Ştat senatı homoseksualların istəyini rədd edib
Nyu-York ştatının Senatı eynicinsdən olanların nikaha girməsini nəzərdə tutan qanun layihəsini rədd edib. Bununla da Nyu-Yorku eyni cinsdən olanların nikahının qanuniləşdirən altıncı ştat olmasını istəyən seksual azlıqların arzusu ürəyində qalıb. Senatın dünənki toplantısında qanun layihəsinin əleyinə 38, lehinə isə 24 nəfər səs verib. Halbuki demokratların çoxluq təşkil etdiyi Nyu-York şəhərinin dövlət yığıncağı üç dəfə bu qanun layihəsini qəbul edib. Lakin Senatın müzakirəsinə çıxarılmayıb. Nyu-York şəhərinin Senatında çoxluğun demokratların əlində olmasına baxmayaraq, senatorlar layihənin qəbuluna qarşı çıxıblar. Cinsi azlıqları müdafiə edən ştatın qubernatoru Devid Paterson vurğulayıb ki, əgər Senat sənədi qəbul etsəydi, böyük məmuniyyətlə ona səs verərdi: "Bu, vətəndaş hüquqlarına aid məsələdir". Nyu-York şəhərinin meri Maykl Blumberq də məsələdən kənarda qalmayaraq, Senatın qərarından təəssüfləndiyini deyib: "Tarixi dəyişikliklər elə də asan olmur. Lakin bu səsvermə həlledici addım idi. Bu, sonda bütün cütlüklərin hüquqlarının tam şəkildə əldə olunmasına gətirib çıxaracaq".
Yeri gəlmişkən, eyni cinsdən olanların qanuniləşdirilməsi beş ştatda - Ayova, Konnektikut, Massaçusets, Nyu-Hempşir və Vermont ştatlarında baş tutub. 40 ştatda bu cür nikahlar xüsusi qanunla qadağan edilib. Ötən ay isə Men ştatının hakimiyyət orqanları seksual azlıqların nikaha girməsini nəzərdə tutan qanunun fəaliyyət müddətini uzatmamaq qərarına gəliblər. Eyni cinsdən olanların ailə qurmasına qarşı çıxan "Nasional Orqanizeyşn for Marriaqu" təşkilatının rəhbəri Meqqi Hallaher bunu böyük qələbə adlandırıb. Onun sözlərinə görə, baş verən xalqın iradəsinin nəticəsidir. Qeyd edək ki, Nyu-York siyasi cəhətdən ən liberal ştatlar sırasındadır. İctimai rəy sorğularının nəticələrinə görə, ştatın əhalisi eyni cinsdən olanların nikahının qanuniləşdirilməsini alqışlayır. Lakin başqa bir rəy sorğusu fikirlərin bərabər olduğunu üzə çıxarıb.
|