Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Aşıq sənəti və Novruz bayramı beynəlxalq səviyyədə tanınacaq
Milli sərvətlərimiz YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına düşəcək

Azərbaycan Aşıq sənəti və Novruz bayramı bu ilin oktyabr-noyabr aylarında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu yöndə təbliğat tədbirləri isə artıq xeyli müddətdir ki, davam etdirilir. Belə ki, bu il mart ayının 29-da Fransanın "Maison des Cultures du Monde" Assosiasiyası və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı nəticəsində Parisin məşhur Luvr Muzeyində Azərbaycan aşıqlarının konserti keçirilib. Bu Assosiasiya ilə birgə aşıq sənətinə həsr olunmuş CD buraxılıb. Həmçinin cari ilin mart ayında Strasburq Konservatoriyasının konsert zalında aşıq musiqisi konserti keçirilib. Qeyd edək ki, aşıqlarımız keçən ay Böyük Britaniyanın London, Brayton, York, Nyu-Kasl, Kornuel kimi böyük şəhərlərinin zallarında da çıxış ediblər. Həmçinin ölkə daxilində Aşıqlar Birliyinin fəaliyyəti canlandırılıb, çoxsaylı Dəyirmi masalar, konsertlər keçirilib.
Xalqımızın qədim bayramı olan Novruz bayramı isə Azərbaycanla yanaşı, bir çox ölkədə də qeyd olunur və bu səbəbdən YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına Azərbaycan, Hindistan, İran İslam Respublikası, Qırğızıstan, Özbəkistan, Pakistan və Türkiyənin beynəlmiləl bayramı kimi daxil edilib. Eyni zamanda, Novruz bayramının dünyada daha çox tanıdılması və Beynəlxalq Novruz Gününün qeyd edilməsi üçün Xarici İşlər Nazirliyinin tərəfindən çoxsaylı tədbirlər görülür.
Bütün bu tədbirlərin davamı olaraq dünən Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Aşıq sənəti və Novruz bayramının namizədlik fayllarının və aşıq sənətinə həsr olunmuş kitabça və kompakt disklərin təqdimat mərasimi keçirildi. Dövlət qurumlarının nümayəndələrinin, AMEA-nın əməkdaşlarının, xarici ölkə səfirlərinin və KİV nümayəndələrinin qatıldıqları tədbirdə Aşıq sənətinin və Novruz bayramının YUNESKO-nun mötəbər siyahısına daxil olunmasının əhəmiyyətindən danışıldı.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq şöbəsinin müdiri Nazim Səmədov tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verdi. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Aşıq sənəti və Novruz bayramının YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilməsini müstəqillik qazandığımız illərdə əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri kimi dəyərləndirdi: "Sovet dövründə Azərbaycanın hər hansı incəsənət və mədəniyyət nümunəsi heç zaman dünyanın heç bir siyahısına daxil olmamışdı və ola da bilməzdi. Ancaq xalqımız müstəqillik dövründə dünya mədəni prosesinə öz töhfəsini verməyə hazır olduğunu bir daha sübut etdi. Müstəqilliyimiz bizə imkan verdi ki, xalqımız öz adı ilə tanınsın. Müstəqilliyə qədəm qoyduğumuz illərdə YUNESKO-nun siyahısına təkcə bir incimizin - İçərişəhərin daxil edilməsindən söhbət gedirdi. Ancaq bu qədim abidənin həmin siyahıdan çıxarılma təhlükəsi var idi. Amma görün vəziyyət necə dəyişdi! Nəinki İçərişəhər həmin siyahıda qorunub saxlanıldı, hətta yeni mədəni incilərimiz bu mötəbər siyahıya daxil edildi. Cənab prezidentin bu sahədə apardığı siyasət nəticəsində mədəniyyətimizin inkişafına, mədəni incilərimizin beynəlxalq aləmdə tanınmasına nail olduq. Ona nail olduq ki, 3 mədəni nümunəmiz bəşəriyyətin mədəni irs siyahısına daxil oldu. 3-4 il bundan əvvəl qədim yaşayış məskəni olan Qobustan YUNESKO-nun siyahısında yer tutdu. Azərbaycan Aşıq sənəti və Novruz bayramı bu ilin sentyabr-oktyabr aylarında Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edildi. Bu gün muğamımızın belə yüksək səviyyəyə qalxması sübut etdi ki, dünya ictimaiyyəti mütləq Aşıq musiqisi və Novruz bayramına da belə münasibət göstərməlidir". Ə.Qarayev bu mühüm işlərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunun danılmaz olduğunu qeyd etdi. Novruz bayramının Azərbaycanın qədim və ənənəvi bayramı kimi dəyərləndirən nazir bildirdi ki, hələ sovet dönəmində - bu bayramın rəsmi qaydada qeyd olunması qadağan olunduğu vaxtlarda xalqımız Novruz bayramını öz evlərində qeyd edib. Nəhayət, müstəqillik qazandıqdan sonra Novruz bayramı rəsmi qaydada qeyd olunmağa başlanıb: "Dövlətin və geniş ictimaiyyətin öz mədəniyyətinə və incəsənətinə münasibəti onun inkişafına doğru müsbət addım oldu. Hesab edirəm ki, Novruz bayramının YUNESKO siyahısına daxil edilməsi bu bayramın adət-ənənələrinin qorunub saxlanılması baxımından da böyük əhəmiyyət kəsb edəcək". Ə.Qarayev gələn ildən YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına Azərbaycan xalçaçılığı ilə bağlı namizədlik faylının da təqdim olunacağını diqqətə çatdırdı.
AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə də Aşıq sənəti və Novruz bayramının YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilməsini Azərbaycan xalqı üçün böyük uğur kimi dəyərləndirdi: "Sevindirici haldır ki, Azərbaycanın mədəni nümunələri haqqında YUNESKO-nun qərarları davam edir. Heç şübhəsiz, bu qərarların qəbul edilməsində Mehriban xanım Əliyeva böyük rol oynayır. Nəticədə Azərbaycanın imici beynəlxalq aləmdə get-gedə yüksəlir. Cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycan iri addımlarla beynəlxalq aləmə daxil olur. Azərbaycanın siyasəti, elmi, mədəniyyəti və s. durmadan inkişaf edir". Novruz bayramını xalqın əziz bayramı kimi dəyərləndirən A.Əlizadə vurğuladı ki, bundan sonra Novruz bayramı təkcə müsəlman ölkələri arasında deyil, bütün beynəlxalq aləmdə tanınacaq.
YUNESKO-nun Azərbaycan üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva şifahi xalq ədəbiyyatına daxil olan aşıq sənətimizin və qədim bayramımız olan Novruzun bütün dünyada Qeyri maddi-mədəni irs nümunəsi kimi tanınmasını qürur doğuracaq hadisə kimi dəyərləndirdi: "Bundan sonra Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Qurbani, Xəstə Qasım və başqa görkəmli aşıqlarımız və aşıq sənəti nümunələrimiz dünya xalqlarının sərvətləri içərisində sayılacaq. YUNESKO-nun Azərbaycan üzrə Milli Komissiyası həm Aşıq sənətinin, həm də Novruz bayramının bu mötəbər siyahıya daxil olması üçün mühüm işlər görür. Bu işdə Mehriban xanım Əliyevanın və Mədəniyyət və Turizm Nazirliyinin böyük əməyi var".
YUNESKO-nun eksperti Sənubər Bağırova aşıq sənətinin və Novruz bayramının YUNESKO-nun siyahısına daxil edilməsinin təşəbbüskarının Mehriban xanım Əliyeva olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Bu iş Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və təşkilatçılığı ilə başa gəlib. İcrası isə mənə həvalə olunub". YUNESKO-nun siyahısına daxil olmanın əhəmiyyətindən danışan Sənubər xanım bildirdi ki, bundan sonra Aşıq sənəti və Novruz bayramı həm də beynəlxalq səviyyədə tanınacaq: "Əgər indiyə qədər yalnız özümüz bilirdik ki, Aşıq sənəti dəyərlidir, bundan sonra bunu bütün dünya biləcək. Heç şübhəsiz, beynəlxalq səviyyədə tanınması üçün Aşıq sənətini təqdim etmək lazım idi. Biz göstərməli idik ki, Aşıq sənəti nədir və cəmiyyətin ona münasibəti necədir. Öz təqdimatlarımızla sübut etdik ki, Aşıq sənəti qədim sənət nümunəsidir və bunu maddi-mədəni irs nümunəsi kimi qorumaq lazımdır. Eləcə də Novruz bayramının Azərbaycan xalqının qədim bayramı olduğunu təsdiqlədə bildik. Sevinməliyik ki, illərlə qeyd olunması qadağan olunan, hazırda isə özümüzün rəsmən qeyd etdiyimiz bu bayram həmçinin dünya xalqları tərəfindən tanınacaq".
Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub vurğuladı ki, Aşıq sənətimizin dünya xalqları tərəfindən tanınması, YUNESKO-nun mötəbər siyahısına daxil edilməsi xalqımız üçün qürurverici hadisədir: "Azərbaycan prezidentinin tarixi qəhrəmanlığı sayəsində Azərbaycan mədəniyyətinin işğalının qarşısı alınıb. Bugünkü yaşadığımız əhval-ruhiyyə də həmin uğurların nəticəsidir. Eləcə də qədim bayramımız olan Novruzun beynəlxalq aləmdə tanınması böyük hadisədir. Bu münasibətlə xalqımızı təbrik edirəm!"
Professor Məhərrəm Qasımlı, millət vəkili Nizami Cəfərov və digər çıxışçılar da Aşıq sənəti və Novruz bayramının YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini mühüm hadisə adlandıraraq əhəmiyyətindən danışdılar.
Tədbirin sonunda Aşıq sənətinə həsr olunmuş kitabça və kompakt disklərin təqdimatı keçirildi.


Təranə MƏHƏRRƏMOVA
+  -  Çap 
Yerləşdirilib: 04.12.09 | Baxılıb: 301

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •