Leninin papirosundan, Brejnevin siqaretinə qədər
Hər cəmiyyətin öz adət-ənənəsi var. O cümlədən, dövlət liderlərinin, xüsusən, uzun illər hakimiyyətdə olanların xarizmatik və əsaslanmış vərdişləri olub. 1922-ci ildə SSRİ-də (o zaman Stalin baş katib idi) 1982-ci ilə qədər (Brejnevin ölümü) 60 il müddətində hakimiyyətdə fəal siqaret çəkən adamlar olub.
Lenin nə üçün siqareti atdı?
Dünya proletariatının rəhbəri Vladimir Ulyanov bir çox şahidlərin xatirələrinə görə, yaxşı siqaretçəkən olub. O, erkən yaşlarından çəkməyə başlayıb və tez də siqaretdən uzaqlaşıb. Sonra isə hətta, siqaretin zərəri haqqında müzakirələrə də qoşulub.
Birinci Kreml pulemyot kursunun kursantı Fyodor Solodov 1922-ci ilin 1 may tarixində keçirilən əfsanəvi iməciliyi – Leninin şalban daşımasını xatırlayıb: «İstirahət zamanı hamı şalbanın üzərində oturmuşdu. Vladimir İliç də bizimlə oturmuşdu. Biz siqaret çəkirdik. O, bizə baxdı və dedi: «Siz siqaretdə yaxşı nə tapmısınız, axı tütün zəhərdir. O, sizin sağlamlığınızı məhv edir». Biz isə öz növbəmizdə ondan soruşduq: «Bəs siz, Vladimir İliç nə vaxtsa çəkmisiniz?» - «Hə, necə olubsa, gənclik illərimdə çəkmişəm. Sonra atmışam və daha heç vaxt məşğul olmamışam».
Stalin: Tənbəki çubuğundan siqara qədər
Leninin xələfi İosif Vissarionoviç Stalin Kommunist Partiyasının və Sovet dövlətinin postuna rəhbərlik edəndə demək olar ki, 28 il ərzində siqaret çəkib və bundan heç vaxt bezməyib. Sovet filmlərində və ədəbi əsərlərin çoxunda həmişə Stalinin yalnız bir tipajı görünüb – «Hersoqovina Flor» tütünü ilə doldurulan tənbəki çubuğu ilə. Bir çox müəlliflərin fikrincə, “xalqlar atası” ya siqaretin tütününü ovub tökür, ya da sadəcə onları bölərək tənbəki çubuğuna doldururmuş. Amma doğurdan da baş katib təkcə tənbəki çubuğu çəkməyib. O, tütün qutusundan doldurulan papiroslar, bolqar, hətta Havana siqarları çəkib. Tütünə gəlincə, “xalqlar atası”nın ən çox sevdiyi Amerika növü olan “Edgewood Sliced” siqarı olub. Bolqarıstan Kommunist Partiyasının lideri Georgi Dimitrov 1936-cı ildə Stalinə Amerikadan qablaşdırılmış tütün hədiyyə gətirib. Rəhbər hədiyyəyə sevinsə də, təəssüfünü də gizlətməyib. Həkimlər ona tənbəkini qadağan ediblər.
Məşhur sovet diplomatı, Stalinin tərcüməçilərindən olan Valentin Berejkov xatırlayıb ki, 1943-cü ildə Tehran konfransı zamanı “xalqlar atası” artıq tənbəki çubuğu çəkməyib. «O, marşal formasında idi. Amma həmişəki kimi pinti görünürdü. Əzilmiş şalvarı, özünün heç vaxt dəyişmədiyi, yumşaq Qafqaz çəkmələrində idi. Çəkmirdi. Həkimlər ona qadağan etmişdilər».
Yaşlı dövründə həkimlər həqiqətən Stalinə çəkməyi məsləhət görmürdülər. Amma o, bu məsləhətə həmişə qulaq asmırdı. «Stalinin yaxındakı bağı» kitabının müəlliflərindən olan A.N.Şefovun ailə arxivində, Stalinin Volınskidəki bağının nəzarətçisi Orlovla söhbətinin fraqmentləri yer alıb. “Evin kiçik yeməkxanasının bağa açılan aynabəndində kiçik nəfəslik vardı. Stalin son illər adəti üzrə nəfəsliyi açıb balaca stulla siqareti götürür, orada oturur və çəkirdi. Külünü isə külqabıya yox, nəfəslikdən çırpırdı. Həmin vaxt həkimlər ona çəkməyi qadağan etmişdilər. Növbətçi zabit daima pəncərədə tütün külü tapırdı. Mühafizə əməkdaşları özlərinin tapıntıları ilə bağlı Stalinə məlumat verir, nəfəsliyin qırağındakı külü göstərirdilər.
«Günahkaram, gələn dəfə daha səliqəli olacağam» - deyə cavab verirdi. Stalinin balaca yeməkxanada hansı ehtiyatlarının olması da müəyyənləşib. «O, həmişə çıxış qapısının sol küncündə otururdu. Orada həmişə adətən 14 rəngli qələm və bloknot olurdu. Həmçinin sovet papirosunun qutuları və «Lyuks» bolqar siqareti, Havana siqarları, tənbəki çubuğunu təmizləyən və kibritlər olurdu. Bir sıra müəlliflər hesab edirlər ki, Stalin Havana siqarlarını barmaqları ilə 3 hissəyə bölür və tənbəki çubuğuna doldururdu. Külqabılar, tənbəki çubuqları, papiroslar, siqarlar, tütün qutuları demək olar ki, bütün binada, hətta, Stalinin nadir hallarda qalxdığı bağın ikinci mərtəbəsində də var idi. Siqaretçəkənin aksessuarları hətta, şəhər meydanında, bilyard və hamamda da yer almışdı. Stalin ölümünə 3 ay qalmış çəkməyi tərgidibmiş. Amma bunun ona xeyri olmayıb”.
SSRİ-nin axırıncı siqaret çəkəni - Brejnev
Nikita Xruşşov ölkə və Kommunist Partiyası rəhbərliyi postunda Stalini əvəz edəndən sonra, siqaretlə hər hansı münasibəti nəzərə çarpmayıb. Özü çəkməyib, amma çəkənlərə də barmaqarası baxıb. Onun mühafizəsində işləyən Aliksey Salnikovun xatırladığına görə, hətta, o çəkənləri qovurmuş.
Marşal Voroşilov çəkməyin qəti əleyhinə idi. Deyirlər ki, o, uşaqlıqda «Kim daha çox çəkir» deyə mübahisə edib və sonda huşunu itirib. Onun mühafizə işçisi Viktor Kuzovlev xatırlayıb: «Voroşilov dəymədüşər deyildi. Heç vaxt heç kimə qarşı dözümsüzlük göstərmirdi. Amma dözmədiyi yeganə adamlar siqaret çəkənlər idi. Yadımdadır, xizək gəzintisi zamanı damağında papiros olan gənclə qarşılaşanda Voroşilov onu saxlayaraq ağzından siqareti çıxarıb qarın üstünə atdı. «Cavan oğlan, özün xizəkdə gedirsən, amma siqaret çəkirsən»- deyə bildirdi.
KP MK-nın «Boz-kardinal»ı Mixail Andreyeviç Suslov da siqaret çəkməyə fanatikcəsinə nifrət edib. Hətta, siqaret çəkən Brejnev də onun yanında ehtiyat edirmiş. Mühafizəçilərin xatırladığına görə, Suslov onun otağına daxil olanda: «Mişa xoşlamır» - deyə Brejnev siqareti söndürür və otağın havasını dəyişməyi əmr edirdi. Xokkey yarışlarına baxış zamanı da papiros çəkmək üçün tənəffüslərdə siyasi büronun üzvləri Suslov gələndə sanki ayin yerinə yetirirmiş kimi külqabıları da aradan götürürdülər.
Baş katibin kürəkəni Yuri Çurbanov Brejnevin siqaret çəkməsi haqqında danışıb: «Leonid İliç hələ müharibə vaxtından siqaret çəkib. Mən onunla tanış olanda o, «Novost» və «Krasnopressnenski» siqaretləri çəkirdi. Nə zaman ki, həkimlər ona çəkməyi qadağan etdilər, o, mühafizəçilərinin, əməkdaşlarının və yaxınlarının siqaret çəkməsinə qadağa qoydu. Bir dəfə xokkey yarışında olarkən məndən soruşdu: «Yura, sənin siqaretin var? Ver, mən çəkim». Əlbəttə, mən siqaret qutusunu ona uzatdım. O, siqareti götürdü. Mən yandırmaq üçün alışqanı çıxardım. O, mane oldu və dedi: «Yura, bu siqaretləri çəkmə». Bəlkə siqaretin dadı onun xoşuna gəlməmişdi. Bəlkə onun üçün kifayət qədər yüngül idi. Mən o zaman «Kent» çəkirdim. O vaxtdan başlayaraq mən bir cibimdə öz siqaretimi, digər cibimdə isə sınaq üçün «Paytaxt» siqaretini gəzdirirdim”.
Brejnevin şəxsi həkimi Viktor Suxodrev danışır ki, həkimlər ona çəkməyi qadağan edəndən sonra o, əvvəlcə gündəlik normasını azaltmağa başlayıb. O zaman DTK-nın şöbələrindən biri ona qırmızı, tünd-yaşıl rəngli bloklanmış podsiqar hazırladı. Bundan sonra o, bir siqareti götürdükdən sonra növbəti siqareti götürməyə podsiqar ona 45 dəqiqədən sonra siqar götürməyə icazə verirdi. Amma Brejnev çəkməkdən imtina edəndən sonra da o, xahiş edirdi ki, daim ona nəzarət edən mühafizəçilər yanında olsunlar. Şəxsi mühafizəsinin rəisi Vladimir Medvedyev xatırlayır: «Hətta Siyasi Büronun iclası keçiriləndə xahiş edirdi ki, yanımda otur, çək». Əlbəttə, Siyasi Büronun bütün üzvlərinə, xüsusən qocalara bu, xoş gəlmirdi. Axı, orada siqaret çəkməyənlər var idi, amma onlar etiraz etməyə cəsarət etmirdilər. Ordunun və ya partiyanın hər hansı bir iclasında yerli partiya rəhbərləri otururdu, biz mühafizəçilər isə onların arxasında qapqara siqaret tüstüsü ilə qalırdıq.
Brejnev hətta, xarici liderlərlə görüşdə də öz vərdişindən əl çəkmədi. Viktor Suxodrev öz xatirələrində yazır: «Baş katib danışıqlar zamanı birdən narahat olurdu və onunla yanaşı oturub siqaretlə arası olmayan xarici işlər naziri Qromıko və köməkçisi Aleksandrova baxırdı. Sonra isə Suxodrova deyirdi: «Vitya, sən ki, çəkirsən, xahiş edirəm, çək». Mən çəkirdim və təbii ki, tüstüsünü kənara yönəltməyə çalışırdım. Onda Brejnev: «Belə yox, tüstünü mənə tərəf»- deyə xahiş edirdi.
Əlbəttə, bu sürrealist rəsm idi. Təsəvvür edin, danışıqlarda ölkə rəhbəri öz tərcüməçisi ilə oturub, tərcüməçi çəkir və tüstüsü ölkə rəhbərliyinin sifətinə üfürülür...
Sağlam olun
Bəs Brejnevdən sonra nə baş verdi? Anov çəkmirdi. Çernenko partiyaya rəhbərlik edəndə və dövlətin birinci şəxsi olanda ağır xəstə idi. Qorbaçov da çəkən olmayıb. Rusiyanın birinci prezidenti Boris Yeltsin kimi.
Vladimir Putin isə bəyan edib ki, müasir tibbi testlərdən keçib və siqaret çəkmədiyini sübuta yetirib. O, hətta, hökumətin tərkibində olan siqaretçəkənlər haqqında məsələ də qaldırıb. Bir dəfə hökumət üzvlərindən hansının siqaret çəkməsi ilə maraqlanıb və deyib: «Siz siqaretə qarşı necə mübarizə apararsınız? Şəxsi nümunə ilə mübarizə aparmaq lazımdır. Siz özünüz də çəkirsiniz, sizə də siqareti atmaq lazımdır”.
Hətta, Putin və Yaponiya baş nazirlərinin görüşündə artıq klassik lətifəyə çevrilən nümunə də var. Yapon baş naziri «Siz Kuril barəsində nə deyə bilərsiniz?» sualını Putin bir an da fikirləşmədən: “Bilirsinizmi, mən çəkmirəm, sizə də məsləhət görmürəm, sağlam olun».
“Komsomolskaya pravda”dan tərcümə etdi:
Təranə Məhərrəmova