Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Atalığının üstünə benzin tökərək diri-diri yandırıb
Məhkəmə bu əmələ imza atan Cəlal Qayıbovu 13 il müddətinə azadlıqdan məhrum edib

Qusar rayon sakini 1984-cü il təvəllüdlü Cəlal Qayıbov ögey atası Həkim Tağıyevi xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunub. Məhkəmə yolu ilə müəyyən edilib ki, Cəlal Qayıbovun doğma atası 1996-cı ildə cinayət törətdiyinə görə məhkum olunduqdan sonra anası Sürəyya Qayıbova həmkəndlisi Həkim Tağıyevlə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb.


Həkim Tağıyev elə ilk günlərdən Sürəyyanın uşaqlarına ögey münasibət bəsləyib. Sürəyyanın və övladlarının qazandığı pulları əllərindən alan və özlərinə işgəncə verən Həkim günlərin birində özü həmin uşaqlardan birinin işgəncəsi altında dünyasını dəyişib. Belə ki, anasına, özünə, bacı-qardaşlarına qarşı vəhşi münasibətdən bezən Cəlal Qayıbov ögey atasının yuxuya getməsindən istifadə edərək onun üzərinə benzin töküb və diri-diri yandırıb.


Təqsirləndirilən şəxs qismində dindirilən Cəlal Qayıbov məhkəməyə verdiyi ifadəsində özünün və bacı-qardaşlarının ögey atası tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qaldıqlarını göstərib. Onun sözlərinə görə, atası həbs olunandan sonra anası atasından boşanmadan həmkəndlisi Həkim Tağıyevlə qeyri-rəsmi ər-arvad kimi Qusarın Samur qəsəbəsində yaşamağa başlayıb. Bundan sonra anası Cəlalla yanaşı,  bacı-qardaşlarını da öz yanlarına aparıb. Bundan sonra uşaqlar ögey atalarının himayəsi altında yaşamağa başlayıblar. 


Cəlal Qayıbovun sözlərinə görə, Həkimlə bir evdə yaşadıqları gündən demək olar ki, işgəncələrə məruz qalıblar. Anası, qardaşları Cavad, Cəmil və özü müxtəlif yerlərdə işləyiblər. Evə gəldikdə isə Həkim qazandıqları pulları tutub əllərindən alıb. Hətta qazandıqları pulun üstündən ondan xəbərsiz bir qəpik götürsələr, Həkim  evdə dava-dalaş salıb, analarını döyürmüş. Həkim tələb edirmiş ki, uşaqlar işləyərək aldıqları pulları qəpiyinə qədər ona versin. Anası isə son vaxtlar Həkimlə  razılaşmır, buna görə də dava-dalaş evdən əskik olmurmuş. Həkimin anası ilə dalaşmaması üçün isə Cəlal, böyük qardaşı Cavad işləyib və qazandıqlarının hamısını ona veriblər. 


"Paltarlarımıza od vurub yandırmışdı"

Hadisədən təqribən bir il əvvəl isə Qusarın Tahircal-Palasa kəndinin sakini Samiddin İmamquliyevə məxsus kafeni icarəyə götürüb həmin kafedə olan otaqlardan birində yaşamağa başlayıblar. Cəlal, anası və qardaşları işləyib yaşadıqları həmin otağa xeyli ev əşyaları və geyim alıb yığıblar. Bir gün işdən evə gələndə görürlər ki, atalığı onlara məxsus geyim əşyalarını, çarpayıları, stol və stulları kafedən çıxarıb, küçədə həmin əşyaların üstünə benzin tökərək yandırıb. Bu hadisə Cəlala çox pis təsir edib. Elə həmin vaxtdan Cəlal beyninə yığır ki, çox keçməyəcək, həmin benzinlə atalığı özü od tutub yanacaq.


