Səfir Məhəmməd Bagir Bəhrami: "Onlar öz maraqlarını güdürlər"
Dünən İran İslam Respublikasının ölkəmizdəki səfiri Məhəmməd Bagir Bəhrami mətbuat konfransı keçirib. İran hökumətinin Azərbaycanla viza reyimini birtərəfli qaydada ləğv etməsinə həsr olunan mətbuat konfransında səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin əvvəlində İrana səfəri zamanı imzalanmış sənədlərdən birində hər iki ölkə vətəndaşlarının bir ölkədən digərinə gediş-gəlişini təşviq etmək və bu prosesi asanlaşdırmaq nəzərdə tutulub: "Azərbaycanla İran müştərək mədəniyyətə, tarixə, dinə, 770 kilometr ümumi sərhədə malikdir. Sərhəd ərazilərində yaxın qohumlar yaşayır, bizim sərhəd şəhərlərimizin dili Azərbaycan dilidir. Bu insanların yüz faiz haqqı var ki, bir-birinin evinə sərbəst şəkildə qonaq gedə bilsin". M.B.Bəhrami bu ilin 9 ayı ərzində Azərbaycandan İrana 35 min nəfərin səfər etdiyini deyib. O, İranın Türkiyə ilə də viza reyimini ləğv etdiyini söyləyib.
"Ümid edirik ki, Azərbaycan tərəfi də öz növbəsində İran vətəndaşlarının Azərbaycana səfər etmələri üçün vizanın ləğvi barədə qərar qəbul edəcək" - deyə M.B.Bəhrəmi yurnalistlərə bildirib. Onun sözlərinə görə, 2010-cu il yanvarın 1-dən Azərbaycan vətəndaşları İrana vizasız gedə və orada 1 ay qala bilər. "Zərurət yaranarsa, Azərbaycan vətəndaşı bir ay keçəndən sonra vətənə qayıda, sonradan yenə də İrana gedə bilər" - deyə səfir vurğulayıb.
O qeyd edib ki, əgər bu təcrübə müsbət nəticə verərsə, İran hökuməti ölkədə qalma müddətinin 3 ayadək uzadılması barədə qərar qəbul etməyi planlaşdırır. Səfir onu da qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə iranlı həmkarının dəvəti ilə qonşu ölkəyə səfər edəcək. Danışıqlarda Azərbaycan və İran arasındakı ikitərəfli və regional münasibətlərin perspektivləri müzakirə olunacaq.
Mətbuat konfransında hüquq müdafiəçisi Çingiz Qənizadənin İrana getmək üçün viza ala bilməməsi ilə bağlı sualı cavablandıran M.B.Bəhrami qeyd edib ki, Ç.Qənizadə ilə görüşüb, amma sonra qəzetlərdə yanlış məlumatlarla dolu yazılar görüb: "Çingiz Qənizadə də həmin yazıları təkzib edib". Diplomat bəyan edib ki, istənilən Azərbaycan vətəndaşının İrana səfər etməsində hər hansı problem yoxdur: "Bəzən səfər etmək istəyən şəxs bildirir ki, ölkə prezidenti, yaxud hansısa məhbusla görüşmək istəyir. Bu halda beynəlxalq əlaqələrdə mövcud olan prinsiplər əldə tutulur". İran səfiri ölkəsinin xüsusi xidmət orqanları tərəfindən həbs edilmiş Azərbaycan alimi Rəşid Əliyevin taleyi ilə də bağlı sualı cavablandırıb. O, həbsin səbəbi ilə bağlı şərh verməkdən imtina edib və yalnız qeyd edib ki, "Azərbaycan alimi sağ-salamatdır. Ailə üzvləri ilə telefon əlaqəsi saxlayır".
Xəzərin hüquqi statusunun müəyyən olunması haqda danışıqlara münasibət bildirən M.B.Bəhrami bəyan edib ki, imzalanması nəzərdə tutulan konvensiyanın 70 faizi razılaşdırılıb, qalan 30 faizin də razılaşdırılması üçün 5 ölkə ciddi çalışır.
Dağlıq Qarabağ münaqişəsinə də yer ayıran iranlı diplomat ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyi qənaətində olduğunu söyləyib: "Minsk qrupu nəticənin əldə olunmasını istəmir, onlar öz maraqlarını güdürlər". Diplomatın fikrincə, regionda mövcud parçalanma orada yaşayan insanlara zərər vurur. "Qarabağ məsələsi regionun parçalanmasına və zəifləməsinə səbəb olub. İran istəyir ki, bu münaqişə dinc yolla və Azərbaycanın xeyrinə həll olunsun. İran hər zaman işğalı pisləyib. Heç bir işğalçı işğal etdiyi torpaqda həmişəlik qala bilməz. Tarix bunu sübut edir. İran torpaqlarının işğalından sonra Səddam Hüseynin taleyinin necə olduğunu bilirsiniz" - deyə səfir vurğulayıb. O hesab edir ki, Dağlıq Qarabağ azad edildikdən sonra region inkişaf edəcək. "İran hər zaman buna tərəfdar olub. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, bütün regionda əmin-amanlıq bərqərar olunar. Bu problem kənar dövlətlərin yox, region ölkələrinin iştirakı ilə həll olunmalıdır" - deyə o qeyd edib. Səfir hesab edir ki, erməni işğalçı qoşunlarının Azərbaycandan çıxarılması Ermənistanın özünün də xeyrinədir.
Azər NURİYEV