və yaxud Zəfər Quliyevin ermənipərəst dairələrlə işbirliyi
Azərbaycanın son illər əldə etdiyi böyük iqtisadi uğurlar, onun dünyada gündən-günə artan nüfuzu ölkəmizə qarşı düşmən mövqedə dayanan daxili və xarici dairələri həmişə narahat etməkdədir. Onlar nəyin bahasına olursa-olsun yerli və beynəlxalq ictimai rəydə Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa cəhd göstərir, bu məqsədlə müxtəlif kütləvi informasiya vasitələrində qərəzli və təxribat xarakterli materiallar dərc etdirirlər. Heç şübhəsiz ki, antiazərbaycan xarici dairələrin içərisində ermənilər xüsusi canfəşanlıq göstərilər.
Onlar müxtəlif ölkələrdə fəaliyyət göstərən KİV-lərdə özlərinə tərəfdarlar tapmaqla və yaxud həmin informasiya vasitələrinin maliyyələşməsinə təsir göstərməklə Azərbaycanın əleyhinə yönəliş təbliğat kampaniyasında yaxından iştirak edirlər. Əslinə qalsa, Azərbaycan ictimaiyyətində müxtəlif ölkələrdə hansı KİV-in ermənipərəst mövqe tutması ilə bağlı kifayət qədər məlumat vardır.
Ermənipərəst mövqeyi ilə seçilən Regnum İnformasiya Agentliyinin Nəşrlər Evində bu yaxınlarda agentliyin şərhçisi və AXCP-nin orqanı kimi tanınan “Azadlıq” qəzetinin baş məsləhətçisi Zəfər Quliyevin müxtəlif dövrlərdə yazdığı məqalələr toplusundan ibarət olan “Azərbaycan Heydər Əliyevdən sonra” kitabının dərc edilməsini müəlliflə antiazərbaycan dairələrin birgə işbirliyinin nəticəsi kimi qiymətləndirmək olar. Bu dairələrin Z.Quliyevlə yaxınlığının tarixi isə uzunmüddətlidir. Təbii ki, Z.Quliyevə doğma münasibətin əsasında onun “Regnum”da, eləcə də daim qərəzli mövqedən çıxış edən bəzi yerli KİV-də dərc etdirdiyi “analitik” xarakterli məqalələri dayanır. Z.Quliyevin məqalələrinin əsas ideya xətti bundan ibarətdir: nəyin bahasına olursa-olsun Azərbaycanın dövlət idarəçiliyi, cəmiyyətdə gedən ictimai-siyasi və sosial-iqtisadi proseslər, ölkəmizlə xarici dövlətlər arasındakı münasibətlər və s. məsələləri müxtəlif siyasi–politoloji terminlərin pərdəsi altında təhrif edərək ictimai rəyi çaşdırmaq.
Dərindən təhlil etsək görərik ki, Z.Quliyevin məqalələri bir-birinin təkrarıdır və onlarda hansısa yeni bir mülahizə axtarmaq da mənasızdır. Belə ki, Z.Quliyev 5-6 il bundan əvvəl yazdığı məqalələrin formasını dəyişdirməklə onları 2011-ci ildə yenidən dərc etdirir. Buna görə də bugünkü ictimai-siyasi prosesləri 5-6 il bundan əvvəl yazılmış, məzmunca eyni olan, yalnız forması dəyişdirilmiş məqalələrlə şərh etməyin özü belə məntiqsizdir. Bununla da görünür ki, müəllif irəli sürdüyü mülahizələrin real ictimai-siyasi gerçəkliyə adekvat olub-olmaması məsələsindən daha çox, məqalə yazmaq imitasiyasına üstünlük verir.
Təhlillər göstərir ki, Z.Quliyevin yazdığı hər bir məqalənin mövzusu və onun tezisləri də Azərbaycan xalqına qarşı düşmən mövqe tutan daxili və xarici siyasi dairələr tərəfindən müəyyənləşdirilir. Çünki bu qənaətə gəlməyin məntiqi əsası vardır. Müşahidələrə görə, Z.Quliyev bir qayda olaraq ermənipərəst dairələrin Azərbaycana qarşı yönəlmiş təbliğat kampaniyasının sürətləndiyi vaxtlarda ortaya çıxarılır. Maraqlı cəhət isə, həmin dövrdə onun yazdığı məqalələrin məzmununun bəzi yerli və xarici KİV-lərdə dərc olunan materiallarla oxşarlıq təşkil etməsidir. Görünür, antiazərbaycan dairələr Z.Quliyevdən lazımi məqamda istifadə etmək üçün artıq müəyyən təcrübə toplaya biliblər.
Həm də onlar düşünürlər ki, Azərbaycan haqqında azərbaycanlının yazdığı məqalənin effekti hansısa xarici ölkə vətəndaşının yazdığı məqalədən daha güclü ola bilər. Buna görə də xarici dairələrin Z.Quliyevə və onunla eyni mövqedə dayanan şəxslərə daim ehtiyacı olub və bundan sonra da onlardan istifadə ediləcəyi təəccüblü deyil.
İctimai-siyasi proseslərə maraq göstərən oxucular Z.Quliyevin kitabındakı müxtəlif vaxtlarda dərc olunmuş qərəzli və spekulyativ xarakterli məqalələrin məzmunu ilə az-çox tanışdırlar. Qeyd edək ki, bu məqalələr dərc edilərkən də onların ictimai rəyə heç bir təsiri olmamışdır. “Regnum”un yenidən bu məqalələri toplayaraq, kitab şəklində dərc etməsi isə onun himayədarlarının Azərbaycanın əleyhinə deməyə yeni sözlərinin olmadığını göstərir. Həm də onlar unudurlar ki, 5-6 il bundan qabaq yazılmış məqalələri gündəmə gətirməklə hansısa məqsədə nail olmaq boş xülyadan başqa bir şey deyildir. Onlar nəzərə almalıdırlar ki, bu gün ictimai rəy üçün müxtəlif xarici siyasi dairələrin və AXCP-nin mövqeyini ifadə edən Z.Quliyevin kitabı deyil, Azərbaycan hakimiyyətinin milli maraqlara əsaslanan praqmatik siyasəti ilə, respublikanın mühüm mədəniyyət mərkəzinə çevrilməsi istiqamətində görülən işlərlə bağlı dünyanın tanınmış politoloqları və mədəniyyət xadimlərinin düşüncələri, ölkə iqtisadiyyatının müxtəlif parametrlər üzrə inkişafını özündə əks etdirən nüfuzlu beynəlxalq təşkilatların hesabatları və s. maraqlıdır. Həm də artıq Azərbaycan xalqı 20 ildən çoxdur ki, radikal müxalifət mövqeyində dayanan siyasi partiyaların eyni məzmunlu çıxışlarından bezmişdir. Görəsən öz yazılarında cəmiyyətdə yeniləşmələrdən və dəyişikliklərdən danışan Z.Quliyev nə üçün eyni şəxslərin 20 ildən çoxdur ki, Müsavat və AXCP kimi partiyalara rəhbərlik etmələrindən, bununla da partiyadaxili demokratiyanın pozulmasından, həmin təşkilatların yeni platformalarla çıxış edə bilməməsindən bir kəlmə də olsun yazmır?
Z.Quliyevin kitabında toplanmış məqalələrdə əsasən ümummilli lider Heydər Əliyevin siyasi kursunun hədəf seçilməsi də təsadüfi deyil. Çünki Z.Quliyevlə işbirliyində olanlar yaxşı anlayır ki, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, mühüm enerji-nəqliyyat layihələrinin həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış etməsi, hazırda dünyada iqtisadi böhranın mövcud olduğu bir şəraitdə ölkə iqtisadiyyatının inkişafı bilavasitə Heydər Əliyev siyasi kursunun düzgünlüyü və səmərəliliyi, ən başlıcası isə onun uğurla həyata keçirilməsi ilə bağlıdır. Buna görə də Azərbaycanın müstəqil dövlətçiliyinin bu kurs əsasında möhkəmlənməsini və onun beynəlxalq münasibətlər sisteminin fəal subyekti kimi çıxış etməsini ermənipərəst siyasi dairələr daim qısqanclıqla qarşılayır. Onlar Azərbaycanın dövlət idarəçiliyi ilə bağlı qərəzli yazılar yazılmasına, dövlət rəhbərliyi tərəfindən görülmüş işlərə kölgə salınmasına, vətəndaş həmrəyliyinin sarsıdılmasına, ən başlıcası isə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına çalışırlar. Bu məqsədlə yalnız “Regnum”dan deyil, eləcə də antiazərbaycan mövqeyində dayanan digər KİV-lərdən rupor kimi istifadə edilir.
Z.Quliyev unudur ki, öz fikirlərini Azərbaycanın kütləvi informasiya vasitələrində azad və sərbəst şəkildə bildirməsinə imkan yaradan demokratik şəraitin hüquqi və praktiki əsasları da ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir ki, hazırda ölkədə 4500-dən artıq KİV təsis edilib, 400-ə yaxın qəzet və jurnal, 60-a yaxın elektron KİV və çoxsaylı internet informasiya resursları fəaliyyət göstərir. Hər bir Azərbaycan vətəndaşı ölkədə gedən ictimai-siyasi proseslərlə, dövlət rəhbərliyinin apardığı siyasətlə bağlı öz fikirlərini sərbəst şəkildə bildirmək hüququndan istifadə edir. Əgər Z.Quliyev bunları ölkədə söz və mətbuat azadlığının mövcud olması kimi dəyərləndirə bilmirsə, bu onun öz problemidir. Həm də Z.Quliyev məqalələrində Azərbaycanda demokratik siyasi sistemin mövcud olmadığını iddia edirsə, necə olur ki, o, Azərbaycan hakimiyyəti və siyasi elitasının istənilən nümayəndəsi ilə bağlı sərbəst şəkildə yerli KİV-lərdə çıxışlar edir və yaxud çoxsaylı məqalələr dərc etdirir? Əslində Z.Quliyev qeyri-səmimimi mövqe tutduğunu bəlkə də yaxşı anlayır. Sadəcə olaraq, o, siyasi sifariş yerinə yetirmək öhdəliyi götürüb və bundan da boyun qaçıra bilmir.
Ümumiyyətlə bu gün Azərbaycan vətəndaşları “Regnum”u ölkəmizə dair qərəzli məlumatlar yayan informasiya vasitəsi kimi tanıyırlar. Bu, artıq ictimai rəydə stereotipləşmiş fikir kimi formalaşmışdır. Z.Quliyevin məqalələrini özünün internet səhifəsində yerləşdirməklə kifayətlənməyib, hətta onları toplayaraq kitab kimi nəşr etməsi, agentliyin Azərbaycan xalqı və dövlətinə münasibətdə qeyri-sağlam mövqe tutmaqda davam etdiyini bir daha göstərir. Aydın olur ki, “Regnum” ölkəmizə qarşı təşkil edilən təbliğat kampaniyasının əsas iştirakçılarından biridir. Azərbaycan vətəndaşları üçün isə siyasilərmiş informasiya agentliyinin qərəzli materialları və Z.Quliyevin “təhlilləri” deyil, obyektiv mövqe tutan kütləvi informasiya vasitələrinin məlumatları və yaxud müstəqil ekspertlərin analitik yazıları maraqlıdır.
Z.Quliyevin və onun məqalələrini kitab şəklində nəşr etdirənlərin istəyib-istəməməyindən asılı olmayaraq, ölkəmiz özünün müstəqil və demokratik inkişaf yolu ilə irəli addımlayır. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın milli maraqlarına söykənən rasional və məqsədyönlü siyasətinin ölkə üçün gətirdiyi uğurlar dünyanın aparıcı dövlətlərinin rəhbərləri tərəfindən yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünya birliyində öz sözünü deyən, regionda güclü geosiyasi mövqeyi olan müstəqil dövlət kimi tanınır. Buna görə də Z.Quliyevin antiazərbaycan dairələrin maliyyə dəstəyi kitab çap etdirdiyi kitabında irəli sürdüyü mülahizələr ictimai-siyasi reallığı əks etdirmir və qeyri-obyektiv xarakter daşıyır.
Vüqar Səlimov,
fəlsəfə elmləri namizədi