Cəlal Qayıbovun sözlərinə görə, bu hadisədən sonra onlar  atalığından ayrılıblar. Uşaqlar kafedən çıxsa da, atalığı orada yaşamaqda davam edib. Cəlal Qayıbov Samur qəsəbəsində Muxtar adlı bir nəfərin evində kirayədə yaşamağa başlayıb. Bundan sonra atalığı bir neçə dəfə Muxtarın yanına gələrək ondan tələb edib ki, onları evdən çıxarsın. Hətta bir neçə dəfə anası ilə dalaşaraq onu bıçaqlamaqla hədələyib. Amma bundan sonra da Cəlalgil həmin evdə təqribən iki ay yaşayıb. Daha sonra Muxtar özünə artıq başağrısı olmasın deyə onları evdən çıxarıb. Məcbur olub həmin qəsəbədə başqa bir ev kirayələmək istəyiblər. Ancaq onlar kimin evini kirayələmək istəyibsə, atalığı həmin evin sahibinin yanına gedərək onu hədələyib. Ona görə də heç kəs onlara kirayədə qalmağa ev verməyib.


Cəlal Qayıbovun sözlərinə görə, ancaq atalığı onları yenə də rahat buraxmayıb: «Bu adam sanki ailəmizin manyakı idi. Bizi addım-addım izləyirdi, hara gedirdiksə gəlib orada günümüzü qara edirdi. Atalığımın hərəkətlərindən anam dəfələrlə Qusar rayon Polis Şöbəsinə şikayət etmişdi, dəfələrlə cinayət işi başlanmışdı, ancaq nəticəsi olmamışdı».


Onlar axırda məcbur olub ana babasına məxsus olan və Yuxarı Ənig kəndində yerləşən evə köçürlər. Atalığı 4-5 dəfə sərxoş vəziyyətdə həmin evə gələrək anasından onunla birlikdə yaşamasını tələb edib, anası isə razılaşmayıb. Bundan sonra Cəlal işləmək üçün Yuxarı Ənig kəndindən Samur qəsəbəsinə gəlib. Burada atalığı Cəlalı görüb harada qaldığını soruşub və onunla birlikdə qalmağı təklif edib. Amma Cəlal onunla razılaşmayıb və həmin gün də evlərinə gəlib. Yanvar ayının 13-də işdən çıxandan sonra isə atalığının yanında qalıb.


Yanvarın 14-də səhər saat 9.00 radələrində yenə işə gedir. Həmin gün atalığı yaxınlıqdakı Azpetrol yanacaqdoldurma məntəqəsindən 20 litrlik kanistrlarda benzin götürərək sərhədi keçib neytral zonaya aparmaq istədiyini deyir. Evdən çıxandan az sonra isə Cəlala zəng vurur ki, onu Qusar rayon polis şöbəsinə çağırıblar. O da benzin kanistrlarını əl arabasına yükləyərək yaşadığı kafeyə aparıb. Həmin gün təqribən günorta saat 12.00 radələrində Cəlal da həmin kafeyə gedib. Atalığının sata bilmədiyi benzinlə dolu 4 kanistri kafedə bir küncə qoyaraq özü də yıxılıb yatıb.


«Atalığımın üstünə xeyli benzin tökdüm»


Saat 5 radələrində atalığı evə gəlib. Həmin gün bir neçə dəfə mağazaya gedib araq alaraq gecəyə qədər içib. Gecə saat 12 radələrində isə dostu Şaiq də evə gəlib. Birlikdə yenə də içiblər. Təqribən yarım saatdan sonra onlar bir-birlərinə söz atmağa başlayıblar. Bu zaman Cəlal başa düşüb ki, dalaşacaqlar. Şaiqdən xahiş edib ki, çıxıb getsin. Şaiq də çıxıb gedib. Atalığı isə yenə də Cəlalın anasının, qardaşlarının, həbsdə olan atasının ünvanına söyməyə başlayıb: «Mən fikrimi dağıtmaq və atalığıma çox fikir verməmək üçün "DVD"-yə musiqi diski qoydum. Baloğlan Əşrəfovun "Anam mənim" mahnısına qulaq asmağa başladım. Atalığım qəflətən üstümə gələrək "DVD"-nin pultunu əlimdən alıb yerə çırpdı, anamın ünvanına kəskin söyüşlər söydü. Artıq əsəblərim gərilmişdi. O, söyə-söyə başını divanın küncünə söykəyib yuxuya getdi. Mən başımıza açdığı oyunları gözümün qarşısına gətirərək onu öldürmək qərarına gəldim. Otaqdan çıxıb benzinlə dolu kansitrları götürdüm. Atalığımın üstünə xeyli benzin tökdüm, sərxoş olduğundan möhkəm yatmışdı deyə tərpənmədi. Sonra otaqlara və kafenin ətrafına benzin tökdüm, kansitrlardan birini isə atalığımın yanına qoydum, kafedən çıxıb kibriti yandırıb qapıdan içəri tulladım, qapını möhkəm çəkib zəncirlə çöl tərəfdən bağladım».


Bundan sonra Cəlal təqribən 100 metr aralıya qədər qaçaraq orada bir mağazaya girib siqaret alır. Mağazadan çıxanda kafe tərəfdən güclü partlayış səsi eşidir və görür ki, kafe yanır. Tez kafeyə tərəf gedir və bu vaxt kafenin yaxınlığında yaşayan Svetlana adlı qadının öz qızı ilə kafeyə vedrə ilə su daşıyıb tökdüyünü görür. O də onlara qoşulub kafenin içərisinə bir-iki vedrə su atır. Artıq bu zaman polis işçiləri də gəlib çıxırlar. Yanğın söndürüləndən sonra polis işçiləri kafenin içərisinə girirlər. Şübhə yaratmamaq üçün Cəlal da onlarla birlikdə içəri keçir. Otağa girərkən atalığının oturub yatdığı vəziyyətdə külə döndüyünü görür.


"Kafe yanmışdı, qardaşım külə dönmüşdü"

Zərərçəkmişin şəxsin hüquqi varisi qismində dindirilən Gülməmməd Tağıyev (mərhumun qardaşı) məhkəməyə verdiyi ifadəsində bildirib ki, qardaşı Həkim 1983-cü ildə Ənig kənd sakini Fəridə adlı qadınla evlənib, üç övladı olub. 1996-cı ildə həmkəndlisi Vidadi Qayıbov həbs edildikdən sonra Həkim Vidadinin arvadı Sürəyya ilə görüşməyə başlayıb. Tezliklə Həkimlə Sürəyya Tahircal-Palasa kəndində birlikdə yaşamağa başlayıb. Bir müddət sonra Sürəyya uşaqlarını da öz yanına aparıb: "Son vaxtlar isə onlar Samur qəsəbəsindəki kafedə yaşayırdılar. Həkim son 5-6 ildə Samur qəsəbəsində yerləşən sərhəd-buraxılış məntəqəsində benzin alveri ilə məşğul olurdu, hadisədən təqribən 4 ay əvvəl eşitmişdim ki, Sürəyyadan ayrılıb. Yanvar ayının 15-də gecə saat 4 radələrində yaşadığım kəndin bələdiyyə sədri zəng edərək Həkimin Qusar rayonunun Samur qəsəbəsində yaşadığı kafedə yanıb külə döndüyünü bildirdi. Mən ailə üzvlərimlə birlikdə həmin kafeyə gəldim, kafe yanmışdı, qardaşım isə külə dönmüşdü. Sonradan məlum oldu ki, onu oğulluğu qəsdən yandırıb".


Zərərçəkmiş qismində dindirilmiş Samiddin İmamquliyev ifadəsində göstərib ki, 1999-cu ildə Qusar rayonunun Samur qəsəbəsində, sərhəd-buraxılış məntəqəsinin yaxınlığında kafe-çayxana kimi istifadə etmək üçün sahə tikdirib. Ancaq sonradan maddi imkanı olmadığından obyekti işlədə bilməyib. Sonralar kafeni yaşayış sahəsi kimi Ənig kənd sakini Həkim Tağıyevin ailəsinə icarəyə verib. Ancaq 6 aydan sonra qonşular Həkimin ailəsində hər gün dava-dalaş olduğunu bildiriblər. Ona görə də o, Həkimin ailəsini kafedən çıxarmaq qərarına gəlib. "Həkimin ailəsini kafedən çıxartdım, özü isə yalvar-yaxar etdi ki, qalmağa yerim yoxdur, fikirləşdim ki, necə olsa həmkəndliyik, ona orada yaşamağa icazə verdim. Həkim Qusarın Samur qəsəbəsində olan sərhəd-buraxılış məntəqəsindən keçib neytral zonada benzin satmaqla məşğul olurdu. Yanvarın 15-də gecə saat 3 radələrində Qusar rayon Polis Şöbəsindən zəng vuraraq kafenin yandığı barədə məlumat verdilər. Hadisə yerinə gələndə mənə məlum oldu ki, Həkim də kafenin içərisində yanaraq dünyasını dəyişib. Sonradan məni Prokurorluğa çağırdılar və məlum oldu ki, kafeni Həkimin oğulluğu Cəlal qəsdən yandırıbmış. Məqsədi isə atasını öldürmək olub».


