Azərbaycanın məşhur xalçaçı rəssamı Kamil Əliyevin 90 illik yubileyi silsilə tədbirlərlə qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, oktyabrın 22-də Kamil Əliyevin qəbirüstü abidəsi ziyarət olunacaq. Sonra Xalça Muzeyində “Kamil Əliyevin xalça dünyası” kitab-albomunun təqdimat mərasimi keçiriləcək.
Oktyabrın 25-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Kamil Əliyevin əsərlərindən ibarət yubiley sərgisi, Muzey Mərkəzində isə yubiley tədbirinin keçirilməsi planlaşdırılır. Naxçıvan, Gəncə, Quba, Xaçmaz və İsmayıllı rayonlarında da yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Kamil Əliyev Azərbaycan Respublikasının “Xalq rəssamı” adına və “İstiqlal” ordeninə layiq görülüb.
|