Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçirilib. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, Şəki Musiqi Kollecinin böyük zalında keçirilən tədbiri Şəki Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova açıb. O, Bəstəkarlar İttifaqı ilə Şəki İcra Hakimiyyətinin son bir neçə ili əhatə edən səmərəli əməkdaşlığından, ötən il Şəkidə keçirilmiş I “İpək yolu” Beynəlxalq Festivalından söz açıb.
Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov auditoriyaya təmsil etdiyi təşkilatın son 20 ildə əldə etdiyi nailiyyətlər, xüsusilə son dövrdə keçirilən tədbirlər, festivallar, müxtəlif musiqi sahələrinə aid plenumlar haqda məlumat verib. Tədbirin ikinci hissəsi Şəki Musiqi Kollecinin tələbələrinin çıxışından ibarət olub. Konsertdə Musiqi Kollecinin xalq çalğı alətləri orkestri və xorunun ifasında Ü.Hacıbəylinin I saylı Fantaziyası və “Cəngi” əsəri, A.Əlizadənin “Ana torpaq” odası, V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasından bir hissə, Ü.Hacıbəylinin “Qaragöz” və digər musiqi əsərləri səslənib.
|