Şahid qismində dindirilən Sürəyya Qayıbova ifadəsində göstərib ki, 1996-cı ildə əri Vidadi Qayıbov 8 il müddətinə azadlıqdan məhrum edilib. Əri tutulandan sonra həmkəndlisi Həkim Tağıyevlə ər-arvad kimi yaşamağa başlayıb. Lakin Həkim Tağıyev onu və uşaqlarını incitdiyinə görə ondan ayrılmaq qərarına gəlib, dəfələrlə polisə şikayət ərizəsi yazıb. Həkim Qusar rayon Məhkəməsi tərəfindən bir neçə dəfə həbslə bağlı olmayan cəzaya məhkum edilib. Həkimin hədələrindən, təhqirlərindən gizlənmək üçün bir müddət Yuxarı Ənig kəndində qohumunun evində yaşayıb. Yanvarın 15-də Qusar rayon Polis Şöbəsinin əməkdaşları ona oğlu Cəlalın öz atalığını yatdığı vəziyyətdə yandıraraq qətlə yetirməsi barədə məlumat veriblər.


Şahid qismində dindirilən Svetlana Ağakərimova isə ifadəsində göstərib ki, Samur qəsəbəsindəki sərhəd-buraxılış məntəqəsinin yaxınlığında yerləşən çörəkbişirmə sexində qızı ilə çörək və qutab bişirməklə məşğul olub. Yanvarın 14-də təqribən gecə saat 11.00 radələrində qızı Zərifə ilə birlikdə sexdə televizora baxarkən qonşuluqda yaşayan və qəssab işləyən Şaiq sexin qapısını döyərək ondan qutab və 2 manat borc pul istəyib. Bu zaman Şaiq içkili olub, buna görə də ona qutab versələr də, pul verməyiblər. Təqribən bir saat sonra qızı yatmağa hazırlaşarkən güclü partlayış səsi eşidib küçəyə çıxıb. Həmin vaxt kafenin yandığını görüblər və tez yaxınlıqdakı polis köşkünə gedib, qapını döyərək polis  çağırıblar. Ancaq heç kəs cavab verməyib. Geri qayıdanda yolda tanımadığı bir oğlanla qarşılaşıb, kömək etməsini xahiş eləyiblər. Həmin oğlanla birlikdə kafenin pəncərəsini sındıraraq pəncərədən içəri vedrə ilə su atmağa başlayıblar. Həmçinin, sexdən də bel gətirib həmin oğlana veriblər. Oğlan isə bellə qar götürərək kafedən içəri tullayıb ki, alov sönsün. Zərifə kafenin qapısının bağlı olduğunu görüb qapının üstündəki zənciri açır, qapıdan alovun üstünə su tökməyə başlayır. Təqribən 10 dəqiqədən sonra 3-4 nəfər polis işçisi və Həkimin ögey oğlu Cəlal da gəlib çıxırlar. Tüstü çəkiləndən sonra kafenin qapısından içəri boylananda isə orada külə dönmüş meyit görürlər.
Məhkəmənin hökmü ilə törətdiyi əməl sübuta yetirilən Cəlal Qayıbov 13 il müddətinə azadlıqdan məhrum edilir.


Ayxan
+  -  Çap 
Yerləşdirilib: 10.12.11 | Baxılıb: 121

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •