Məhərrəm Zülfüqarlı hesab edir ki, beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı açıqlamaları reallığı əks etdirmir
Son vaxtlar beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı həqiqəti əks etdirməyən bəyanatları bir-birinin ardınca gəlməkdədir. “Amnesty International” təşkilatının ardınca «Human rights Watch» təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müdir müavini Rachel Denber Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib. Lakin bu qeyri-dövlət təşkilatlarının iradları Azərbaycan hökuməti tərəfindən qəbul olunmur. Rəsmilərlə yanaşı, Azərbaycanın ictimai sektor təmsilçiləri də hesabatları ədalətli hesab etmirlər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Məhərrəm Zülfüqarlı da hesab edir ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı açıqlamaları reallığı əks etdirmir.
- Bu cür hesabatlar düzgün informasiyalara əsaslanmır. Diqqət yetirəndə görürük ki, beynəlxalq təşkilatların hesabatları Azərbaycanda hakimiyyətə müxalifətdə olan bəzi qüvvələrin məlumatları əsasında hazırlanıb. Həmin qüvvələr də bir növ bizə qarşı qərəzli mövqedə olan beynəlxalq təşkilatların inhisarındadırlar, həmin təşkilatlardan maliyyə alırlar. Yəni, onlar informasiyanı bilərəkdən birtərəfli alırlar. Bu baxımdan, verilən bəyanatlar Azərbaycandakı reallığı əks etdirmir. Yaxşı olardı ki, onlar informasiyaları müxtəlif mənbələrdən alsınlar, analiz etsinlər və sonra hesabata salsınlar. Amma bunu etmirlər. Çünki hesabatlarda Azərbaycanda insan haqlarının pozulduğunun göstərilməsi bir sıra beynəlxalq təşkilatlara lazımdır. Sonradan bu bəyanatlar böyük dövlətlər tərəfindən Azərbaycana təzyiq göstərmək üçün istifadə olunur. Bu yaxınlarda biz böyük bir toplantı keçirib “Amnesty International” təşkilatının hazırladığı hesabatın həqiqəti əks etdirmədiyini əyani şəkildə nümayiş etdirdik.
- Məhərrəm bəy, həqiqətənmi Azərbaycanda insan haqlarının vəziyyəti hesabatlarda göstərildiyi kimi həyəcan vericidir?
- Beynəlxalq təşkilatlar və özlərini demokratiyanın qoruyucusu və yayıcısı hesab edən böyük dövlətlər deyirlər ki, insan haqları heç bir dövlətin daxili işi ola bilməz. Onlar bu prinsipdən istifadə edib digər dövlətlərin daxili işlərinə qarışırlar. Amma diqqət yetirsək, insan haqlarının pozulması ilə bağlı dünyanın bütün ölkələrində problemlər mövcuddur. Amerikanın özündə son vaxtlar keçirilən kütləvi aksiyalarla bağlı nə qədər insan həbs olundu. Amma heç bir beynəlxalq təşkilat demir ki, bu ölkədə insan haqları pozulur. Azərbaycana gələndə isə vəziyyət dəyişir. Mənim fikrimcə, onları narahat edən Azərbaycanda ictimai-siyasi sabitliyin mövcud olmasıdır. Azərbaycan hazırda regionda və Yaxın Şərqdəki ən sabit ölkələrdən biridir. Bu isə bəzi böyük dövlətlərə sərf etmir. Buna görə də onlar müxtəlif vasitələrdən istifadə edib Azərbaycandakı sabitliyi pozmağa çalışırlar. Beynəlxalq təşkilatların qeyd etdiyiniz bəyanatları da buna xidmət edir. Amma onların məqsədlərinə nail olmasına imkan vermək olmaz.
- Maraqlıdır ki, ABŞ-ın dövlət katibi Hillari Klinton da bu günlərdə insan hüquqlarının vəziyyəti ilə bağlı Azərbaycanın Zimbabve ilə yanaşı çəkib. Sizcə, qeyd etdiyimiz bəyanatlardan sonra ABŞ rəsmisi tərəfindən belə bir bəyanatın verilməsi təsadüfüdürmü?
- Mənə elə gəlir ki, haqqında söhbət açdığımız hesabatlar məhz ABŞ dövlət katibinin bu tipli bəyanat verməsinə hesablanıb. Amma ümumilikdə hesab edirəm ki, dövlət katibinin bu bəyanatı kifayət qədər məsuliyyətsizdir. Onlar gərək bu bəyanatı verməmişdən öncə yaxşı tədqiqat işi aparaydılar. Amma bunu etməyiblər. Görünür, yenə də hansısa məsələ ilə bağlı Azərbaycana təzyiq edirlər. Təcrübədən bilirik ki, böyük dövlətlər hansısa istəklərini qəbul etdirə bilməyəndə bu cür təzyiq rıçaqlarını işə salırlar. Məqsədləri Azərbaycandan nəsə qoparmaqdı. Ola bilsin ki, ABŞ İranın nüvə problemi ilə bağlı Azərbaycandan nələrisə istəyir, amma buna müsbət cavab almır. Bu, mənim subyektiv fikrimdi. Amma diqqət yetirsək görərik ki, son vaxtlar İran ətrafında baş verən hadisələrdə gərginlik müşahidə olunur. ABŞ Tehrana qarşı təzyiqləri mərhələ-mərhələ artırmaqdadır. İki dövlət arasında münasibətlər müharibə həddinə qədər gəlib çatıb. Görünür, ABŞ İrana qarşı hərbi əməliyyatlarda Azərbaycan ərazisindən istifadə etmək istəyir, amma müsbət cavab ala bilmir. Bilirsiniz ki, Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycan xarici dövlətlər üçün əməkdaşlıq məkanıdır. Bir ölkənin başqa bir ölkə ilə problemi Azərbaycan ərazisi vasitəsi ilə həll edilə bilməz. Biz uzun müddətdir bu mövqedən çıxış edirik. Görünür, bizim bu müstəqil mövqeyimiz ABŞ-ın xoşuna gəlmir. Buna görə də dövlət katibi bu cür məsuliyyətsiz bəyanatla çıxış edir.
- Son vaxtlar beynəlxalq təşkilatlar Azərbaycan kimi ölkələri «Ərəb baharı» ilə hədələyirlər. Sizcə, bu yolla Azərbaycanı tutduğu xətdən çəkindirmək mümkündürmü?
- Bu cür hədələyici bəyanatlar həmişə olur və gələcəkdə də olacaq. Böyük dövlətlərin digər ölkələrdə sabitliyi pozmaq, qarşıdurma yaratmaq üçün xüsusi texnologiyaları var. Bununla bağlı, böyük təcrübəyə malik texnoloqlar işləyirlər. Həmin qüvvələr Azərbaycandakı sabitliyi poza bilmədiklərinə görə də çox narahatdırlar. Hazırda da bu istiqamətdə çalışmalarını davam etdirirlər. Azərbaycan vətəndaşları da çalışmalıdırlar ki, ölkədə sabitliyin pozulmasına rəvac verməsinlər. Bu, sadə vətəndaşdan tutmuş, yüksək vəzifəli şəxslərimizə qədər hamıya aiddir. Çalışmaq lazımdır ki, ölkədə qanunun pozulması, vətəndaşlar arasında narazılıq yaradan hallar olmasın. Xüsusilə də məmurlar çalışmalıdırlar ki, xarici qüvvələr onların hərəkətlərindən dövlətimizə qarşı istifadə etməsinlər. Bu cür təhlükə bütün dövlətlərə qarşı, o cümlədən Azərbaycana qarşı da mövcuddur. Amma xoşbəxtlikdən Azərbaycanın bu cür proseslərə qarşı müqavimət göstərmək gücü var.
- Düşmən dəyirmanına su səpməmək üçün dövlət və ictimai sektor təmsilçiləri nə etməlidirlər?
- Əlbəttə ki, çox işlər görülməlidir. İlk növbədə prezidentin yerlərə təyin etdiyi icra hakimiyyəti başçıları vətəndaşlara qayğı ilə yanaşmalıdırlar. Məsələn, son vaxtlar vətəndaşların mülkiyyətində olan evlərin sökülməsi ilə bağlı çox xoşagəlməz proseslər baş verir. Məncə, bu, dövlətçiliyimizə vurulan ağır bir zərbədir. Təsəvvür edin ki, prezident qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıq verir, bəzi rayon icra hakimiyyətləri isə vətəndaşların sənədləri qaydasında olan evlərini sökürlər. Məsələn, Sumqayıtın icra başçısı ELdar Əzizov bu vəzifəyə təyin olunandan sonra kütləvi şəkildə müxtəlif tikintiləri sökdürür. Bu zaman, sökülən tikililərin sənədlərinin olub-olmamasına diqqət yetirilmir. Bununla da vətəndaşlar ciddi şəkildə narazı salınır. Amma icra başçıları bunu etməməlidirlər. Çalışmalıdırlar ki, yerlərdə prezidentin siyasi kursunu həyata keçirsinlər. Neqativ hallara yol verənlər dərhal vəzifələrindən uzaqlaşdırılmalıdırlar ki, prezidentlə xalq arasındakı təmas itməsin. Bir sözlə, məmurların fəaliyyətinə ciddi nəzarət olmalıdır. Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyi ölkədə xarici dairələr tərəfindən idarə olunan təşkilatlara nəzarəti gücləndirməlidir. Sirr deyil ki, ölkədə xeyli sayda missioner təşkilatlar var. Eyni zamanda, qeyri-hökumət təşkilatları da dövlətçiliyimizin möhkəmləndirilməsi üçün çalışmalıdırlar. Xarici qüvvələrin məkrli planlarının həyata keçməməsi üçün jurnalistlər də öz töhfələrini verməlidirlər. Media çalışmalıdır ki, ölkədəki ictimai-siyasi sabitlik qorunsun.
İlham QULİYEV