Ekspertlər hakimiyyətini qorumağa çalışan Sarkisyanın kadr dəyişiklikləri siyasətinin nəticə verəcəyinə inanmırlar
Ermənistan yeni böhran təhlükəsi ilə üz-üzə qalıb. Bu dəfə Serj Sarkisyan hökumətinin hakimiyyət böhranı yaşayacağı barədə xəbərlər yayılıb. Erməni kütləvi informasiya vasitələrinin günlərdir hakimiyyətdə təmsil olunan yüksək rütbəli dövlət məmurlarının istefası barədə yaydıqları xəbərlər təsdiqlənib.
Ötən həftə istefa verən Yerevan merinin ardınca bu dəfə Ermənistanın polis rəisi və müdafiə nazirinin müavini vəzifələrindən azad ediliblər. Ermənistan prezidentinin əmri ilə Alik Sarkisyan daha aşağı posta – müşavir vəzifəsinə təyin olunub. Müdafiə nazirinin müavini Qasparyan onun yerinə təyin edilib. «Joxovurd» qəzeti yazır ki, baş qərargah rəisi Yuri Xaçaturov da vəzifəsindən götürüləcək. Ötən gün o da bəlli olub ki, baş nazirin müavini, ərazi idarəetməsi üzrə nazir Armen Gevorkyan da istefa barədə ərizə yazıb. Erməni hökumətində baş verənlərə müxalifət tərəfindən reaksiya göstərilib. «Ermənistanın hakimiyyət sistemi o dərəcədə çürüyüb ki, heç bir istefa və yaxud təyinat Serj Sarkisyan hakimiyyətini xilas edə bilməz. Bununla onlar xalqın etimadını qazanmaq üçün müxtəlif sahələrdə islahatlar həyata keçirməyə çalışırlar» - deyə «Qnçakyan» Sosial-Demokrat Partiyasının sədri Lyudmila Sarkisyan son istefaları şərh edərkən bildirib. Onun sözlərinə görə, heç nə bu hakimiyyəti xilas edə bilməz. «Çunki, o, özülündən çürüyür» - deyə o, əlavə edib.
Onun sözlərinə görə, Serj Sarkisyan üç illik prezidentliyi dövründə Robert Köçəryan rejimi dövründəki kadrlardan yaxa qurtarmağa çalışır və güman ki, məhz indi belə bir imkanın yetişdiyini düşünür. Robert Köçəryanın yenidən dönməsi təhlükəsini hiss edən Sarkisyan hakimiyyət daxilində Köçəryanın adamlarının olduğu bütün aparıcı strukturlarda onlardan təmizləmə siyasətinə başlayıb. «Sarkisyan onları əvəzləməklə hadisələrin gələcək inkişafını təmin etmək istəyir. Yeni istefalar və bundan sonra gözlənilən təyinatlar buna əsaslanır» - deyən L.Sarkisyan əlavə edib ki, görünür, Sarksiyan qayıdış təhlükəsini çox ciddi şəkildə görür və bu səbəbdən də Köçəryanın böyük siyasətə dönüşünün qarşısını almaq üçün bütün vasitələri işə salır. EMK üzvünün qənaətincə, Sarkisyan seçkilərə daha təmiz kadrlarla getmək istəyir: «Polis sistemində son illər demoralizasiya prosesi pik həddə çatıb və belə davam edə bilməz. Bu səbəbdən də o, polis sistemini daha güclü bir şəxsə vermək istəyir. O, aktiv şəkildə növbəti seçkilərə hazırlaşır. Lakin anlamaq istəmir ki, növbədənkənar seçkilər daha tez gələ bilər. Yeni təyinatlar və istefalar ayrıca bir narazılıq dalğası yaradacaq və bu da Serj Sarkisyan hakimiyyətini zəiflədəcək». Parlament müxalifətinin nümayəndəsi sonda onu da bildirib ki, hakimiyyətdə bu kimi addımlar müxalifətin gələcək addımlarına mane ola bilməyəcək.
Hakim partiyanın parlament fraksiyasının rəhbəri Qalust Saakyan isə bildirib ki, yaxın günlərdə yeni istefalar olacaq. Parlamentdə keçirdiyi brifinqdə Saakyan bildirib ki, yeni istefalar və kadr dəyişiklikləri davam edəcək. Lakin əhəmiyyətli dəyişikliklər olmayacaq. Polis nazirinin istefasını şərh edən deputat bildirib ki, onun fəaliyyətindən razıdırlar.
Öz nvöbəsində Respublika Partiyasının üzvü Artak Davtyanla debatlarda çıxış edən «Yeni zamanlar» partiyasının lideri Aram Karapetyan bildirib ki, Ermənistanı növbəti gurultulu istefalar, o cümlədən aydın olmayan və şərh edilə bilməyəcək istefalar gözləyir. Onun qənaətincə, baş verənlər yaxınlaşmaqda olan seçkiqabağı yarışma ilə izah edilməlidir. «Sadəcə, hakim partiya öz resurslarını mərkəzləşdirmək istəyir. Məhz bu səbəbdən də yeni istefaları gözləmək olar və özü də onların bir çoxu aydın olmayacaq» - deyə o, bununla Yerevanın meri Karen Karapetyanın istefasını göstərib. Lakin o, baş verənləri hazırki prezidentin Köçəryanla qarşıdurması kimi izah etməyin tərəfdarı deyil: «Mən hesab edirəm ki, eks-polis rəsini Köçəryanın adamı saymaq olmazdı».
Əksər erməni ekspertləri hesab edir ki, yeni təyinatlar özünü doğrultmayacaq. Siyasi müşahidəçilərin fikrincə, Serj Sarkisyan islahatlar adı altında məmurları istefaya göndərmək üçün hazırlıqları tamamlayıb. Ermənsitanda istefalar və kadr dəyişiklikləri siyasətində Serj Sarkisyan bir qədər mülayim xarakterli və eyni zamanda ona daha çox sədaqətli şəxsləri yerləşdirməklə hakimiyyətə qarşı total narazılıq dalğasının səngiməsinə ümid bağlayır. Əsas odur ki, 2013-ci ildə səlahiyyət müddətinin bitməsinə qədər öz kürsüsünü qoruya bilsin. «İrs» Partiyası parlament fraksiyasının rəhbəri Stepan Səfəryan bildirib ki, Serj Sarkisyan siyasi prosesləri çox hiyləgər və məkrli bir şəkildə öz xeyrinə yönəltməyə çalışır: «2012-ci ildə parlament, 2013-cü ildə isə prezident seçkilərində onun lideri olduğu Respublika Partiyasının təkhakimiyyətliyini təmin etmək istəyir. Bu gün kadr dəyişiklikləri siyasətini gündəmə gətirməklə 2008-ci il 19 fevral tarixində qan tökməklə hakimiyyətə gəlməsini unutdurmaq taktikasını seçib.
“Lragir.am” internet qəzetinin siyasi icmalçısı Akop Badalyan qeyd edir ki, kadr dəyişikliyi siyasəti Ermənistanı heç bir halda mövcud böhranlardan çıxarmağa yönəlməyib. Ölkə ağır iqtisadi, maliyyə və sosial böhran həddindədir. Belə bir durumun yaranmasında əsas səbəbkar elə Serj Sarkisyanın özüdür. O özünə sadiq kadrları mühüm vəzifələrə təyin etməklə problemləri daha da dərinləşdirir. Tələb olunan islahatların aparılmaması, oliqarxların mövqe uğrunda davam etdirdikləri kəskin qarşıdurmlar buna sübutdur. İqtisadiyyatın liberallaşdırlılması, siyasi opponnentlərin təqib olunması, azad fikrin boğulması Serj Sarkisyanı çıxılmaz duruma çalıb. Artıq Ermənistan qeyri-stabil dövlətlər siyahısına daxil edilib. Kadr islahatları adı altında hakimiyyət inflyasiyanın qarşısını almaqda aciz olduğunu mümkün qədər pərdələməyə çalışır. İqtisadi proqnozlara görə, regionda iqtisadi, maliyyə və sosial böhranlar 2012-ci ildə daha da artacaq.
Azər NURİYEV