Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Əsəb bütün xəstəliklərin açarıdır
Psixi sağlamlıq sisteminə diqqət artırılmalıdır

Deyirlər, ağıllı adam çətin vəziyyətdən necə çıxmağı bacarır, müdrik adam isə ümumiyyətlə, belə vəziyyətlərə düşmür. Amma vəziyyətdən asılı olmayaraq, bu səpkidə baş verən hadisələr insan yaddaşından izsiz ötüşmür. Bu izlərin mütəmadi hala çevrilməsi, təkrarlanması isə sonda sinirlərin pozulmasının təzahürü kimi ortaya çıxır. Beləliklə də hər kəsə yaxşı tanış olan stress, depressiya halları başlayır.

Psixi xəstəlik qorxusu
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya əhalisinin təxminən 10 faizi hər hansı bir psixi pozuntudan əziyyət çəkir, 70 faizi isə ömründə bir dəfə psixiatr yardımına müraciət edənlərdir. Azərbaycana gəlincə, rəsmi məlumatlar hər il 80 min insanın psixiatriya müəssisələrinə müraciət etdiyini göstərir. Amma mütəxəssislər bu rəqəmin psixiatr yardımına ehtiyacı olanların çox az hissəsini əhatə etməsi qənaətindədirlər. Azərbaycanda psixi sağlamlıq sistemini qiymətləndirən ÜST-nin hesabatına görə, yardım üçün müraciət edən pasiyentlərin əksəriyyəti "psixi xəstə" damğası almaqdan ehtiyat etdikləri üçün psixiatriya müəssisələrində qeydiyyata durmaqdan çəkinirlər: "Azərbaycanda qadınlar tibbi yardım üçün psixiatriya müəssisələrinə kişilər qədər tez-tez müraciət etmirlər və onlar daha çox öz ailələri və qohumları tərəfindən dəstək alırlar. Psixi xəstəlik damğası almaq qorxusu qadınlarda kişilərdə olduğundan daha yüksəkdir və onların şikayətləri çox zaman ciddi qəbul olunmur".
Həkim-terapevt Nurlana Hacıyevanın sözlərinə görə, əksər hallarda psixi pozğunluq vaxtında diqqət yetirmədiyimiz amillərdən qaynaqlanır. Belə ki, gündəlik həyatımızda stresslə tez-tez rastlaşsaq da, onun aradan qaldırılmasına çox az əhəmiyyət veririk: "Stressin ilk əlamətləri ürək döyüntülərinin artması, nəbzin sürətlənməsi ilə özünü göstərir. Bu zaman hətta normada 70-80 olan ürək vurğularının sayı 120-160-a çata bilər. Stress zamanı digər əlamətlər qanda şəkərin miqdarının çoxalması, tənəffüsün tezləşməsi və səthi olması, damarların daralması, tərləmə və ya ağızın quruması ilə əks olunur". Bundan başqa, spazmalarla müşahidə olunan baş ağrıları, təzyiqin artması və ya enməsi, sinir sisteminin fəaliyyət tipindən asılı olaraq dərinin rənginin dəyişməsi də özünü göstərir. Həkim bildirir ki, diqqətdən kənar qalan uzunmüddətli stress pis yuxu, qıcıqlanma, tez-tez baş verən soyuqdəymə və əzginlik, iştahanın ya çox, ya da heç olmaması, boyun və baş nahiyəsində əzələ gərginliyi kimi dəyişikliklər yaradır: "Bundan başqa, xeyli müddət davam edən stress diqqətsizlik, ailədən, dostlardan uzaqlaşma, ağlamaq istəyi və s. amillərlə özünü göstərir".

Qidanın psixologiyada yeri

Regional Psixologiya Mərkəzinin (RPM) psixoloqu Xatirə Səfərova isə yeniliklərlə dolu olan həyata sıfırdan başlamağı tövsiyə edir: "Bəzən bu yenilikləri həyatımızda planlı şəkildə, bəzən isə gözləmədiyimiz şəkildə qarşılayırıq. Hər bir halda həyatın bütün yeniliklərinə hazır olmalıyıq. Hər bir ana öz övladının fiziki, əqli sağlamlığını və psixoloyi durumunun stabilliyini istər. Bunun üçün isə sıfırdan başlamaq lazımdır. Övladlarımızın yetkinlik çağında çox vaxt şikayətlənirik ki, psixoloyi durumu yaxşı deyil, insanlarla ünsiyyətə girə bilmir, özünə qapanır və s". Psixoloq deyir ki, əslində, bunun səbəbini sırf anada axtarmaq lazımdır: "Ana öz övladına nəyi aşılayıbsa, bu, uşaqda şəxsiyyətin strukturunun formalaşması dövründə öz əksini tapacaq. "Həyata sıfırdan başlasaydıq, nə edərdik" sualına hər birimizin cavabı "etdiyimiz səhvləri, xətaları təkrarlamazdıq" olacaq. Elə isə bu fürsət bizim övladlarımıza verilərkən nə haqqımız var ki, bundan istifadə etməyək. İnsan bədənində insan ruhuna düzgün qulluq etməsək, təbii ki, insani keyfiyyəti ala bilmərik. Sözün əsl mənasında, bətndəki ruha düzgün tərbiyə zamanında hamilə qadın iki ruha - həm özünə, həm də bətnindəkinə tərbiyə verir. Bu isə özü üçün həyata sıfırdan başlama şansıdır".
X.Səfərovanın sözlərinə görə, insan psixologiyası dərin təffəkkürə malik sistemdən ibarətdir: "Daşıyıcı sistemin funksiyasına düzgün proqram yükləməlidir. Gələcək nəslin sağlam düşüncəli şəxslərinə sahib olmaq üçün öncə hamilə qadınlar bütün stress və gərginliklərdən uzaq olmalıdır. Deyə bilərsiniz ki, "Emossional sferadan necə uzaq ola bilərik? Axı biz bunun daxilindəyik". Ona görə də məsləhət görərdim ki, kənarda baş verən mənfi halları sanki bir film seyr edirmiş kimi seyr edək. Filmdə mənfi rolun iştirakçılarına necə neytral yanaşırıqsa, həyatdakı "iştirakçılara" da bu cür yanaşaq". Emossional həddə çatdıqda isə psixoloq ağlamağı məsləhət görür: "Stress zamanında stressə cavab olaraq zərərli maddələr "leycin-enkefalin" və "prolaktin" əmələ gəlir, ağlamaqla bu maddələr xaric olur. Buna görə də ağlayarkən insan çox rahatlaşır. Həkimlər isə kişilərin ağlamağı uşaqlıq kompleksi kimi götürüb daha çox daxillərində ağlamağı üstün tutduqlarına görə qadınlardan on dəfə artıq xəstəliklərə məruz qaldıqlarını hesab edirlər. Yəni həmin zərərli maddələr daxildə qaldıqda hipertoniya və mədə xorası xəstəliklərinə səbəb olur". X.Səfərova qidanın belə insan psixologiyasında başlıca yer tutduğunu deyir: "Çox ət və yağlı yemək insanın aqressivliyinə səbəb ola bilər".

"Yetim uşaq evi sindromu"

Psixoloq hesab edir ki, həyata uyğun şəkildə yaşamaq sadəcə yaxşı dinləmək və səbrlə bütün davranışları yoluna qoymaq bacarığından asılıdır: "Ailədə çox vaxt konflikt iki cərəyanla özünü göstərir - maddi sıxıntı və çox vaxt isə nəvaziş çatışmazlığı. İnsanın havası çatmayanda boğulduğu kimi nəvaziş çatışmazlığından da xəstələnir. Yəni qəlbi xəstələnir". Belə insanlar əsəbi və qıcıq halında olurlar: "Bu halda ciddi psixi partlayışlar baş verir. Bu zaman isə mədə, ürək xəstəlikləri, yuxusuzluq, immun sistemin zəifləməsi kimi amillər öz əksini tapır. Nəvaziş orqanizmin bioloyi tələbidir. Çoxsaylı təcrübələr nəticəsində sübut olunub ki, müntəzəm dozada nəvaziş görən heyvanlarda psixi möhkəmlik və güc özünü göstərib. Onlar çox nadir hallarda xəstələniblər. Laqeyd yanaşma tərzində isə əks proses baş verib, heyvanları qəddar və qorxaq edib. İnsanlarda da belədir". Bu isə ən çox atılmış uşaqlarda özünü qabarıq şəkildə göstərir: "Hətta belə bir adı da var "Yetim uşaq evi sindromu". Bu uşaqlarda emossional hisslər pis inkişaf edib; onlar hətta düzgün qucaqlamağı belə bilmirlər və böyüklərdən qaçırlar. Belə uşaqlar tez-tez xəstələnir, soyuqdəyməni ağır keçirirlər". Öz hisslərini ötürməyi bacarmayanda isə aqressiv olurlar: "Psixoterapiyada buna "Kəskin nəvaziş çatışmazlığı" diaqnozu verilib".

