"Panatinaikos"u ikinci dəfə məğlub etməklə
Avropa liqasında 5-ci turun D, E, F, Y, K və L qruplarında nəzərdə tutulan oyunları dekabrın 3-də keçirilib. İlk baxışdan elə bir sensasion nəticənin qeydə alınmadığını söyləyə bilərik: imkanları yüksək dəyərləndirilən əksər komandalar qələbə qazandı. Artıq qrup mərhələsində yarışan 48 komandadan 15-i azarkeşlərini erkən sevindirib. Hesabat turunun çərşənbə günü keçirilən oyunlarından sonra pley-off mərhələsinə vəsiqəni təmin edən komandalar sırasına cümə axşamı PSV, "Roma", "Atletik" və "Sportinq" də qoşuldu. Beləliklə, hər qrupa 2 vəsiqə ayrıldığını nəzərə alsaq, 24 vəsiqədən 9-nun sahibinin kimliyinə son turda aydınlıq gələcək.
D qrupunda liderlik mövqeyində olan "Sportinq"ə 1/16 finala çıxmaq üçün "Herenven"lə ev oyununda bir xal qazanmaq kifayət edəcəkdi. Hollandlar Lissabonda güclü rəqibinə yetərincə müqavimət göstərsə də, Qriminin son dəqiqədə reallaşan qolu onları sonda heç-heçəylə barışmağa vadar etdi.
"Herenven"in bəxtsizliyindən hazırda Almaniya çempionatında çox pis vəziyyətdə olan "Herta" "Ventspils"i səfərdə məğlub etdi. Berlinlilərin yeganə qoluna imza atan Raffaelin 86-cı dəqiqədə qırmızı vərəqə aldığını da qeyd edək. Həlledici turda artıq qrup liderliyini təmin edən "Sportinq"i evdə qəbul edəcək olması "Herta"nın 2-ci vəsiqəyə sahib olmaq şansını artırır. "Herenven" isə "Ventspils"dən 3 xal qoparmaqla yanaşı, almanların büdrəməsinə ümid edəcək.
Uzun müddət E qrupunda liderlik edən "Bazel" İtaliya paytaxtında məğlub olmaqla "Roma"nın pley-off mərhələsinə çıxmasına şərait yaratdı. Ədalət naminə turnirin təsnifat mərhələsində "Bakı"nı mübarizədən kənarlaşdıran isveçrəlilərin məğlubiyyətə layiq olmadığını qeyd etməliyik. "Roma"nın qapıçısı və qapı tiri bir neçə vəziyyətdə qonaqların sevinməsinə imkan vermədi. Bununla belə, "Bazel"in ikinci vəsiqəyə sahib çıxmaq şansı yüksəkdir: isveçrəlilər son turda qrupun daha bir iddialı komandası olan "Fulhem"i evdə qəbul edəcək.
F qrupundan növbəti mərhələyə ilk vəsiqəni təmin edən "Qalatasaray" "Panatinaikos"u ikinci dəfə məğlub etməklə liderliyini də rəsmiləşdirdi. Maraq üçün istanbulluların sentyabrın 17-də Afinada 3:1 hesabıyla qalib gəldiyini xatırladaq.
Maraqlıdır ki, İstanbul klubunun ikinci başqanı Mehmet Helvacı qələbəyə rəğmən komandanın sərgilədiyi oyundan razı qalmayıb. O, matçdan sonra yurnalistlərlə görüşdə bunları deyib: "Əlbəttə, bu gün yalnız qələbə bizi rahatlada bilərdi. Bəlkə də buna görə üzərimizdə bir qədər təzyiq var idi. Futbolçuların oyunundan o qədər də razı qalmasam da, onu da başa düşürəm ki, "Panatinaikos" qrupda əsas rəqibimiz idi. Onlar qalib gəlsəydi, böyük ehtimalla qrupu lider kimi başa vuracaqdılar. Ona görə də bu cür həlledici görüşlərdə gözəl futbol 2-ci plana keçir. Son həftələr bizim üçün çətin alınır. Ümid edirəm ki, qələbənin psixoloyi cəhətdən bizə böyük xeyri olacaq".
"Aslan"ın məşqçisi Yohan Heeskens isə mətbuat konfransında bunları deyib: "Əlbəttə, sona bir tur qalmış liderliyi təmin etmək çox gözəldir. Bu gün komandadan razı qaldım. Birmənalı şəkildə qələbəyə layiq oyun nümayiş etdirdik. Rəhbərliyin oyun haqda fikirləriylə tanışam. Amma düzünü desəm, onlarla heç cür razılaşa bilmirəm. Uzağa getməyək, ilk hissədə qarşılaşma tamamilə bizim nəzarətimiz altında keçirdi. Yunanlar demək olar ki, qapımıza yaxınlaşa bilmirdilər. Ona görə də zəif oynadığımızı düşünmürəm".
"Panatinaikos"un baş məşqçisi Henk Ten Kate isə maraqlı etirafıyla yadda qalaraq Ardayla heç cür bacara bilmədiklərini bildirib: "Bura bərabərlik üçün gəlmişdik. topa nəzarətdə heç bir problemimiz yox idi. Hədəfimiz müdafiədə sayıqlığı itirməmək idi. Əks-hücumlarda pis təsir bağışlamırdıq. Amma bu gün bizə ən çox başağrısı gətirən futbolçu Arda oldu. Sol cinahda onu heç cür saxlaya bilbədik. Penalti epizoduna gəlincə, həmin yerdən uzaqda olduğum üçün dəqiq heç bir söz deyə bilmərəm".
Oyundan vurulan yeganə qolun müəllifi Mustafa Sarpın da deməyə sözü olub: "Vurduğum ilk qolda yan xətt hakimi bayrağı qaldırmamışdı. Onların fikrincə, top Hondaya dəydiyi üçün oyundankənar vəziyyət qeydə alındı. Hər halda, qolu qeydə almamaları bir qədər qəribə oldu. Əslində mən hər oyunda qol vurmaq üçün irəli atılıram. Mehmet topal qayıtdıqdan sonra mənim üçün bir qədər asan oldu. Amma bu o demək deyil ki, hər oyunda fərqlənəcəm. Komandamızda çoxlu səviyyəli futbolçular var. Hətta Arda, Honda, Elano və Keyta kimi futbolçular da ehtiyatda qalır. Hücum bölgəsində çoxlu yaxşı futbolçularımız olduğundan, məşqçilərimiz hər oyunda müxtəlif futbolçulara şans verir. Hər halda, oyun qrafikimiz sıx olduğu üçün bunun bizə yalnız xeyri dəyir".
Bu qrupun digər matçında Buxarest "Dinamo"sunun qələbə qazanması rumınlara da şans yaradıb. Ancaq onlar dekabrın 16-da "Panatinaikos"u səfərdə məğlub etməlidirlər. Qeyd edək ki, xalların bərabərliyi halında ilk növbədə şəxsi oyunlardakı göstəricilər nəzərə alınır. "Dinamo" oktyabrın 1-də evdə "Pao"ya 0:1 hesabıyla uduzduğundan, yunanların qapısına səfərdə azı 2 dəfə yol tapmaqla, qələbə qazanmağa məcburdur. Çünki topların fərqi balkanlıların xeyrinədir.
Y qrupunda ilk vəsiqəni qazanan "Şaxtyor"a qrup liderliyini də özünə təmin etmək üçün Donetskdə "Brügge"yə uduzmamaq lazım idi. Mirça Luçeskunun yetirmələri bu vəzifənin öhdəsindən gəldi. İndi "Brügge" qrup ikincisi olmaq üçün "Tuluza"ya evdə uduzmamalıdır.
K qrupunda PSV gözlənildiyi kimi, növbəti mərhələyə vəsiqə qazanmaqla yanaşı, liderliklə bağlı suala da aydınlıq gətirdi. Düzdür, hollandlar evdə "Sparta"nın müqavimətini çətinliklə qırdı. Hazırda eyni xala malik olan praqalılarla "Kopenhagen" arasındakı rəqabətə Çexiyada keçiriləcək qarşılaşmada aydınlıq gələcək. Praqada heç-heçə qeydə alınsa kopenhagenlilər mərhələ adlayacaq. Belə ki, onlar evdə çexləri minimal hesabla məğlub edib.
Həhayət, L qrupunda "Verder"dən sonra ikinci vəsiqəyə "Atletik" sahib çıxdı. Bilbaolular buna Vyanada "Austriya"nı darmadağın etməklə nail oldu. Qonaqların müdafiəçisi San Xose 63-cü dəqiqədə komandasının üstünlüyünü 2 topa çatdırandan sonra yerli fanatlar qazona petard atmağa başladı. Həticədə norveçli hakim Sveyn Oddvar Moen matçı təxminən yarım saatlığa dayandırmağa məcbur oldu. Mübarizə bərpa olunandan sonra qonaqlar daha bir qol vurmaqla "Austriya"nın mərhələ adlamaq şansının üstündən xətt çəkdi. Sözsüz ki, indi vyanalıları ciddi cəzalar gözləyir.
D qrupu
Sportinq (Portuqaliya) - Herenven (Hollandiya) 1:1
Qrimi, 90 - Assaidi, 47.
Ventspils (Latviya) - Herta (Almaniya) 0:1
Raffael, 12.
1. Sportinq 5 3 2 0 8-5 11
2. Herta 5 2 1 2 5-5 7
3. Herenven 5 1 2 2 6-7 5
4. Ventspils 5 0 3 2 3-5 3
E qrupu
Roma (İtaliya) - Bazel (İsveçrə) 2:1
Totti, 32-p. Vuçiniç, 59 - Huggel, 19.
Fulhem (İngiltərə) - ÇSKA (Bolqarıstan) 1:0
Gera, 15.
1. Roma 5 3 1 1 7-5 10
2. Bazel 5 3 0 2 8-4 9
3. Fulhem 5 2 2 1 5-4 8
4. ÇSKA 5 0 1 4 2-9 1
F qrupu
Qalatasaray (Türkiyə) - Panatinaikos (Yunanıstan) 1:0
Sarp, 49.
Dinamo (Rumıniya) - Şturm (Avstriya) 2:1
Hikulae, 41; 56 - Sonlaytner, 5.
1. Qalatasaray 5 4 1 0 12-3 13
2. Panatinaikos 5 3 0 2 4-4 9
3. Dinamo 5 2 0 3 4-9 6
4. Şturm 5 0 1 4 2-6 1
Y qrupu
Şaxtyor (Ukrayna) - Brügge (Belçika) 0:0
Tuluza (Fransa) - Partizan (Serbiya) 1:0
Broten, 54.
1. Şaxtyor 5 4 1 0 14-2 13
2. Brügge 5 2 2 1 9-8 8
3. Tuluza 5 2 1 2 6-10 7
4. Partizan 5 0 0 5 5-14 0
K qrupu
Kopenhagen (Danimarka) - ÇFR (Rumıniya) 2:0
Vinqord, 37. Hdoye, 43.
PSV (Hollandiya) - Sparta (Çexiya) 1:0
Reys, 90+1.
1. PSV 5 3 2 0 6-3 11
2. Kopenhagen 5 2 1 2 4-4 7
3. Sparta 5 2 1 2 7-6 7
4. ÇFR 5 1 0 4 4-8 3
L qrupu
Verder (Almaniya) - Hasyonal (Portuqaliya) 4:1
Rozenberq, 31; 34. Moreno, 84. Marin, 90 - Ruben Mikael, 62.
Austriya V (Avstriya) - Atletik (İspaniya) 0:3
F.Lyorente, 19; 86. San Xose, 63.
1. Verder 5 4 1 0 14-6 13
2. Atletik 5 3 1 1 10-5 10
3. Hasyonal 5 0 2 3 6-11 2
4. Austriya V 5 0 2 3 3-11 2