Yunanıstan təşkilat adından bəyanat yayıb
ATƏT-ə sədrlik edən Yunanıstanın adından ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin və Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin dekabrın 1-də qəbul etdiyi bəyanatla əlaqədar bəyanat verilib. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların pozitiv dinamikası alqışlanır və tərəflər hamı tərəfindən qəbul olunan sülh müqaviləsinin ilkin variantını hazırlamağa səslənir: "Biz ATƏT-ə həmsədrlik edən ölkələrin xarici işlər nazirləri - Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqin, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatını alqışlayır və tərəfləri danışıqların pozitiv dinamikasını davam etdirməyə çağırırıq. Biz, həmçinin onların Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Madrid sənədinə əsaslanan baza prinsiplərini müəyyənləşdirmək işini yekunlaşdırmaq barədə qərarını və dərhal bütün tərəfləri qane edəcək sülh sazişini hazırlamaq qərarını dəstəkləyirik".
ATƏT-ə sədrlik edən Yunanıstanın adından qəbul olunan sənəddə, həmçinin qalan məsələlərin həlli istiqamətində, əsasən də Helsinki Yekun Aktında öz əksini tapmış güc tətbiqindən imtina, ölkələrin ərazi bütövlüyü, xalqların bərabər hüquqluluğu və öz taleyini müəyyənləşdirmək prinsipləri əsasında tərəflərin razılığa gəlməsi üçün intensiv fəaliyyətə hazırlıq bəyan edilir: "Əminik ki, bu gün bütün regionda gələcək sülh, stabillik və çiçəklənmənin əsasının qoyulması üçün real imkanlar var". Yeri gəlmişkən, Afinada yurnalistlərə açıqlama verən Ermənistan prezidenti Edvard Nalbandyan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesləri arasında bağlılıq yoxdur: "Türkiyənin xarici işlər naziri ilə görüşdə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələləri və ikitərəfli protokolların ratifikasiyası prosesi müzakirə olunub. Dağlıq Qarabağ problemi müzakirə edilməyib, çünki buna ehtiyac yoxdur. Bu iki prosesi bir-biri ilə əlaqələndirmək olmaz. Biz bunu hamıya, o cümlədən də türklərə deyirik. Bu, təkcə bizim fikrimiz deyil. Bütün beynəlxalq birlik belə hesab edir". Nalbandyan türkiyəli həmkarı Əhməd Davudoğlunun Elmar Məmmədyarovla görüşdə "Ermənistan-Türkiyə protokollarının ratifikasiyası yalnız Ermənistanın Azərbaycan ərazilərini azad etdikdən sonra mümkündür" bəyanatına da münasibət bildirib: "Əgər biz bu protokolları ratifikasiya etməyəcəkdiksə, bəs nə üçün onları imzalamışıq? Zənnimcə, tərəflər başa düşür ki, protokollar ratifikasiya edilməli və əlverişli vaxtda həyata keçirilməlidir. Əlverişli vaxt dedikdə, ilk öncə, bu yolda süni maneələr və çətinliklərin yaradılmayacağını nəzərdə tuturam".
Kamran
|