Maskalanmış depressiya

Psixoloqun fikrincə, insanın nəvazişdən kənar qalması onun gələcək psixoloyi vəziyyətini müəyyənləşdirir: "Əgər insan uşaqlıqda sevgi və nəvazişlə böyüməyibsə, o, həyatda özünə iki yoldan birini seçəcək; ya öz aqressiyasını maskalayacaq, ya da ətraf mühitdə özünü tapa bilməyəcək, davranışları kəskin olacaq və s. Psixologiyada "maskalanmış depressiya" deyilən bir durum var. Bunu aradan qaldırmaq üçün Qərbi Avropa, Şimali Amerikada insanlar əsasən bədən və fəaliyyətdən, Şərqdə isə daha çox kontakt və fantaziyadan istifadə edirlər. Bu fikirlərdə məqsəd yenə də həyatda düzgün yaşam tərzi və bunu sıfırdan başlamağı qəbul etməkdir".
Psixoloq insan həyatı üçün ən dəyərli mənbələrdən hədəf seçməyi və davamlı olaraq bu düz xəttə uyğun hərəkət etməyi tövsiyə edir: "Həyata bir müstəvidən yanaşmaq düzgün deyil. Həyatın bütün üzünü normal şəkildə qarşılamalı və durumumuzu olduğu kimi qəbul etməli, yaşam tərzimizə mənfi qatmamalıyıq. Problemi korrektə etmək insanın öz əlindədir. Səhvlərimiz, xətalarımız doğrudan da çoxdur. Ancaq Sokratın bu sözlərini unutmayaq ki, "Almaz yonulmadan, insan səhv etmədən mükəmməlləşməz". Səhvlərimiz əslində bizə özümüzü tanımaq üçün yeni bir fürsətdir".
Stressə qapanmamaq üçün isə insan ona təsir edən bütün mənfilərdən qaçmalıdır: "Hər bir hadisəyə yaxşı tərəfdən yanaşsaq, heç vaxt pessimizmə qapanmarıq. İstədiklərimizi özümüzdən başqa heç kim bizə verə bilməz. İstəklərimiz bizi öz mənzilimizə yönəldən bir yelkəndir. Biz nə qədər yaxşı düşünsək, həyatımız da düşüncəmizə uyğun olacaq. Bəzən kənardan məsləhət çox asan gəlir. Ancaq həqiqətən də insan elə bir beyin mexanizminə sahibdir ki, davranış mexanizmləri öz əlindədir. Davranışın düzgün korreksiyası özünə yüklədiyi proqramdan asılıdır". Bunu isə hər kəs bacarar, sadəcə, istəmək lazımdır: "Stressin, əsəbin bütün xəstəliklərin açarı olduğunu bilirik, eyni zamanda da bunun qarşısını almağa cəhd göstərmirik. Bunun izahı isə sadəcə öz təffəkkürümüzün üzərində işləməməkdə, tənbəlliyin üzərimizdəki qələbəsindədir".

Psixi sağlamlıq sistemində kadr çatışmazlığı

Bunlarla yanaşı, hər bir kəs mütəmadi psixoloq və ya psixiatr yardımından da yararlanmalıdır. Bu yardımı ala bilmək üçün isə ölkənin psixi sağlamlıq sisteminə diqqət artırılmalıdır. Ümumiyyətlə, Azərbaycan 2005-ci ildə Helsinkidə ÜST-nin psixi sağlamlıq üzrə nazirlər səviyyəsində keçirilmiş konfransında Avropa üzrə Psixi Sağlamlıq Bəyannaməsini imzalayıb. Bəyannamə psixiatriya yardımı göstərilməsinin yaxşılaşdırılması və bu sahədə qanunvericiliyin həyata keçirilməsi öhdəliklərinin yerinə yetirilməsinə yönəlib. Sənəddə yer alan prioritet məsələlərdən biri ilkin səhiyyə xidmətinin (İSX) psixi sağlamlıq üzrə mərkəzi rol oynaması və psixi sağlamlığın təmin edilməsi vəzifəsinin yerinə yetirilməsi üçün İSX potensialının gücləndirilməsindən ibarətdir. Amma hazırda ölkədə bu sahədə xeyli problem mövcuddur. Psixi sağlamlıq sistemində psixoloqlar, sosial işçilər və peşə həkimləri çatışmır. Psixiatrların və psixiatriya üzrə tibb bacılarının təhsili isə məhdud səviyyədədir və s. ÜST mütəxəssislərinin fikrincə, Azərbaycanda psixi sağlamlıq siyasəti və milli strateyi planın işlənib hazırlanmasına ehtiyac var. Bu siyasət və plana intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, iş şəraitində stressin idarə olunması, zorakılığın azaldılması və s. sahələr üzrə xüsusi proqramların tərtib edilməsi, standartların və keyfiyyəti təmin edən proseduraların işlənib hazırlanması, psixi sağlamlıq xidmətlərinin təşkilati strukturunun və idarə olunmasının təkmilləşdirilməsi və s. daxil edilməlidir. Bundan başqa, ilkin səhiyyə sistemində psixi sağlamlıq xidmətləri, səhiyyə işçiləri üçün psixi sağlamlıq sahəsində təlimlər, psixi sağlamlıq sisteminin kadr resursları - sosial işçilər, psixoloqlar və s. artırılmalıdır. Təhsil sistemində isə kifayət miqdarda klinik psixoloq, sosial işçi, peşə həkimi, psixiatriya üzrə tibb bacılarının hazırlanmasına zərurət var.

HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 03.12.09 | Baxılıb: 499

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •