Dövlət Baytarlıq Xidməti vətəndaşlara sağlamlıq sertifikatı olmayan heyvanları almamağı məsləhət görür
Bu həftə bütün müsəlman aləmində Qurban bayramı qeyd olunacaq. Bayramın keçirilməsi noyabrın 6-7-nə təsadüf edir. Məlumdur ki, bu ərəfədə anormal vəziyyətlər də yaranır. Yəni harda gəldi – yol qırağında, küçənin ortasında, yaxud gigiyenik cəhətdən təmiz olmayan digər yerlərdə qurbanlıq heyvanlar kəsilir. Bunların qarşısını almaq üçün Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə qurbanlıq heyvanların kəsilməsi üçün yerlər ayrılmasını tapşırıb.
Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib ki, görülən bu tədbirlər şəhərdəki antisanitariyanın qarşısını almaq üçündür: «Heyvanların sallaqxanalardan kənarda kəsilməsinin qarşısı alınacaq. Şəhərin müxtəlif yerlərində - 8-ci kilometr, Keşlə, NZS qəsəbələrində, Yasamalda və digər rayonlarda uyğun yerlər var. Biz əvvəlki illərdə Qurban bayramı ərəfəsində natəmizliklərlə üzləşdiyimiz üçün bu dəfə hamını sallaqxanalara yönəldəcəyik».
Dövlət Baytarlıq Xidməti isə noyabrın 1-dən qurbanlıq heyvanların satışı ilə bağlı araşdırmalara başlayıb. Belə ki, paytaxtdakı kəsim məntəqələrində bütün heyvanların sağlam olub-olmaması yoxlanılacaq. Dövlət Baytarlıq Xidməti xəbər verir ki, bu məsələdə vətəndaşlar da diqqətli olmalı və baytarlıq orqanlarından sağlamlıq sertifikatı olmayan heyvanları almamalıdırlar. Baytarlıq xidməti, həmçinin bildirir ki, heyvanların satılması müvafiq rayonların baytarlıq xidmətinin nəzarətində olmalı və onlar yoxlanışdan keçməyən heyvanın satışa çıxarılmasına icazə verməməlidirlər. Bununla yanaşı, paytaxtın giriş hissələrində - Lökbatan, Xırdalan dairələri, Şamaxı və Dərnəgül yollarında Bakıya gətirilən heyvanların sənədləri araşdırılacaq. Məqsəd baytarlıq-sanitariya tələblərinə necə əməl olunmasını yoxlamaqdır.
|