“Azərikimya” İstehsalat Birliyinin rəhbərliyi ilə qurumun Həmkarlar İttifaqı Komitəsi arasında Kollektiv müqavilənin müzakirəsi ilə bağlı konfrans keçirilmişdir. “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov Birliyin ötən müddət ərzində istehsalat və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, kimyaçıların sosial-məişət problemlərinin həlli istiqamətində görülmüş işlər barədə geniş məlumat vermiş, ARDNŞ rəhbərliyinin kimyaçılara göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.
Qeyd olunmuşdur ki, Birlikdə insan sağlamlığı üçün zərərli olan istehsalat sahələri ləğv edilmiş, istismar baxımından yararsız avadanlıqlar yeniləri ilə əvəz edilmiş, bir çox inzibati bina və istehsalat sahələrində əsaslı və cari təmir işləri aparılmışdır. Əməkçilərin orta aylıq maaşı artırılmış, onların gündəlik yemək xərclərinin Birlik tərəfindən ödənişi təmin edilmişdir. Kimyaçıların işə rahat və vaxtında gedib-gəlmələri üçün yeni müasir avtobuslar alınmışdır. Çıxış edənlər razılıq hissi ilə bildirmişlər ki, Birlik rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən iş yerlərinin və əməkçilərin attestasiyasının keçirilməsinə nail olunmuş, sex və istehsalat sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət edilməsi məqsədilə təlimatlar hazırlanmış və həyata keçirilməkdədir.
Kimyaçılar arasında idmanın kütləviliyinin artırılması və onların mədəni istirahətinin təşkilinə də Birlik tərəfindən xüsusi diqqət yetirilir. “Sumqayıtşəhər” futbol klubunun yaradılması, müəssisələrdə və kimyaçıların daha çox məskunlaşdığı məhəllə və mikrorayonlarda idman oyunlarının keçirilməsi üçün müasir meydançaların yaradılması, idmanın müxtəlif növləri üzrə vaxtaşırı turnir və spartakiadaların keçirilməsi deyilənlərin bariz təzahürüdür. Tədbirin sonunda “Azərikimya” İB rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Kollektiv müqavilə imzalanaraq təsdiq edilmişdir.
|