Qafqazda əməkar mədəniyyət işçisi olan yeganə çəkməçi: “Sənətin böyük-kiçiyi yoxdur. Bu gün kiçik sənətlər unudulsa, sabah da böyük sənətlər unudulacaq”
“Əli dayı dəryadı ey, bir ondan da yaz”. Bu sözləri televiziyada işləyən həmkar dostlarımdan biri dedi mənə. Fikirləşdim ki, od olmayan yerdən tüsü çıxmaz, əlbət bir şey bilir ki, mənə də məsləhət görür. Odur ki, Əli dayının əlaqə məlumatlarını alıb, gedirəm onunla görüşə...
Sizi onunla tanışdırmazdan əvvəl Bəxtiyar Vahabzadənin hələ 1980-ci ildə Əli dayı haqda yazdığı şeirə diqqət edək:
Nəcabət saçılır söz-söhbətindən,
Eşqi–xeyirxahlıq
Qəsdi–məhəbbət
Çəkməçi Əlinin tanrısı Vətən
Dostu sənətkarlar, mehrabı sənət.
Qeyrət seli axır damarlarından,
Soyuqqanlıları o, düşmən sanır
Çəkməçi köşkünün divarlarından
Nizami boylanır, Sabir boylanır
“Şeir xəzinəsi onun sinəsi, O, qəzəl öyrədir qəzəlxanlara” - deyən B.Vahabzadənin yuxarıdakı şeirindən Əli dayının hansı sənətə xidmət etdiyini hər halda öyrəndiz. Bəli, Əhmədov Əli çəkməçidir, amma onu tanıdıqdan sonra əminlikdə demək olar ki, bu kişi çəkməçidən çox elm dəryasıdır. Ona görə ki, onun hər sözü, hər cümləsi bir kəlamdır, hər sözündən dahilərin, şəxsiyyətlərin müdrik sözləri tökülür. Emalatxanaya daxil olduqda, orada ayaqqabı kataloqunun tən yarısı qədər də kitab rəfinə rast gəlirsən. Və məndə belə bir fikir formalaşdı – əcəba, bura kitabxanadır, ya pinəçi?!
Sənətkar bizi “xoşgəldin”lə qarşlayır. Beləcə, başlayırıq dahi usta ilə şirin-şəkər söhbətə. Ona görə şirin dedim ki, o, 1933-cü ildə Şəkidə anadan olub, dili şirindir. Ona görə şəkər dedim ki, hər sözündən hikmət tökülür. Düz 60 ildir ki, bu sənətlə məşğuldur. Atası 1937-ci ilin represiyya qurbanı olub. 1952-ci ildə ailəliklə Bakıya köçüb. 53 ildir ki, Flarmoniyada işləyir və orta təhsili belə olmadığı halda, bütün Qafqazda yeganə çəkməçidir ki, əməkar mədəniyyət işçisidir. Kitab cəmiyyəti idarə heyətinin üzvüdür.
Nizaminin “Qarışqanın qanadında sən, Tanrı qüdrətini görə bilərsən” beytini misal çəkən Əli dayı ilə ümumi tanışlıq müddətində dedi ki, bu gün bizim böyük bir qüsurumuz var: elə bilirik ki, Azərbaycan təkcə Bakıdan ibarətdir. Bölgələrimizdə, ucqar kəndlərimizdə elə sənətkarlar var ki, onlardan nəinki bir məqalə, bir neçə məqalə yazsan da azdır. Daha sonra o, hər dövrün öz geyimi olduğunu dedi: “Bu o demək deyil ki, kimsə “modnu” geyinib düşsün ortaya ki, müasirdi. Orta əsrlərdə, 18-19-cu əsrlərdə geyimlərini xalq özü nizamlayıb. Mənim bu emalatxanamda düz 11 növ ayaqqabı geyimimiz var, 5-i kişi, 6-sı qadın geyimidir. Xalqlar içərisində yeganə azərbaycanlılardır ki, toy geyimi ayrıdır, yas geyimi ayrı”.
Söhbətin arasında Əli dayıya “çaşıb” pinəçi dedim. O isə izah elədi ki, pinəçi deyil, çəkməçidir: “Azərbaycanda var pinəçi, var başmaqçı, var çarıqçı, bir də var çəkməçi. Sənətdə olan bu ardıcıllıq ibtidai məktəb, texnikom, institut və aspirantura ardıcıllığıdır. Ona görə də çəkməçi dedikdə aspirant təhsilli sənətkar başa düşülür. Lovğalıq kimi çıxmasın, mən bütün Qafqazda maraqlanmışam, bir nəfər çəkməçi ola bilməz ki, onun “əməkdar mədəniyyət işçisi” fəxri adı olsun. Mənə bu adı çəkməçi olduğuma görə veriblər. Dünyanın bir çox ölkələrində sərgilərdə olmuşam. Bununla bağlı beynəxalq sertifikatlarım var. Sovetlər dövründə Vyetnamda böyük sərgi təşkil olunmuşdu. Mənə də dedilər ki, oraya ayaqqabı nümunələri göndər. Mən də hara ayaqqabı göndərirəmsə üç növ göndərirəm. Niyə? Bir var bürünmə libas, bir var biçmə libas. 15-16-cı əsrlərə qədər bürünmə libas geyinirdilər. Həmin libasla burnu dik ayaqqabılar geyinilirdi. Daha sonra biçmə libas icad elədilər, ona görə ki, ata minmək və s. üçün rahat olsun. Yəni libaslar da zamanla birgə təkmilləşir. Amma bir iş var, kökdən qaçmaq olmaz.
Şəhriyarın bir sözü var: Nifrət–fatehlərə, əl verənlərə, milli simasını itirənlərə. Nizami deyir: Ölkəni tərk etsə sənət-sənətkar, eyhat, bundan böyük fəlakətmi var?! B.Vahabzədənin də yaxşı sözü vardı – deyir, ingilislər Şeksprin libasını geyinmirlər, amma onun libasını da unutmurlar. Əmir Teymura da böyük hörmətim var, niyə, ona görə ki, o, bir ölkəni zəbt edəndə oradakı alimləri, sənətkarları aparırdı Səmərqəndə. Çünki o, sənətin böyüklüyünü dərk edirdi”.
Onun emalatxanasında nə istəsən, tapmaq mümkündür. Arxiv sənədlərdən, tarixi kitablardan tutmuş, ayrı-ayrı ölkələrin pul vahidləri və şəxsiyyətlərinin büstlərinə kimi. Nizami Gəncəvini 60% bildiyini deyən sənətkarın emalatxanasında, başının üstündə Nizaminin böyük büstü var. Deyir ki, biri də evindədir. Bundan başqa, çəkməçidə Nəsiminin divanı da var, hansı ki o kitabdan cəmi 10 ədəd buraxılıb: “Ümumiyyətlə, evimdə 2000-dən çox kitab var, emalatxanada isə 1500-dən çox olar. Cavanlıqda hər səhər işə gələndə 15-20 dəqiqə mütaliə edirdim. 20-yə qədər şair mənə şeir həsr eləyib. “Pravda” qəzeti başda olmaqla, 52 qəzetdə haqqımda məqalələr çıxıb”.
Çəkməçi rəqs ayaqqabısı tikə bilən ikinci bir sənətkar axtarır: “250 cüt qəlibim var, başmaq qəlibi ayrı, çarıq qəlibi ayrı, çəkmə qəlibi ayrı. Bu qəliblərdən indi heç yerdə yoxdur, get, Sabunçu vağzalından düz Milli Dram Teatrına qədər xeyli çəkməçi var, onalara de ki, bu çəkmənin bir tayını itirmişəm, o birisini tik. Desə ki, tikirəm, tiksin, gəl sənə 200 manat verirəm. Bunu təmir eliyən yoxdu, nəinki onu tiksinlər”. Əlindəki çəkməni bizə göstərib deyir ki, gedin bütün Bakını, Şəkini gəzin, deyin ki, eynilə bundan tikin. İnandırım ki, heç oxşada da bilməzlər. Bunun texnologiyasını heç kəs bilmir, bu, qəlibdə tikilir, sonra isə çevrilir, daha sonra yenə qəlibə qoyulur. Hazırda bizim rəqqaslar 3 növ ayaqqabı geyinir. Çeşqi deyilən ayaqqabını məşqdə geyinirlər, əsas ayaqqabıları isə çarıqdır. Mənə gətirib 16-18-ci əsrlərdəki geyimin şəklini göstərirlər və deyirəm ki, bu geyimə hansı ayaqqabı düz gəlir. Bunu özümdən demirəm, xüsusi kataloqlarım, şəkillərim var. Kinostudiya və rəqs ansambllarının ayaqqabılarını mən tikirəm. Ayyaqqabıların təmiri pulsuzdur, çünki mən oranın işçisiyəm, aylıq maaş alıram. Amma yeni ayaqqabı lazım olanda materialını alıb verirlər, mən də tikirəm”.
“Tahir Salahova çəkmə tikmişəm, aşıq Şakirə 25 il xidmət eləmişəm”-deyən sənətkar, bildirdi ki, bu gün ona oxşayan çox sənətkarlarımız var, amma məhv olublar. Onlara fikir vermirlər, çarıq deyən kimi yuxarıdan aşağı baxırlar ona: “Bəlkə bir qeyrətli oğul çıxacaq və gələcəkdə “Qılınc və Qələm”i filmə çəkəcək. Oradakı aktyorlara nə geyindirəcəklər?”
Əli dayı müasir ayaqqabılarla müqayisədə keçmişdən, yəni yaxın sovet dönəmindən misal gətirdi: “O vaxt ayaqqabılar Səhiyyə Nazirliyinin qərarı ilə buraxılırdı. Ayaqqabının bütün ölçüləri və ayaqda necə oturmalıdır və s. hamısı sxemlə göstərilirdi. Bu gün isə xaricdən gəlir hamısı, hər kəs də necə gəldi geyinir. Bəxtiyarın belə bir şeiri var: Bu gün bu dəb, sabah o dəb, Bu dəb gedir, o dəb gəlir. Paltarımız köhnəlməmiş dəb köhnəlir. Məgər yenilikmidir özünü bəyənməyib, özgəni doğma tutmaq. Geyib özgə çəkməsini, yerişini unutmaq?!”
Sənətkar hər aş bişirənə də aşbaz demir: “O vaxt hər ustanın yanında 3-4 nəfər şagird olurdu. Şəkidə sənət arteli vardı, dayım məni qoydu oraya və başladım sənəti öyrənməyə. Bir gün usta mənə dedi ki, bax sənin dayın mənim dostumdu, sonra demə ki, dostun məni öyrətməyib. Sənəti öyrətmirlər, sənəti öyrənirlər. Hər aş bişirənə aşbaz demirlər, bu söz Şəkidə işlədilir. Mənim həyat yoldaşım demək olar ki, xörəklərin professorudu, amma aşbaz deyil. Ona görə ki, yeməyin reseptini bilmir, sadəcə, gözəyarı edir. Sənətkar odur ki, sənətinin texnlogiyasını bilir. Yaxud da görürsən ki, bir qız qulağında telefon maşın sürür, ona sürücü demək olmaz ki...”
Sənət adamı ayaqqabıda lazım olan əsas keyfiyyətləri isə belə izah edir: “Bütün geyimləri – kostyum, palto, papaq geyəndə yoldaşdan soruşursan ki, necədi? Amma yalnız ayaqqabını sənin özündən soruşurlar ki, necədi? Ayaqqabının üç əsas keyfiyyəti var. Ayaqqabı rahat, gözəl və davamlı olmalıdır. Bunların üçü də həmişə bir yerdə olmalıdır”.
Ustadan sənətə və sənətkara olan marağı, diqqəti xəbər aldıq. Bildirdi ki, heç bir şagirdi yoxdur. Övladları da nədənsə maraq göstərməyib. Hazırki emalatxanasının sabah kimə qalacağından da nigarandır: “Gənclərin sənətə marağı olmamağının birinci səbəbi təbliğdir. Sənətin və sənətkarın təbliği demək olar ki, yoxdur. Ona görə ki, “sapojniki”, pinəçini ələ salırlar. Milliliyi gərək xalq özü qorusun. Özgəyə gedib deyə bilmərik ki, bizə çarıq tik. Hal-hazırda respublikada çarıq tikən yoxdur. Həyatda elə şeylər var ki, onlar xalqa məxsusur. Sənət və sənəkar bu baxımdan xalqın sərvətidir. Çünki onun yaratdığı şey gələcək üçün nümunə ola bilər. O vaxt bizim müdriklər deyirdi ki, insan ya gərək dərin savad alsın, ya da kamil sənət öyrənsin. Gənclərə vəsiyyətim odur ki, deməsinlər bu sənət kiçikdir, ya böyük, kiçik sənət ilə də böyük hörmət qazanmaq olar. Bir də ki, sənətin böyük-kiçikliyi yoxdur, sənətin mahirliyi var. Bunları unutmaq lazım deyil, bu gün kiçik sənətlər unudulsa, sabah da böyük sənətlər unudulacaq”.
Elgün Mənsimov