Araz Əzimov: "Ümid edirik ki, Ərdoğan Vaşinqtondan Dağlıq Qarbağ münaqişəsinin həllində ciddi addımlar tələb edəcək"
Dünən Bakıda Azərbaycan-NATO beynəlxalq məktəbinin qış sessiyası başlayıb. Kiber-təhlükəsizliyə həsr olunan tədbirə dünyanın 16 ölkəsindən tələbələr və mütəxəssislər qatılıb. Tədbirdə iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib ki, Azərbaycan artıq növbəti Fərdi Tərəfdaşlıq proqramı üzrə (İPAP) NATO ilə üçüncü ikillik əməkdaşlıq mərhələsinə hazırlaşır. Diplomatın sözlərinə görə, İPAP çərçivəsində nəzərdə tutulan islahatlardan biri Müdafə Nazirliyində bir sıra rəhbər vəzifələrə mülki şəxslərin təyin olunmasıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən sessiya dekabrın 13-dək davam edəcək.
A.Əzimov bildirib ki, Azərbaycan NATO ilə imzalanan Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Palanının (İPAP) növbəti iki illik mərhələsinə başlamağa hazırlaşır. Onun sözlərinə görə, bu, İPAP-ın 3-cü ikiillik mərhələsidir. Nazir müavini gələn ilin mart-aprel aylarında İPAP çərçivəsində görülən işlərin əvvəlcə Azərbaycanın ayrı-ayrı hökumət strukturlarında, daha sonra NATO tərəfindən dəyərləndirilməsinin aparılacağını deyib. A.Əzimov bildirib ki, İPAP çərçivəsində nəzərdə tutulan planlar 99 faiz icra olunur. Onun sözlərinə görə, növbəti ikiillik mərhələnin 2010-cu ilin iyun ayında başlaması gözlənilir.
Bununla bağlı aprel-iyin ayları ərəfəsində Azərbaycan hökuməti və NATO tərəfindən ikiillik plan təsdiq olunacaq. Nazir müavini İPAP çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklər arasında müdafiə nazirinin mülki şəxs olması barədə öhdəliyin olduğunu da qeyd edib: "Buna qədər isə Müdafiə Nazirliyində struktur islahatları aparılır. İslahatlar nəticəsində nazirliyin bəzi strukturlarının rəhbərləri mülki şəxslər təyin olunacaqlar". Qeyd edək ki, Azərbaycanla NATO arasında imzalanan İPAP-ın icrasına 2005-ci ilin aprel aylarında başlanıb. İPAP-ın birinci mərhələsi 2005-ci ilin aprel ayından 2008-ci ilin yanvarın 1-dək, ikinci mərhələsi isə həmin tarixdən 2010-cu ilin yanvarın 1-dək olan dövrü əhatə edir.
Daha sonra yurnalistlərin suallarını cavablandıran nazir müavini ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın zamanlarda regiona edəcəkləri səfərə toxunub. O, həmsədrlərin səfər çərçivəsində rəsmi Bakı və Yerevana Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni təkliflər verə biləcəklərini deyib: "Yaxın zamanlarda həmsədrlər regiona gələcəklər. Ola bilər ki, onlar bizə yeni təkliflər versinlər". Onun sözlərinə görə, bu təkliflərin işlənib hazırlanması Azərbaycan və Ermənistan prezidentlərinin görüşü əsasında olacaq və bu, münaqişənin həll edilməsi yönündə irəliləyişə sübut hesab edilə bilər. Nazir müavini əlavə edib ki, Azərbaycan danışıqlar prosesində nəticə əldə edilməsinə çalışır və erməni tərəfinin danışıqlar prosesini uzatmasına qarşı çıxır. Araz Əzimov həmsədrlərin konkret hansı təkliflər gətirə biləcəyi ilə bağlı sualı belə cavablandırıb: "Atılan addımlar aydındır, amma bu addımların ardıcıllığı prinsipi var. Öz yurd-yuvalarından qovulmuş əhali doğma evlərinə qayıtmalı, kommunikasiyalar bərpa olunmalı, torpaqlar işğaldan azad edilməlidir. Əhali öz evlərinə qayıtmayınca, əməkdaşlıq qurula bilməz. Əməkdaşlıq olmasa, sülh ola bilməz. Sülh olmayınca isə heç bir status məsələsi müzakirə oluna bilməz".
Rəsmi Bakı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfərinə də böyük önəm verir. "Ümid edirik ki, Ərdoğan Türkiyənin və Azərbaycanın milli maraqlarını, həmçinin regionda ümumi maraqlardan çıxış edərək, Vaşinqtondan Dağlıq Qarbağ münaqişəsinin həllində ciddi addımlar tələb edəcək. Yəqin ki, Vaşinqtonda Türkiyə-Ermənistan münasibətləri də müzakirə ediləcək. Amma biz bu məsələnin Türkiyənin baş naziri və prezidentinin də dəfələrlə dediyi kimi, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsindən sonra həll ediləcəyini düşünürük. Biz Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyini dəyişdirməsi üçün heç bir səbəb görümürük" - deyə A.Əzimov bildirib. Onun sözlərinə görə, Türkiyə 1991-ci ildən regionda əsas rollardan birini oynayır: "Son zamanlar görünür ki, Türkiyə öz siyasətini davam etdirmək üçün yeni resurslardan istifadə etməyə çalışır. Lakin bu məntəqədə son 18-20 il ərzində baş verənlər nəticəsində Azərbaycanın da mövqeləri möhkəmlənib. Azərbaycan regionda aparıcı ölkə, həm də Türkiyənin yaxın tərəfdaşı kimi inkişaf edir. Türkiyə ilə tərəfdaşlıq nəticəsində əldə edilən nailiyyətlərin Vaşinqton tərəfindən nəzərə alınmasını, həmçinin Türkiyə baş naziri tərəfindən Vaşinqtonda dəqiq formada çatdırılacağına ümidvar olmaq istəyirik. Biz hesab edirik ki, Rəcəb Tayyib Ərdoğan Amerikada həm Türkiyənin, həm də Azərbaycanın milli maraqlarını nəzərə alacaq".
Azər NURİYEV