Cahangir Məmmədli: “Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı yoxdur”
Qulu Məhərrəmli: “Mən yeni mediada sarı mətbuatın nəfəsini və jurnalist məsuliyyətinin aşağı səviyyədə olmağını hiss edirəm”
Hər bir millətin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər ölkədəki siyasi vəziyyət də onun mətbuat azadlığı ilə bağlıdır. Məşhur yunan filosofu Aristotel deyirdi: “İnsan ağıllı vücuddur. Onun ağlı və işgörmə qabiliyyəti var, bunlardan biri olmasa və ya təzyiq altına düşsə, həmin insanın yaradıcılıq qabiliyyəti itmiş olar”.
Yaradıcılıq isə söz vasitəsilə nümayiş olunur. Söz insan şüuruna təsir edən ən mühüm amildir. Söz demək səlahiyyətini qazananlar sözün yaradıcı gücü ilə yanaşı, dağıdıcı gücünü də nəzərə almalıdır. Sözün yerli-yerində işlədilməsi, onun etik normalarına əməl edilməsi isə daha çox jurnalistlərdən tələb olunur. Çünki jurnalistin fəaliyyəti özünün intensivliyi və əhatə dairəsi ilə hər an, hər dəqiqə cəmiyyətin üzvlərinə təsir edir. Buna təkan verən yeganə amil isə mətbuatın azad olmasıdır. İnsanın öz davranışı üçün mənəvi məsuliyyət daşıması yalnız azadlığın mövcudluğu şəraitində mümkündür. Azadlığı isə özbaşınalıqla qarışdırmaq olmaz. İnsan cəmiyyətdən kənarda deyil, yalnız cəmiyyətdə azad ola bilər. 1915-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə nəşr olunan “Açıq söz” qəzeti müstəqillik və azadlıq ideyalarını ortaya qoyaraq mətbuatı azad görmək istəyirdi: “O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun...”
KİV haqqında qanun mətbuat azadlığını tam təmin edir
“Azərbaycan Respublikasında kütləvi informasiya azaddır”. Bu sözlər Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il “Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında” qanununda deyilir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli hesab edir ki, Azərbaycan jurnalisti bu gün istədiyi fikirləri sərbəst olaraq yazır və onu azad şəkildə yaya bilir. Mütəxəssis mediaya verilən azadlığı Azərbaycan Respublikasının “KİV haqqında qanunu”ndakı imkanlarla əsaslandırır: “İlk qəzetimiz olan “Əkinçi”dən müstəqillik əldə etdiyimiz vaxta qədər Azərbaycan mətbuatı çox sərt basqılar altında olub. Yalnız 1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, sözün əsl mənasında mətbuat azadlığı olub. O vaxt bolşeviklər guya söz və mətbuat azadlığının carçısı kimi hakimiyyətə gəldilər. Amma bunun tam əksinə getdilər və təkcə bir faktı deyim ki, Xalq Komissarları Sovetinin lideri V.İ.Lenin birinci dekretini iyirmiyə yaxın qəzetin bağlanması ilə bağlı imzalayıb. Sovet dövründə isə senzuranın adını dəyişib qlavlit – dövlət sirlərini mətbuatdan qoruyan idarə – qoymuşdular. Amma dünyada bundan əzazil senzura qurumu olmayıb. Təbii ki, bunlar hamısı tarixdə qaldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk qəbul etdiyi qanunlardan biri Kütləvi İnformasiya Vasitələri haqqında oldu. Bu qanundan sonra Azərbayanda mətbuata böyük önəm verildi, birinci dəfə olaraq, mətbuatın özəl sektoru yarandı. Daha sonra bu qanun təkmilləşdirildi və yenidən qəbul olundu. Beləliklə, ideal bir qanun ortaya çıxdı. Bu, hətta Avropanın bəzi ölkələrindən də çox tolerant, liberal və obyektiv bir qanun oldu. Yəni Azərbaycan Respublikasının KİV haqqında qanunu mətbuat azadlığını tam təmin edən bir qanundur”.
Cahangir Məmmədli mətbuatın azad olub, azad görünə bilməməsini belə izah edir: “Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı yoxdur. Gileylənənlər var, ola bilər ki, bu qanunlarda yenidən baxılası məqamlar olsun. Amma hazırda Azərbaycan mediasında hər kəsin söz demək üçün yeri var. Mən əgər iqtidar əleyhinə söz demək istəyirəmsə, əlimdə müxalifət qəzetləri var, yaxud əksinə. Lakin çox yaxşı olardı ki, bu qəzetlərin hər ikisində, həm də özlərinin istiqamətlərini tənqid eləyən jurnalistlər olsun. Biz o zaman mətbuat azadlığını tam azad şəkildə görə bilərdik ki, müxalifət qəzetləri öz liderlərini, iqtidar qəzetləri də öz liderlərini tənqid eləyə bilsinlər”.
Jurnalist məsuliyyətinə gəldikdə isə, Cahangir müəllim hesab edir ki, ənənəvi media daha məsuliyyətlidir, nəinki yeni media: “Yeni medianın ən önəmli problemi peşəkarlıq və jurnalist məsuliyyətinin aşağı olmasıdır. Klassik mətbuatımızda bir məqalə ən azı iki-üç nəfərin gözündən keçir, internet mediasında isə bəzən bir nəfər həm yazır, həm də məlumatı dəqiqləşdirməmiş yayır. Bu isə təbii ki, onun öz məsuliyyətini dərk etməməsidir”.
İctimaiyyət qarşısındakı məsuliyyət unudulmamalıdır
Media eksperti, araşdırmaçı jurnalist Rizvan Qənbərli isə qəzetimizə verdiyi məlumatda jurnalistlərin çətin şəraitdə çalışdıqlarını bildirdi: “Bu çətinlikləri müxtəlif kateqoriyalarda dəyərləndirmək olar. Əvvəla, jurnalistlər məhdud zaman çərçivəsində işləyirlər. Bundan əlavə, gündəlik peşə praktikalarının yol açdığı çətinliklər də var. Bunlarla yanaşı, təbii olaraq jurnalistlər də bəzi səhvlərə yol verməkdədirlər. Bəzən xəbəri tam araşdırmadan vermək çox vaxt şəxslərə və ya ictimai qruplara qarşı müxtəlif haqsızlıqlara səbəb olur. Bunlar isə peşəkarlıqdan tamamilə uzaqdır. Jurnalist hər şeydən öncə oxucuları, izləyici və dinləyiciləri qarşısında böyük məsuliyyət daşıyır. Çünki onlar ölkədə və dünyada baş verən hadisələr haqqında xalqı məlumatlandırmaq kimi bir missiyanı həyata keçirirlər. Buna görə də jurnalist peşə fəaliyyətinin hər mərhələsində bu məsuliyyətini yaddan çıxarmamalıdır”.
Rizvan Qənbərli jurnalistikada məsuliyyət hissinin hazırda dünyada iki yeni praktikasının olduğunu bildirdi: “Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da media və jurnalistlər müxtəlif tənqidlərlə qarşılaşırlar. Vətəndaşlardan ictimai qruplara, dövlət orqanları rəhbərlərindən elm adamlarına qədər müxtəlif qruplar jurnalistləri düzgün fəaliyyət göstərməməkdə qınayırlar. Bunlar çox vaxt yerində olan tənqidlərdir. Eyni zamanda bu tənqidlər jurnalistlərin peşə məsuliyyətini nəzərə almadıqları fəaliyyətləri haqda daha çox səsləndirilir. Jurnalistlər qeyri-jurnalist şəxs və ya qrupların bu tənqidlərini dinləməli və peşə fəaliyyətlərində bunları nəzərə almalıdırlar. Bundan əlavə, tənqid edən şəxslərin onları tənqid etmələrinə əsas verməməlidirlər. Bu məqsədlə jurnalistikada özünütənqid xüsusi əhəmiyyətə malikdir. Özünütənqid sadəcə jurnalistin deyil, eyni zamanda media qurumlarının rəhbərlərinin də vəzifə borcudur. İctimai rəyin səsi olmağı özünə məqsəd seçmiş hər bir media orqanı ictimai rəyi nəzərə almalı və ona qarşı daşıdığı məsuliyyəti unutmamalıdır. Jurnalistikada məsuliyyət hissi dünya təcrübəsində iki yeni praktikanın əsasını təşkil etməkdədir. Bunlardan biri özünənəzarət mexanizminin qurulması, digəri də bu mexanizm çərçivəsində peşə əxlaq qaydalarına riayət məcburiyyətidir”.
İstifadəçilərin marağına xidmət edən yeni qaydalar hazırlanmalıdır
Müasir Azərbaycan jurnalistikasının tanınmış simalarından olan teleaparıcı və şərhçi Qulu Məhərrəmli isə ənənəvi jurnalistikadan fərqli olaraq, yeni mediada jurnalist məsuliyətinin aşağı səviyyədə olduğunu deyir: “Bu mövzunun özü jurnalistikamız üçün çox aktual məsələdir. Ümumiyyətlə, ənənəvi media ilə yeni mediada imkanlar fərqlidir. Yəni yeni mediada xəbərin təqdimatı xeyli cazibədar olub. Ona görə ki, onun xəbəri səsli və görüntülü vermək və s. imkanları var. Eyni zamanda, virtual aləmdə ifadə imkanları genişləndikcə, həm də məsuliyyətlə bağlı məsələlər ortaya çıxır. Bu gün çox təəssüf ki, yeni mediada peşəkarlıq çox aşağı səviyyədədir, yəni o sərbəstliyin dadını bilməyən gənc jurnalistlər xəbər dəyərlərini, xəbəri cazibədar şəkildə təqdim etməyi bacarmırlar. Önəmli olan budur ki, yeni media yeni jurnalist tipi tələb eləyir. Bu tip birinci növbədə yüksək peşəkar xəbər dəyərlərini mənimsəmiş jurnalistdir, ikincisi isə yüksək texnoloji vərdişlərə yiyələnmiş bir tipdir. Yəni bu şəxs həm mətni özü yaza bilir, həm radionun imkanlarına yiyələnir və eyni zamanda, kamerayla, fotoaparatla çəkir, informasiyanın qrafikasını, görüntüsünü özü həll edə bilir. Mən hazırda yeni mediada sensasiyalılıq və sarı mətbuatın nəfəsini və jurnalist məsuliyyətinin aşağı səviyyədə olmasını hiss edirəm. Bu gün əksər xəbər saytları üçün xarakterik cəhət bulvar–sarı mətbuatının üslubunun genişlənməsidir. Bütövlükdə, hesab edirəm ki, yeni və ənənəvi medianın nümayəndələri yığışıb bu sahədəki problemləri müzakirə eləməliyik. Çünki mediadakı bu yenilik bir seldir, yeni imkanlarla yanaşı, özü ilə müəyyən çör-çöplər gətirir. Çoxları da bunu söz-mətbuat azadlığının, internetdəki azadlığın acı meyvəsi kimi cəmiyyətə sırıyırlar. Ona görə də istifadəçilərin marağına xidmət edən və onu təmin edə biləcək yeni qaydalar hazırlamalıyıq”.
Yekun olaraq bu nəticəyə gəlmək olar ki, peşə etikası tarixən yazılmamış qanunlara, yəni vicdanın səsinə, ədalətə, cəmiyyətdə müsbət qəbul olunan qaydalara söykənməklə iki başlıca məqsəd izləmişdir. Əvvəla, bu peşənin lazımlılıq, yararlılıq səviyyəsini qaldırmaq, ikincisi isə cəmiyyət, insanlar qarşısında məsuliyyəti daim dərk etmək.
Elgün Mənsimov