Gültəkin Hacıbəylinin fikrincə, bu qərarı Azərbaycan deyil, ölkəmizi işğal etmiş reyim verib
Son 17 ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik fəaliyyətində heç bir uğur əldə etməyən ATƏT-in Minsk qrupunun, onun həmsədrlər institutunun bundan sonra da fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bu cür düşünür. Onun fikrincə, ATƏT-in Minsk qrupu 17 illik fəaliyyəti dövründə vasitəçilik missiyasını yerinə yetirməkdən çox görüntü yaratmaqla məşğul olub. Çünki Minsk qrupunun təməli qeyri-proporsional format üzərində qoyulub: "Minsk qrupunun tərkibinə, onun həmsədrlər institutuna diqqət yetirəndə görürük ki, burada bir disbalans var". G.Hacıbəyli hesab edir ki, həmsədrlərdən biri olan Rusiya münaqişə başalayandan birmənalı olaraq Ermənistanın yanındadır.
Çünki Ermənistan dövlətini heç vaxt mövcud olmadığı Cənubi Qafaz bölgəsində yaradan, onun qarantı olan məhz Rusiyadır: "Bu baxımdan, daim Ermənistanın yanında olan Rusiyanın Minsk qrupuna həmsədr seçilməsi həm anlaşılandır, həm də anlaşılmazdır... Əslində, mənim Rusiyanın Minsk qrupunda fəaliyyət göstərməsinə də elə bir etirazım yoxdur. Çünki həqiqət budur ki, Rusiyanın istəyi olmadan bu münaqişə həll oluna bilməz. Ancaq Rusiyanın Minsk qrupunda təmsil olunması müqabilində Cənubi Qafqazda Azərbaycan dövlətinin qarantı rolunda çıxış edən qardaş Türkiyə dövləti də həmsədr olmalıdır".
G.Hacıbəyli hesab edir ki, həmsədrlikdə təmsil olunan ikinci ölkə Fransa da dünyada ən güclü erməni diasporuna malikdir və beynəlxalq münasibətlərdə daim Ermənistanı dəstəkləyir: "Təkcə bir faktı qeyd etmək bəs edər ki, Fransanın ali qanunverici orqanı olan Senatda uydurma erməni soyqırımı ilə bağlı çox ciddi qərarlar qəbul edilib". Millət vəkilinin sözlərinə görə, həmsədrlərdən ikisinin ermənipərəst mövqedən çıxış etməsi 3-cü tərəfin - ABŞ-ın neytrallığı fonunda balansın Ermənistanın xeyrinə dəyişməsinə gətirib çıxarır. G.Hacıbəylinin qeyd etdiyinə görə, əslində bu və ya digər dərəcədə nisbətən neytral ölkə hesab olunan ABŞ da öz büdcəsindən Dağlıq Qarabağa uzun illərdir birbaşa maliyyə yardımı ayırır. "Beləliklə, bu formatdakı həmsədrlər institutundan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ciddi töhfə verəcəyini gözləmək sadəlöhvlük olardı" - deyə millət vəkili vurğulayıb. Onun fikrincə, son günlərin hadisələri bir daha sübut edir ki, güclü ölkələrin himayəsində olan ərköyün Ermənistanı sülhə və barışa gətirmək çox çətin olacaq. Millət vəkili deyib ki, Azərbaycana məxsus olan torpaqlar sovetlər reyimi zamanında Ermənistana hədiyyə edilib və indi Zəngəzurun Ermənistana "bağışlanması"nın heç bir hüquqi qüvvəsi yoxdur. Çünki bu bağışlama addımı müstəqil Azərbaycan dövlətinin və xalqının iradəsi ilə deyil, ölkəni işğal etmiş bir reyimin iradəsi ilə reallaşıb.
Yeri gəlmişkən, ötən əsrin 90-cı illərinin əvvəllərində Pol Qobl tərəfindən Laçın dəhlizinin müqabilində Naxçıvanla Azərbaycanı birləşdirəcək Mehri dəhlizinin açılması ideyası da ortaya atılmışdı. G.Hacıbəylinin dediyinə görə, vaxtilə Azərbaycan Demokratik Respublikasının tərkib hissəsi olan və Versal sülh müqaviləsi tərəfindən qanuni Azərbaycan ərazisi kimi tanınan Zəngəzurun 1922-ci il dekabr ayının 1-də Ermənistanda Sovet Sosialist Respublikasının qurulmasının bir illiyi münasibəti ilə həmin "dövlətə" hədiyyə edilməsi, hüquqi baxımdan əsassız bir addımdır. Çünki müstəqil Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının hüquqi varisi deyil. Bu ittifaqın hüquqi varisi indiki Rusiya Federasiyasıdır. İndiki müstəqil Azərbaycan Respublikası isə 1918-20-ci illərdəki ADR-in hüquqi və siyasi varisidir. Bu, birbaşa olaraq Azərbaycan Konstitusiyasında da öz əksini tapıb. "Belə olan halda biz indi 1918-ci ildə Azərbaycan ərazisi olaraq tanınan Zəngəzur üzərində də varislik hüququna malikik. İstənilən halda ən azı danışıqlar prosesinin gedişində bu faktordan istifadə etmək hüququmuz var. O ki qaldı ərazi mübadiləsi məsələsinə, sözsüz ki, Laçın dəhlizinin reallaşacağı təqdirdə bu addıma gedilməsi çox gözəl olardı. Naxçıvanla Azərbaycan arasında quru yolunun mövcud olması, eyni zamanda, Türkiyə ilə Azərbaycanın torpaq yolu vasitəsilə birləşməsi demək olardı".
Millət vəkilinin qənaətincə, beynəlxalq güclər Mehri dəhlizinin yaradılması ideyasının gerçəkləşməsinə imkan verməzlər. Ən azından ona görə ki, bölgədə Dağlıq Qarabağ adlı bir münaqişənin təşkil edilməsinin, Cənubi Qafqazda Ermənistan adlı dövlətin yaradılmasının əsas məqsədi Azərbaycanla Türkiyə arasında bir baryer yaratmaq olub. Bu baxımdan, Mehri dəhlizinin yaradılması, ona nəzarət hüququnun Azərbaycana verilməsi türk dünyasının birləşməsi demək olardı: "Mən düşünmürəm ki, bu bölgədə Qarabağ münaqişəsini yaradan qüvvələr bu ideyanın gerçəkləşməsinə razı olsunlar. Düşünürəm ki, İran tərəfinin də bu ideyanın gerçəkləşməsi ilə bağlı çox ciddi etirazları ola bilər. Necə ki, vaxtilə belə etirazlar olmuşdu. Bu baxımdan, bu ideyanın gerçəkləşməsi çox çətin bir məsələdir".
Bəs görəsən, vaxtilə Azərbaycan torpaqlarının zorla indiki Ermənistana ilhaq edilməsi ilə bağlı sovetlər reyimi dövründə çıxarılan siyasi və hüquqi qərarlar nə vaxtsa Azərbaycan parlamenti tərəfindən ləğv edilə bilərmi? Millət vəkili bildirib ki, ən azı Milli Məclis tərəfindən Zəngəzurun zorla Ermənistana ilhaq edilməsi ilə bağlı qərarın ləğv edilməsi mümkündür. İrəvanla bağlı vəziyyət isə bir az fərqlidir: "Bildiyiniz kimi, İrəvan 1918-ci ildə Azərbaycanda müstəqil dövlət mövcud olduğu bir dönəmdə Ermənistana, istəmədən olsa da belə, güzəşt edilmişdi. Bu da sözsüz ki, həyatlarını Azərbaycan amalı üçün fəda etmiş böyük insanların xəyanəti yox, sadəcə, tarixi reallıqdan doğan bir addım idi. Həmin dönəmdə Bakı uğrunda çox ciddi mübarizə gedirdi və İrəvanın Ermənistana güzəştə gedilməyəcəyi halda Bakının da Versal konfransında Azərbaycanın paytaxtı olaraq tanınması ilə bağlı çox ciddi əngəllər ortaya çıxa bilərdi. Bu baxımdan, həmin addımı ADR rəhbərləri qəsdən, Azərbaycanın strateyi maraqlarına zərbə vurmaq niyyəti ilə deyil, mövcud reallıqdan çıxış yolu olaraq atmışdılar".
İlham QULİYEV