|
Əmirlik borclarına görə dünyada birinci yerdədir
Dünyanın diqqəti Dubay əmirliyinə yönəlib. Belə ki, Dubay şəhərində 10 il əvvəl başlanan tikinti bumu sabun köpüyü kimi partlayıb və ardınca da dünya biryalarını və Avropa banklarını aparıb. Biryalarda səhmlər 3 faiz aşağı düşüb. Eyni zamanda, Avropa banklarının səhmləri də 4-8 faiz enib. Dubayda, körfəzin içində "Palm Yumeirah" adlı lüks villalar kompleksi 2002-ci ildə təhvil veriləndə 2 min villa bir ayın içində satılmışdı. Həmin il Yaponiya və Cənubi Koreyadakı dünya çempionatına yollanan İngiltərə futbol yığması yolunu Dubaydan salmışdı və yığmanın 4 futbolçusu - Maykl Ouen və Devid Bekhemin villasının yanında hərəyə 2 milyon dollarlıq villalar aldılar. Futbolçular qorxurdular ki, bir ay çəkəcək çempionatdan geri qayıdanda boş villa qalmasın. Həmin o möcüzəvi "Palm Yumeirah"ı tikən "Nakheel" şirkəti və onun bölməsi olduğu "Dubai World" indi gözlənilmədən borclarını qaytarmağa borc verənlərdən 6 ay möhlət istəyiblər. Dalınca da məlum olub ki, bu iki dövlət şirkətinin 60 milyard dollar borcu var.
Bu xəbər çıxan kimi episentri Dubayda olan maliyyə zəlzələsi başlandı. Tezliklə məlum oldu ki, Avropa bankları bu iki Dubay şirkətinə 40 milyard dollar borc veriblər. Səhmdarlar da təcili olaraq həmin Avropa banklarının səhmlərini satmağa başladılar. Dubayın iki dövlət şirkətinin oduna digər dövlət şirkətləri də yanmağa başladı. "Moody" reytinq agentliyi Dubayın ən böyük 6 şirkətinin reytinqini birdən-birə 5 pillə aşağı saldı. S&P agentliyi isə borcları qaytarmağa möhlət istənilməsini bütöv Dubayın "defoltu" kimi qiymətləndirib. Yəni əmirlik bankrot səviyyəsindədir. İndi məlum olur ki, Dubayın dövlət şirkətlərinin 70 milyard dollar borcu var. Dubayı idarə edən avtokratik Əl Məktum ailəsi ölkəni 80 milyard dollar borca salıb. Cəmi 1 milyon 500 min əhalisi olan Dubay adambaşına düşən borca görə dünyada birinci yerdədir. Dubayın borcunun hər 10 milyon dollarının sığortası bir günün işində 300 min dollardan 500 min dollara qalxıb. Dubayın bu günə düşməsi regiona lüks mallar satan şirkətləri də pis vəziyyətə salıb. BMW-nin və başqa şirkətlərin səhmləri düşüb. Birləşmiş Ərəb Əmirliklərinin 7 əmirliyindən biri olan Dubayın köməyinə indi ən böyük əmirlik Abu Dabi gələ bilər. Ancaq Abu Dabi nağd pulun müqabilində Dubayda öz xeyrinə islahatlar tələb edəcək. Dubay Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) neftdən ən az gəlir götürən əmirlikdir. Neftdən, qazdan gəlir Dubayın bütün gəlirlərinin cəmi 6 faizidir. Neftsiz inkişafın modeli olan Dubayın əsas gəliri tikintidən, bank sektorundan, ticarətdən gəlir.
Azər NURİYEV
|