«Küçələrə su səpmişəm, yar gələndə toz olmasın». Məşhur xalq mahnısında tez-tez işlədilən bu fikir bu gün aktuallığını itirib.
Çünki şəhərdə aparılan tikinti işləri yollarımızı tozlu olmaq məhrumiyyətindən «xilas edib». İndi tozlu yollara görə şikayətlənən yoxdur. Əsas narahatlıq yaradan palçıqlı yollardır. Birincisi ona görə ki, Bakının müxtəlif yaşayış məntəqələrində salınan yeni evlərin yerləşdiyi küçələrin böyük əksəriyyətinin yolları asfalt deyil. Bu küçələrdən keçən yollar sakinlərin öz imkanları hesabına kustar üsullarla çəkilib. Buna görə də yayda bu yollarda toz əlindən tərpənmək olmur. Bu küçələrə su səpəndə toz dönüb palçıq olur ki, bu da əks effekt verir. Qışda isə həmin yollar hərəkət etmək belə qəhrəmanlıq hesab olunur. İndi tez-tez avtobuslarda, metro stansiyalarında ayaqqabısı tamamilə palçıq içində olan insanlara rast gəlmək mümkündür. Onları qınamaq da olmur. Çünki tamamilə palçığın içində olan yollardan keçib işə və ya dərsə getmək məcburiyyətindədirlər.
Başqa bir problem isə şəhərdə aparılan tikinti işləridir. Bu zaman işlər o qədər səliqəsiz, ətrafdakıların maraqları nəzərə alınmadan aparılır ki, ciddi fəsadlar müşahidə edilir. Nəticədə ətrafdakı yaşayış məntəqələri, yollar palçıq içində batırlar. Bu günlərdə parlamentdə Şəhərsalma və Tikinti məcəlləsinin layihəsi müzakirə olunarkən millət vəkili, «Azəryolsevis» ASC-nin rəzbəri Cavid Qurbanov da bu problemə toxunub. O qeyd edib ki, qanunvericilikdə tikinti işləri ilə bağlı ətraf mühitə vurulan ziyana görə məsuliyyət məsələsi aşıq şəklidə göstərilməlidir. Bununla bağlı nəzərdə tutulan cərimələr sərtləşdirilməlidir. Millət vəkilinin dediyinə görə, bu gün tikinti işləri ilə məşğul olan və ətraf mühitə böyük ziyan vuran şirkətlər, təşkilatlar bu məsələdə ciddi məsuliyyət, cavabdehlik hissi daşımırlar: “Demək olar ki, tikinti işləri ilə bağlı hər gün yollara palçıq, zığ axıdılır. Biz artıq hər gün şəhəri yumaqdan bezmişik. Axı, nə qədər şəhəri yumaq olar?! Tikinti işləri ilə bağlı əmələ gələn palçığa, zığa, ətraf mühitə dəyən ziyana görə də heç kim heç bir məsuliyyət daşımır. Odur ki, Tikinti və Şəhərsalma Məcəlləsində bu məsələyə görə nəzərdə tutulan maddələr sərtləşdirilməlidir. Buna çox böyük ehtiyac var. Yoxsa, bu qanun “taxtapuşta” qanun olacaq”.
Doğurdan da Cavid Qurbanovu narahat edən bu problem həddindən artıq aktualdır. Tikintilərdən yük daşıyan ağır tonnajlı avtomobillər nə təhlükəsizlik qaydalarına, nə də adi təmizlik qaydalarına əməl etmirlər. Məsələn, hazırda Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə Heydər Əliyev Sarayının arxasında yeraltı avtomobil dayanacağı tikilir. Buradan qazılan torpaq yük maşınları ilə Füzuli küçəsindən keçməklə daşınır. Bu səbəbdəndir ki, indi həmin küçədən keçən yol tamamilə palçığın içindədir. Cavid Qurbanovun yol yuyanları həmin yolu təmizə çıxarmaq üçün xeyli əziyyət çəkməlidirlər. Deyə bilərsiniz ki, tikinti olan yerdə palçıq da olmalıdır. Amma bu arqumenti alt-üst edən nümunə də var. Hazırda Azadlıq meydanında da yeraltı avtomobil dayanacağının tikintisi aparılır. Amma həmin ərazinin heç bir hissəsinin palçığa batdığını müşahidə etmək mümkün deyil. Deməli, əgər istək olsa, tikinti aparanlar ətrafdakı yolları palçığa bulaşmaqdan qurtarmaq imkanına malikdir.
Yolların sıradan çıxmasında, palçığa bulaşmasında hazırda Bakı şəhəri boyu aparılan su çəkilişi prosesi də xüsusi rol oynayır. Bu zaman yolların bir kənarı qazılır, borular çəkilir və onların üstü torpaqla örtülür. Havalar yağışlı olduğundan boruların üstünə tökülən torpaq tezliklə palçığa çevrilir və bütün yolu çirkləndirir. Sonradan borunu çəkildiyi ərazi asfaltlansa da, qısa müddətdə həmin sahənin çökməsi müşahidə olunur.
Bu günlərdə bu məsələ «Azəryolservis»in əməkdaşları ilə «Azərsu»nun nümayəndələri arasında ciddi münaqişəyə də səbəb olmuşdu. Belə ki, «Azərsu» yenicə istifadəyə verilən Bakı-Ələt magistral yolunun kənarı ilə su borusu çəkir. Normativlərə görə, su kəmərləri magistral yolların 30 metr kənarı ilə çəkilə bilər. «Azərsu» «Azəryolservis»ə rəsmi məktubla müraciət edib relyeflə əlaqədar boru kəmərinin yolun 5 metr kənarı ilə çəkilməsinə icazə istəyib. «Azəryolservis» məktuba cavab verməmiş su kəmərinin tikintisinə start verilib. Bu zaman yenicə çəkilmir yol tamamilə palçığa batırılıb. Bunun qarşısını almaq üçün yolların qorunması xidməti tikintini dayandırıb, əraziyə boru daşıyan yük maşınlarının hərəkətini məhdudlaşdırıb. Amma tam əminliklə demək olar ki, orada su kəməri çəkənlər işlərini səliqəli tutsaydılar, magistral yolu çirkləndirməsəydilər, onlara gözün üstə qaşın var da deyən olmayacaqdı. Amma bizdə nə ev tikənlər, nə də boru çəkənlər təmizliyə riayət etməyi bacarmırlar. Hamısı işə «təki mənim işim irəli getsin» prinsipi ilə yanaşır. Nəticədə 5 manatlıq iş görəndə ətrafa 10 manatlıq ziyan vurulur.
Bütün bunlar nəzərə alınarsa, yolların təmizliyi ilə bağlı məsələyə hamı ciddi yanaşmalıdır. Elə etmək lazımdır ki, bugünkü gənclərimiz də «Küçələrə su səpmişəm» mahnısını oxumaq imkanına malik olsunlar. Üstəgəl, yol yuyanları da bu işdən bezdirmək lazım deyil.
İlham QULİYEV