Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Öz seriallarımızın keyfiyyəti artarsa...
Ekspertlər hesab edirlər ki, bizim teleseriallar xarici seriallarla rəqabətdə olmalıdır

“Azərbaycan ərazisində xarici teleserialların yayımı 2012-ci il may ayının 1-dən dayandırılacaq”. Bu qərarı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ötən həftə  keçirilən iclasda açıqlayıb. Qərarın qəbul edilməsinin gənc nəslin mili şüurunun, tərbiyəsinin yüksəldilməsi məqsədi daşıdığı bildirilib. “Bizim gənc nəsil xarici seriallar ruhunda tərbiyə olunmamalıdır. Bu gün Azərbaycanda insanlar istədikləri dildə kabel TV, çanaq antena və internetdən müxtəlif seriallara baxa bilərlər. Bizim qərar milli teleyayımçılara aiddir".

MTRŞ sədrinin fikrincə, Azərbaycan tamaşaçıları üçün xarici teleserialların nümayiş edilməsi düzgün deyil. Belə ki, nümayiş olunan seriallar, televiziya filmləri tərbiyəvi xarakterdə, milli-mənəvi ruhda olmalıdır: “İnsanlara, xüsusilə də uşaqlara mənəvi-psixoloji baxımdan yalnız xarici teleseriallar deyil, daxili seriallar da təsir göstərə bilər. Xarici teleseriallardakı mövzu orada da göstərilə və uşaq da bundan psixoloji baxımdan təsirlənə bilər. Sadəcə, xarici teleserialların Azərbaycan tamaşaçıları üçün doğru olmadığı qənaətindəyəm. Bunun əsas səbəbi həmin ölkələrin ailə-məişət məsələlərinin Azərbaycanın ailə-məişət məsələlərindən fərqlənməsidir. Mən həmin ölkələrdəki insanların dünyagörüşünün tamamilə fərqli olması fikrindəyəm. Yəni həmin serialların təsiri altında Azərbaycan tamaşaçıları həm məişət, həm də dünyagörüşü baxımından doğru olmayan, milli-mənəvi dəyərlərimizdən uzaq ruhda tərbiyə alırlar. Buna görə də bu serialların həddindən artıq baş alıb getməsinin tərəfdarı deyiləm”. Şura sədri Azərbaycanda istehsal edilən kinoların sayı artana qədər xarici serialların insanlara göstərdiyi mənəvi-psixoloji təsirlərin azaldılması yönündə görüləcək tədbirlərdən danışaraq bildirib ki, ölkə prezidentinin bu il Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında verdiyi sərəncam əsasında Azərbaycanda kino arxivi genişlənəcək. «Biz çalışırıq ki, kinoların sayı artana qədər televiziya kanalları xarici serialların efirdə göstərilməsinə minimum yanaşsınlar. Yəni çalışsınlar ki, bu seriallar azlıq təşkil etsin. Buna görə də yalnız yerli bədii filmlər deyil, sənədli filmlər, tamaşalar, şou xarakterli, amma intellektual verilişlər də hazırlana bilər».



Gec-tez olmalı idi


Əslində, çoxdan müzakirə olunan və gözlənilən məsələ ətrafında fikirlər də birmənalı deyil. Teleyayımçılar qərarı dəstəkləyirsə, ayrı-ayrı ekspertlərin fikirləri haçalanır.


“Space” teleşirkətinin icraçı direktoru Kamil Şahverdiyev bu qərara müsbət yanaşdığını söyləyərək milli serialların çəkilişinə böyük miqdarda dövlət vəsaiti  ayrıldığını bildirib. K. Şahverdiyevin fikrincə, MTRŞ-nın qərarı yerli istehsalı inkişaf etdirməyə stimul verəcək. “Düşünürəm ki, öz seriallarımızın keyfiyyəti artdıqca tamaşaçıların onlara marağı da artacaq”.


ANS Şirkətlər Qrupu prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov isə deyib ki, belə bir qərar gec-tez verilməliydi: “Xarici kanalların əksəriyyətində ancaq yerli seriallar təqdim olunur. Elə qonşu Türkiyəni götürək. Bəyəm onlar Venesuela və ya Meksika serialları göstərirlər? Xeyr, hamısı öz seriallarıdır. Çox yaxşı da uğurlar əldə ediblər. Biz də çalışacağıq ki, milli seriallarımızın sayını artıraq və tamaşaçılara keyfiyyətli iş təqdim edək”.



Rəqabət lazımdır


Ancaq teleyayımçılara xarici ölkə istehsalı olan teleserialları yaymağı qadağa edən qərarı yayım proqramları üzərinə senzura qoyulması kimi dəyərləndirənlər də var. Məsələn, Peşəkar Kinorejissorlar Gildiyasının katibi Hüseyn Mehdiyev MTRŞ-nin qərarını hüquqi baxımdan düzgün hesab etmir: “Bu telekanalların proqram siyasətinə qarışmaq deməkdir. Hansı ki, MTRŞ-nin belə bir səlahiyyəti yoxdur. Bu gün dünyada minlərlə teleserial çəkilir. Həmin teleserialların arasında seçim çoxdur. İstənilən mövzulu seriallar var. Bu yolla milli teleserialların keyfiyyətini və baxımlılığını artırmaq mümkün deyil”. H.Mehdiyevin fikrincə, bizim teleseriallar xarici seriallarla rəqabətdə olmalıdır: «Bilməlidirlər ki, onların telekanallarda nümayiş olunacaq filmləri xaricdə istehsal olunan əsərlərlə müqayisədə tamaşaçı tərəfindən baxılacaq. Onun keyfiyyəti, yaradıcılığı, mövzusu, baxımlılığı da nisbətdə ölçüləcək. Bundan məhrum etmək isə inkişafın qarşısını almaq deməkdir». 


Kinorejissor Əlisa Cabbarov MTRŞ-nin qərarını iqtisadiyyatın menecment üsulu kimi dəyərləndirib: «Bu, effektli qadağa deyil. Bunun effekti az olsa da, bununla belə, hər hansı effekt olacaq». Kinorejissor hesab edir ki,  bu qadağa teleserialların nümayişində kəmiyyət göstəricisi əldə edəcək. Belə ki, Azərbaycan telekanallarında nümayiş olunacaq milli teleserialların sayı artacaq: «Ancaq bu, keyfiyyətə çevrilməyəcək. Keyfiyyətə çevrilməsi üçün isə başqa tədbirlər görmək lazımdır». Ə.Cabbarovun fikrincə, MTRŞ-nin qərarı yalnız Azərbaycan telekanallarına və auditoriyasına aiddir. Xalq isə əsasən Türkiyə və Rusiya telekanallarına, çanaq antennası və kabel televiziyaları vasitəsilə baxırlar: «Azərbaycan kanalları heç də ən reytinqli serialları nümayiş etdirmir. Bu gün telekanallarda yayımlanan serialların heç biri ən reytinqlisi deyil. Bu baxımdan nəticənin əhəmiyyətli olacağına inanmıram. Bu, yalnız kəmiyyət dəyişikliyinə gətirib çıxara bilər». Kinorejissor hesab edir ki, milli serial bumu yaratmaq üçün ilk növbədə rəqabət yarada biləcək tədbirlər görmək lazımdır. Belə ki, milli teleserial istehsal etməkdə maraq və rəqabət olmalıdır: “ Yəni insanların marağını zəbt etmək uğrunda mübarizə başlansın. Biz artıq tamaşaçı nöqteyi-nəzərindən xarici teleseriallara uduzmuşuq. Yaxın 3 telemövsümdə xarici teleseriallara, xüsusən Türkiyə teleseriallarına qalib gəlmək şansımız yoxdur. Yalnız bu müddətdən sonra biz onlarla rəqabətə girə bilərik. Hələlik birinci, ikinci mövsüm serialların istehsalı elə də böyük effekt verməyəcək. Seçilən layihələr və hansı istehsalat şirkətlərinə həvalə olunması barədə müəyyən məlumatım var. Fikrimcə, hələlik təsadüfllük və insan faktoru daha vacib rol oynayır, nəinki peşəkar amillər. Hesab edirəm ki,  MTRŞ və telekanallar  kinorejissorları muzdlu şəkildə ekspert qismində cəlb etməlidirlər”. Ə.Cabbarovun fikrincə, milli kinonun və milli serialların bumu piratçılıqla mübarizədən keçir: «Mən MTRŞ-nın milli serialların istehsalını artırmaq əzmini dəstəkləyirəm. Amma məsələnin digər tərəfi də var: pirat məhsullar bütün telekanallarda olduğu halda heç bir milli kino və ya milli serial bumundan danışmaq olmaz. Çünki həmişə piratlar üstünlük təşkil edəcək və inkişafın qarşısını alacaqlar».



Məcburi addımlar atılmalıdır


Kinoşünas Aydın Kazımzadə hesab edir ki, xarici teleserialların yayımına bütövlükdə qadağa düzgün deyil. Belə ki, Azərbaycanda serial ənənəsi hələ formalaşmayıb. Bu baxımdan, bizim ekranlarda xarici filmlər göstərilməlidir ki, rəqabət yaransın və bizimkilər daha yaxşı ssenarilər yazsınlar, filmlər çəksinlər. A.Kazımzadə daha çox telekanallarda yayımlanan serialların mövzusuna, milli mentalitetimizə uyğun olub-olmamasına MTRŞ-nın nəzarət etməsinin tərəfdarıdır. “Mən inanmıram ki, insanlar başqa ölkələrdə istehsal olunan teleseriallardan birdəfəlik əl şəksinlər. Məsələn Rusiyanın çox gözəl teleserialları var. İnsanlar bu cür filmlərə də baxmalıdırlar”. Kinoşünasın fikrincə, yaxşı məhsul əldə etmək üçün milli teleserialların çəkilişini tanış-bilişə yox, peşəkarlara həvalə etmək lazımdır. “Tamaşaçının zövqünü çox korlayıblar. Hazırda telekanallarımızda yayımlanan milli seriallar bərbad haldadır.  Peşəkarlıqdan uzaq çəkilib, aktyor oyunu yoxdur, zövqsüz çəkilən səhnələrlə zəngindir”. 


Kinorejissor Tahir Əliyevin də fikri həmkarlarının fikirlərindən o qədər fərqlənmir.  T.Əliyev hesab edir ki, televiziyanın əhatəsi və informasiya texnologiyaları o qədər genişdir ki, məcburən heç nəyi tamaşaçının əlindən almaq olmaz. “İnsanlar rəqəmsal kabel televiziyaları, canaq antennaları və s. xidmətdən istədikləri qədər yararlana bilirlər. Həmin telekanallarda göstərilən istənilən bir serialı tamaşaçı artıq özü üçün «oğurlayıb». T.Əliyev hesab edir ki, dövlət başçısı milli telefilm və serialların çəkilişi ilə bağlı sərəncamının yerinə yetirilməsi və buna dəstək olunması üçün MTRŞ-nın atdığı addım müsbət və düzgündür. Bununla belə, qurumun qərarı Azərbaycan tamaşaçısını hər hansı Azərbaycan filminə baxmağa məcbur edə bilməz: “Əslində, bu proses bizdə baş verməlidir. Əgər İspaniyada hər hansı bir futbolçunun qiyməti 100 milyondursa, Azərbaycan futbolunun illik büdcəsi heç o qədər deyil. Buna baxmayaraq, biz də öz içərimizdə çempionat keçirməliyik. Bu baxımdan, məcburi addımlar atılmalıdır. Filmlər çəkilməlidir. Ancaq tamaşaçını həmin filmlərə baxmağa məcbur etmək mümkün deyil. Bunu həm MTRŞ, həm də filmi istehsal edən şirkət bilməlidir”.



Tamaşaçı həmişə haqlıdır


Qeyd edək ki, MTRŞ-nın milli serialların çəkilişi üçün telekanallara ayırdığı vəsait artıq ünvanına çatıb. Kanallarda bu istiqamətdə işlərə başlanıb. Tamaşaçı isə bütün hallarda yaxşı məhsul gözləyir. Verilən qərarlardan asılı olmayaraq, tamaşaçının illərdən bəri formalaşan zövqü var. Yetər ki, telekanallar baxımlı məhsul təqdim etsinlər. Onda tamaşaçı nə çanaq antenasına, nə də kabel televiziyasının arxasınca qaçar. Əlbəttə, ona istədiyini versələr...


Təranə Məhərrəmova
+  -  Çap 
Yerləşdirilib: 27.12.11 | Baxılıb: 89

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •