı futbolda normal hal sayılır. Krasnojan “Anji”də çalışanlarla tanış olduqdan sonra məşqçilər korpusunu müəyyənləşdirmək fikrindədir.
Maraqlıdır, Sadıqov komandada gələcək taleyini necə görür? “Mənim “Anji” ilə cari mövsümün sonuna kimi müqaviləm var. Necə olacağını indidən deyə bilmərəm. Komandamıza yeni fikirli baş məşqçi gəlib. Krasnojanın mənimlə çalışıb-çalışmayacağını zaman göstərəcək. “Anji”də keçirdiyim 1 il həyatımda ən xoşbəxt illərdəndir. Bu müddətdə komanda mənə çox yaxın oldu. Əslində, “Anji” 1999-cu ildə orda işlədiyim vaxtdan mənə yaxın idi. Sadəcə, bu 1 ildə mənə daha da doğmalaşdı. Hacıyevin gedişindən sonra komandamız ağır vəziyyətdə olmasına baxmayaraq məqsədinə çatdı, ilk “8-liy”ə düşdü. Cari mövsümdə ən azı avrokuboklar sırasına düşmək şansımız böyükdür. Hesab edirəm ki, “Anji”dəki futbol həyatım gələcəkdə mənə xeyirli olacaq”.
Sadıqov Roberto Karlos, Samuel Eto’O kimi dünya səviyyəli ulduz futbolçuların məşqçisi olan ilk azərbaycanlı kimi tarixə düşdü. Hər halda, belə məşhur oyunçuları hazırlamaq, Hacıyev cəzalı olan vaxtda onları baş məşqçi əvəzi kimi meydana çıxarmaq hər adama nəsib olmur: “Anji”nin ulduzları işbirliyimizdə özlərini əsl peşəkar kimi aparırdılar. Onlarla çalışmağım Azərbaycan futbol ölkəsi baxımından o qədər də geri qalmadığını göstərir. Roberto Karlos, Samuel Eto’O, “Çelsi”dən transfer etdiyimiz Yuri Jirkov kimi tanınmış oyunçular mənə çox böyük hörmətlə yanaşırdılar. Bu, mənim üçün böyük şərəfdir və belə münasibətlə qürur hissi keçirirəm. Klub rəhbərliyindən özümə qarşı böyük hörmət görmüşəm ki, bunlar məni sevindirir”.