Ekspertlər hesab edir ki, bütün mobil rabitə operatorlarının 3G xidməti göstərməsi rəqabəti artıracaq
Bundan sonra daha iki mobil operator – “Azercell” və “Bakcell” şirkəti 3G-nin xidmətlərindən istifadə edə biləcək. 3G texnologiyasının tətbiqi abonentlərə sürətli internet almaqla yanaşı, görüntülü danışıq və telefonla televizora baxmaq imkanı verəcək. Mütəxəssislər də hesab edir ki, bu addım ilk növbədə müştərilərin xeyrinə işləyəccək. Çünki qurumlar arasında rəqabət yaranacaq.
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin iki mobil operatoruna – “Azercell” və “Bakcell” şirkətlərinə 3G mobil rabitə xidmətinin göstərilməsi üçün lisenziyanın verilməsi barədə qərar qəbul edib. Ötən il bu lisenziya “Azerfon” şirkətinə verilmişdi. “Azercell” bu lisenziya üçün nazirliyə təxminən 3 il, “Bakcell” isə 1 il əvvəl müraciət etmişdi.
Hələ 2008-ci ildə “BakuTel” sərgisində 3G texnologiyasını təqdim edən “Azercell” 2009-cu ildəki sərgidə artıq 4G mobil texnologiyasını da sınaqdan keçirmişdi. “Azercell” şirkətinin prezidenti Əli Ağan dəfələrlə bəyan edib ki, lisenziyanın verilməsi üçün müvafiq qurumlara etdikləri müraciət cavabsız qalıb. “Azercell” Telekom”un prezidenti Ali Ağan bu gün də bildirib ki, qısa bir zamanda 3G xidmətlərinin göstərilməsinə başlayacaqlar.
Bundan başqa, şirkət qısa müddətdə bütün ölkə ərazisində bu xidmətləri göstərməyi nəzərdə tutur. Şirkətin bu xidmətləri göstərməyə hazır olduğunu deyən Ə. Ağan qeyd edib ki, 2010-cu ildən etibarən şirkət həmçinin 4G xidmətləri göstərməyə hazırdır. Tariflərə gəldikdə isə Ə. Ağan deyib ki, 3G xidmətlərinin tarifləri hazırda şirkətin göstərdiyi internet xidmətlərindən nəinki 30-40 faiz, hətta bundan da aşağı olacaq.
Milli İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən hər 3 mobil rabitə operatorunun bu xidmət təklif etməsi istifadəçilərin daha sürətli internetlə təmin edilməsi deməkdir. O düşünür ki, əgər “Azercell” şirkəti düzgün marketinq qursa, qiymətləri ucuz təklif etsə, qısa zamanda bu məşhurlaşacaq. “Baxmayaraq ki, Azərbaycanda 1 ildir 3G var. Amma populyar deyil”.
O.Gündüz deyir ki, hələlik bu seqmentdə qiymətlər bahadır: “Xidmətin keyfiyyətində problemlər var. “Azercell” və “Bakcell” bu xidməti göstərməyə başlayıblarsa, Azərbaycanın mobil xidmətlər internet bazarında rəqabət mühiti yaranacaq. İndi mobil internetdən söhbət gedir. Maşında olarkən insanlar daha çevik internet almaq istəyir. 3 G xidməti də buna xidmət edir”.
İqtisadçı Natiq Cəfərli də hesab edir ki, bazarda 3G xidməti göstərən şirkətlərin sayının artması mobil xidmətlər bazarında hiss olunacaq ucuzlaşma ilə müşayiət olunacaq. N. Cəfərlinin sözlərinə görə, tək bir şirkət bu xidməti göstərməklə, bazarda inhisarçı mövqeyə malik idi: “Həm qiymətdə, həm də xidmətə görə rəqibi yox idi. “Azercell” mobil bazara girən ilk şirkətlərdən biri idi. “Azerfon” yeni yaranmasına baxmayaraq, ona daha tez lisenziya verildi. Bu, əlbəttə biznes və iqtisadi göstəricilər baxımından diskriminasiya idi. Eyni vatxtda verilsəydi, daha yüksək və keyfiyyətli mobil xidmət olardı. “Azercell” indi start durumundadır, amma “Azerfon”un artıq öz müştəriləri var”.
Qeyd edək ki, 3G xidməti istifadəçiyə 7,2 m-bit sürətli internet almağa imkan verir. Bundan əlavə, 3G texnologiyasının tətbiqi abonentlərə görüntülü danışıq, cib telefonundan televiziyaya baxmaq imkanı yaradacaq. 3G istifadəçiləri nəğd pul olmadan alış-veriş edə, kommunal xərcləri ödəyə bilər.