Nüvə silahı əldə etməyə çalışan İranın bu ambisiyası region ölkələri üçün ciddi təhlükə olaraq qalır
Böyük Britaniya və ABŞ-ın BASIC (British American Security Information Council) birgə təşkilatı region və beynəlxalq aləm üçün həyəcan doğuracaq hesabatla çıxış edib. Təşkilatın yaydığı hesabata görə, dünya nüvə silahlanması dövrünə daxil olur.
Hesabatda diqqət çəkən məqam İranla bağlıdır. İranın molla rejiminin nüvə silahı əldə etmək istəyinin güclü olduğunu qeyd edən hesabat müəllifləri bu ölkənin nəyin bahasına olursa-olsun, nüvə dövlətinə çevrilməyə çalışdığını bildirirlər. Belə olan halda İranın özü ilə yanaşı, qonşu dövlətləri də təhlükə altına salacağı xüsusi vurğulanır. Bəllidir ki, İranın beynəlxalq aləmdə ən çox düşmən münasibətdə olduğu ölkə məhz İsraildir. İsrail də özünün nüvə arsenalını gücləndirir və Yaxın Şərqdə hələ ki yeganə nüvə dövləti hesab edilir. İranın da nüvə dövlətinə çevrilməsi isə iki ölkə arasında ziddiyyətləri daha da gücləndirmiş olacaq. Elə dünən İranın müdafiə naziri Əhməd Vahidinin İsraili xəbərdar edəcək bəyanatla çıxış etməsi buna əyani misaldır. Nazir deyib ki, İsrail hərbi həmlə qərarı çıxararsa, buna görə çox peşman olacaq və ciddi cəzalandırılacaq. Bu xəbərdarlığa səbəb isə İsrail tərəfdən yayılan məlumatlar olub. Həmin məlumatlara görə, İsrail İranın nüvə obyektlərinə hərbi zərbə endirmək ehtimalını götür-qoy edir. İsrail həm də dünən ballistik raketini növbəti dəfə sınaqdan keçirib.
Hesabatda vurğulanır ki, hazırda İsrail Hərbi Dəniz Qüvvələrinin arsenalında üç sualtı qayıq var və ikisi də əlavə olaraq Almaniyada inşa edilir. Hesabatda İsrailin özünün nüvə arsenalını gücləndirdiyi xüsusi vurğulanır. Ekspertlər qeyd edir ki, İsrailin nüvə arsenalını gücləndirməsi ilk növbədə İrana qarşı yönəlib. İki ölkə arasında münasibətlər ən kəskin həddədir və çoxları müharibə variantının qaçılmaz olduğunu iddia edirlər. Beləliklə, regionun yeni, özü də nüvə müharibəsi ərazisinə çevrilmə təhlükəsi yarana bilər.
Ümumiyyətlə, nüvə qarşıdurması tək bu iki dövlət arasında getmir. Belə ki, alimlərin qənaətincə, bir çox iri dövlətlər yeni növ nüvə və adi silahların modernləşməsi proqramının reallaşması mərhələsinə daxil olublar. Yaxın 10 il ərzində bu məqsədlərə çatmaq üçün yüz milyardlarla dollar sərf olunacaq. Sürətli silahlanma sahəsində ən güclü rəqabət ABŞ və Rusiya arasında gedəcək və onların bu sahəyə sərf edəcəkləri vəsait hazırda 700 milyard dollar təşkil edir. Yaxın 10 il ərzində isə tək ABŞ nüvə silahlanmasına 770 mlrd. dollar sərf edəcək. Bu vəsaitin 100 mlrd. dolları mövcud olan vasitələrin xidməti, modernləşməsi (raketlərin, təyyarələrin, sualtı qayıqların) işlərinə sərf olunacaq. Əlavə 92 mlrd. dolları isə ABŞ mövcud olan nüvə başlıqlarının modernləşməsi və xidməti, onların istehsalı ilə məşğul olan müəssisələrə sərf edəcək. Birləşmiş Ştatlar eyni zamanda qitələrarası ballistik raket hərbi hissələrində xidmət vaxtını uzatmaq, Minuteman III yeni ballistik raketi işləyib hazırlamaq, SSBN(X) tipli 12 yeni strateji raketləri düzəltmək niyyətindədir. Onlar 2029-cu ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil ediləcək. Eyni zamanda B-52H «Stratofortress» qırıcıları istehsal edən hərbi hissələrdə də xidmətin uzadılması nəzərdə tutulub. 2035-ci ilə kimi yeni, uzaq məsafəyə uçmağa qadir olan qırıcıları da silahlı qüvvələrin tərkibinə daxil etməyi planlaşdırır.
Öz növbəsində Rusiya 2020-ci ilə kimi özünün nüvə rasionuna 70 mlrd. dollar (ABŞ-dan 10 dəfə az) sərf etməyi planlaşdırır. Bu vəsaitlər yeni YAPS tipli RS-24 mobil komplekslərinin, 2018-ci ilə kimi yeni qitələlərarası ballistik raketlərin yaradılmasına, 10 nüvə bloklarının, sualtı qayıqların, «Bulava» tipli Raket Əleyinə Müdafiə Sistsemlərinin modernləşməsinə sərf olunacaq. Böyük Britaniya və ABŞ-ın BASIC təşkilatı həmçinin Rusiyanın sualtı atom qayığının beşinci mərhələsinin layihələnməsi işlərini apardığını yazıb. 2025-ci ilə qədər Rusiyanın silah arsenalına yeni strateji bombardmançı təyyarə - PAK DA daxil ediləcək. 2013-cü ildən etibarən isə Rusiyada ballistik raketlərin istehsalı artırılacaq. Bundan əlavə, yaxın 10 il ərzində Rusiya Silahlı Qüvvələri kiçik radiuslu 10 raket nüvə briqadası əldə edəcək. Ola bilsin, burada İsgəndər-M raketləri nəzərdə tutulur.
Ekseprtlər vurğulayırlar ki, Rusiya və ABŞ nüvə silahlarının sayına görə yaxın illərdə liderliyi qoruyub saxlayacaqlar. Lakin bu istiqamətdə Çinin də gəlib onlara çata biləcəyi proqnozlaşdırılır. Rusiyalı ekspert Aleksey Arbatov hesab edir ki, Çin yeganə ölkədir ki, yaxın 10-15 il ərzində texniki və iqtisadi göstəricilərinə görə Rusiya və ABŞ-ın səviyyəsinə çata bilər. Sürətli silahlanma sahəsində Çinlə yanaşı, Hindistan, Fransa, Pakistan və Şimali Koreyanın da adı hallanır. Bütün bu ölkələr də nüvə silahlarının yenilənməsi üzərində iş aparırlar. İlk olaraq Çin yeni mobil DF-31A mobil komplekslərinin, Hindistan Agni-V, İsrail isə 6,5 min km məsafəyə uçmağa qadir Jericho-III raketlərinin istehsalına başlayacaq.
Azər NURİYEV