Ermənilərin mənəvi sərvətimizi oğurlamaq cəhdləri uğursuzluqla nəticələndi
Ermənilərin yaxın günlərdə əl atdıqları növbəti Don Kixotluq da baş tutmadı. “Don Kixot” əsərindən maraqlı bir məqamı xatırladıb, sonra məsləyə aydınlıq gətirəcəyik. Belə ki, Don Kixot bütün əsər boyu gücünə görə olmayan arzuya – cəngavər olmağa əl atır.
Nəticədə də arzuları baş-ayaq olur. Migel De Servantes Don Kixotu cəngavərliyə tövbə də elətdirə bilərdi. Amma qəhrəmanını öldürür. Çünki hər bir mövqeli insan yeni ideologiyadır. Don Kixot ölür və İspaniyanın cəngavərlik xülyası – ideologiyası tamam-kamal məhv olur.
Ermənilər hələ Don Kixotluğun “cəngavərlik” mərhələsindədirlər. Bu adamlar başa düşmürlər ki, mədəniyyət tarixi kontekstin çıxarılışıdır. Mədəniyyəti oğurlamaq yox, yaratmaq lazımdır. Ümumiyyətlə, mədəniyyətin oğurlamaq mümkün deyil. Qədim şumerlər mədəniyyəti həm də mentalitet kimi qavrayırdılar. Çünki mədəniyyət mentalitet amilinin tərkib hissəsidir. Ermənilər hər dəfə bizim mədəniyyətimizə oğurlamağa cəhd edib mentalitetimizə vurğunluqlarını bəyan edərək, xalq kimi özünəməxsusluqlarının olmadığını sanki, isbatlamağa çalışırlar. Qayıdaq mətləbə.
Bu günlərdə ermənilər yenə də mahnılarımıza və aşıq sənətimizə göz dikərək, aşıq sənətinin ermənilərə xas olduğunu YUNESKO səviyyəsində isbatlamağa çalışıblar. Noyabr ayının 20-dən 1 dekabr tarixinə qədər İndoneziyanın Bali adasında YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası Komitənin növbəti 6-cı sessiyasının keçirilməsi nəzərdə tutulub. Azərbaycan 2010-cu ildən etibarən həmin komitənin dörd illik üzvüdür. Sessiyanın birinci günündə qeyri-maddi mədəni irsin təcili qorunma siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilərkən ermənilərin təqdim etdiyi “Erməni Aşıq sevgi romansı ənənəsi” və “Erməni su festivalı Vardavar” adlı fayllarda müzakirə edilən iki nominasiya olub. Ermənilərin təqdim etdiyi nominasiyalar ikitərəfli məğlub olub. Əvvəla, həmin nominasiyalar Konvensiyanın müvafiq meyarlarına cavab verməyib, həm də aşıq sənətinin ermənilərin adına çıxılaraq Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinad olduğu komitənin üzvləri tərəfindən aşkarlanıb. Həm də təxribat xarakterli bu nominasiyalar dövlətlərarası dialoqa və qarşılıqlı anlaşmaya zidd olduğuna görə komitənin bir çox üzvləri Azərbaycan nümayəndəliyini dəstəkləyərək Ermənistanın təqdim etdiyi hər iki nominasiyanı qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil etməyə izn verməyiblər.
Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bu işə qarışıb. Hələ oktyabr ayında YUNESKO-ya məktub ünvanlayıb. Məktubda 2009-cu ildə Azərbaycan Aşıq Sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil etdiyini xatırladaraq aşıq sənətinin Azərbaycan xalqına mənsub olduğu bildirilib.
YUNESKO tərəfindən isə bildirilmişdi ki, katiblik bu problemdən məlumatlıdır və Azərbaycan komitənin üzvü kimi bu məsələni iclasda bir daha qaldıra və müvafiq maddələrin və ya əlavənin qəbul edilməsini təklif edə bilər.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə hökümətlərarası Ekspert Komitəsinin müsbət rəyini ala bilməyiblər. Bali adasında keçirilən növbəti 6-cı sessiyada Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyatlı qurumların önləyici tədbirləri müsbət nəticə verib. Bununla da ermənilər öz layiqli cavablarını alıblar. Xatırladaq ki, iclasda ölkəmizi YUNESKO yanında Daimi Nümayəndəliyin birinci katibi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva və müstəqil ekspert-musiqişünas Sənubər Bağırova təmsil ediblər.
Bildiyimiz kimi, ermənilər artıq bir neçə dəfə maddi-mədəni abidələrimizi öz adlarına çıxaraq tütək alətini, Qafqaz abidələrini, eləcə də “Sarı gəlin”i və başqa xalq mahnılarını, “Yallı” rəqsini, folklor nümunələrini heç bir arqument olmadan öz adlarına çıxmışlar. Hər şey bir yana, təkcə Qobustan qayaları üzərindəki “Yallı” rəqsinin və abidələri tikən ustaların daş üzərindəki adlarını və elementlərin həkkini belə görməzdən gəlmək ancaq savadsız və qərəzli düşmənlikdir. Biz yaratmaqdan yorulmuruq, onlar “mənimsəməkdən”. Görünür, “oğurluq sənəti” bəsdir sözünü anlamaqda acizdir. Ermənilərin “Zori Balayan sindromu” var. Elə bilirlər ki, hər şeyi bunlar yaradıblar. Yorulmurlar, oğurlamaqdan...
Fərid Hüseyn