Kərəm Həsənov: ”Müasir tələblərə uyğun məkan məlumatları infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılıb”
Dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı dünən Bakıda “Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkilatçılığı ilə keçirilən tədbir bu sahədə Avropa və qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və səmərəli tətbiqi yollarının müzakirəsi məqsədi daşıyır.
Konfransda daşınmaz əmlakın vahid kadastrı və milli məkan məlumatları infrastrukturuna dair beynəlxalq təcrübə, institusional və qanunvericilik aspektləri, bu sahədə inkişafa dair konsepsiya təklifləri, ölkəmizin bu istiqamətdə regionda aparıcı mövqeyinin qərarlaşması məsələləri müzakirə olunub.
Daşınmaz əmlak idarəçiliyində vahid sistem
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov əmlak münasibətlərinin inkişafına uyğun olaraq yaradılan daşınmaz əmlak idarəçiliyindən danışıb: ”Ölkəmizdə daşınmaz əmlak kadastrı və daşınmaz əmlak üzərində hüquqların yeni sistemi formalaşdırılır. Müasir tələblərə uyğun məkan məlumatları infrastrukturunun yaradılması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, ölkə iqtisadiyyatının dinamik inkişafı da daha səmərəli və şəffaf daşınmaz əmlakın qeydiyyatı və kadastr sisteminin yaradılması səbəbini gündəmə gətirir”. Sədrin sözlərinə görə, bu sistem əmlak bazarlarının dəstəklənməsini, eləcə də əmlak hüquqlarının qorunmasını, daşınmaz əmlakın səmərəli istifadəsini təmin etməlidir: ”Bu istiqamətdə biz Azərbaycan hökumətinin bağladığı saziş və memorandumlara əsasən, Dünya Bankı, Almaniyanın KfW Bankı, Norveç Kadastr və Xəritəçəkmə Təşkilatı, Almaniyanın GTZ təşkilatı, Türkiyənin Tapu və Kadastro Genel Müdürlüğü və bir çox ölkələrin müvafiq qurumları ilə müxtəlif layihələr həyata keçiririk. Gördüyümüz işlər real nəticələrini verməkdədir. Belə ki, artıq müasir informasiya və texnologiyanın tətbiqi ilə daşınmaz əmlakın milli qeydiyyat sistemi yaradılıb. Ölkə üzrə bütün ərazi qeydiyyat idarələrini əhatə edən vahid korporativ şəbəkə qurulub istifadəyə verilib”. ƏMDK-nin Dünya Bankı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı kadastrı və idarə edilməsi üçün vahid sistem qurulur. Peyk və aeroçəkilişlər vasitəsi ilə işğal olunmuş ərazilər istisna olunmaqla, ölkə ərazisinin ortofotoxəritələri xəritələri hazırlanıb. Respublikanın bütün ərazisində 37 Daimi Fəaliyyət Göstərən Geodeziya İstinad Stansiyaları (AZPOS) quraşdırılıb.
Avropa standartları əsasında Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılır
Hazırda ölkə ərazisində daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin hazırlanmasına başlanıb. Bundan başqa, Azərbaycanda Avropa standartları əsasında Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılır. Sədrin sözlərinə görə, bu sistem ünvan məlumatlarının istifadəçilərə çatdırılmasını, eləcə də Azərbaycanda mövcud olan digər reyestrlərlə ünvan məlumatlarının elektron mübadiləsini təmin edəcək: ”Bütün bu tədbirlərin uğurla reallaşdırıldığı və effektivliyi beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib. Dünya Bankının “Doing Biznes 2011” hesabatına əsasən, Azərbaycan daşınmaz əmlakın qeydiyyatının təkmil göstəricilərinə görə dünya ölkələri sırasında 10-cu yerdədir. Bununla yanaşı, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyat sistemi ilə bağlı tədbirlər davam etdirilməkdədir”. K.Həsənov əlavə edib ki, müasir qeydiyyat və kadastr sistemlərinin inkişaf meylləri yaxından öyrənilməlidir: ”Ölkəmizdə bu sahədə qabaqcıl təcrübələr geniş tətbiq edilir. Eyni zamanda, gələcəkdə Avropa məkan məlumatları infrastrukturuna inteqrasiya etmək üçün zəminlər yaradılması ilə bağlı məsələlər həll olunmalıdır. Bütün bunları əsas götürərək yaxın gələcək üçün hədəflər müəyyənləşdirilib”.
Yaxın gələcək üçün hədəflər
Belə ki, bütün mövcud daşınmaz əmlak obyektləri barəsində müasir tələblərə uyğun mərkəzləşdirilmiş elektron kadastr məlumat bazası yaradılmalıdır. Qeydiyyat sisteminin davamlılığının təmin edilməsi üçün uyğun mühitdə və infrastrukturun formalaşdırılması, rəqəmsal məkan məlumatları bazasının yaradılması nəzərdə tutulur. Planlarda daşınmaz əmlakın kadastrının, dövlət reyestrinin və məkan informasiyalarının inteqrasiya olunmuş sisteminin yaradılması da yer alıb. Bundan başqa, informasiya resursları istifadəçilər üçün əlverişli olması, kadastr və qeydiyyat sahəsində dövlət xidmətlərinin elektron formasında tətbiq edilməsinə keçidin təmin edilməsi də həyata keçirilməlidir: ”Biz düşünürük ki, bu sahədə qabaqcıl ölkələrin təcrübələrinin öyrənilməsinin, problemlərin akademik dairələrin nümayəndələrinin iştirakı ilə müzakirəsinin əhəmiyyətli rolu ola bilər. Bu baxımdan, konfransın gündəliyinə maraqlı məsələlər daxil edilib. Əmin olmaq istərdim ki, həmin məsələlər ətrafında geniş müzakirələrdən sonra faydalı tövsiyələr hazırlanacaq”.
Özəl sektorun xeyrinə dəyişən göstərici
Tarixi baxımdan ötən 20 ilin böyük zaman olmadığını deyən Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimovun sözlərinə görə, bu dövrdə ölkə sürətli inkişaf yolu keçib: ”Azərbaycan bir iqtisadi formasiyadan digərinə qədəm qoyub, ölkə iqtisadiyyatı bazar münasibətləri əsasında formalaşmağa başlayaraq inkişaf edib. 20 il ərzində Azərbaycan dünya ölkələri arasında sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib”. İqtisadiyyatın şaxələndirilməsinin davam etdiyini vurğulayan M.Rəhimov bildirib ki, respublikanın inkişaf səviyyəsini bir neçə göstərici ilə müəyyən etmək olar: ”20 il ərzində Azərbaycanın ümumdaxili məhsulu 20 dəfə, dövlət büdcəsi 78 dəfə artıb. Bu gün ölkənin dövlət büdcəsi 20 milyard dollara yaxındır. Ötən müddətdə Azərbaycanın istehsal etdiyi məhsulların ixracı 10 dəfə artıb”. PA rəsmisi ötən illərdə daşınmaz əmlak məsələlərində bir sıra problemlərin həll olunduğunu da deyib: ”Əgər əvvəllər Azərbaycanda mülkiyyətin 98 faizi dövlətə məxsus idisə, bu gün artıq 80 faizdən çox məhsul özəl sektorda istehsal olunur. “Özəlləşdirmə haqqında” qanun əsasında ölkədə dövlət mülkiyyəti özəlləşdirilərək xüsusi mülkiyyətə geniş yer verilib”.
20 il əvvəl üçün ideoloji, çox ciddi səhv
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də 20 il ərzində qazanılan nailiyyətlərdən söz açıb: ”Dünya ölkələri tarixində demək olar ki, belə qısa zaman kəsiyində bu qədər nailiyyət əldə edən ölkələr çox azdır. Azad bazar münasibətlərinə malik olan, bu münasibətləri tətbiq edən ölkələrin 200 illik təcrübəsindən sonra Azərbaycanda 16 il ərzində tamamilə yeni iqtisadi təfəkkürə malik olan bir sistem yaradılıb. Bu sistemin ana xəttini özəlləşdirmə təşkil edir. ƏMDK-nin son illərdə həyata keçirdiyi tədbirlər qoyulan strategiyanın nə qədər düzgün olduğunu təsdiqləyir”. Z.Səmədzadə ölkənin dünya iqtisadi sisteminə asanlıqla inteqrasiya etdiyini də vurğulayıb: ”Biz bu gün artıq dünya standartlarının tətbiqindən və Azərbaycanın beynəlxalq standartların tətbiqinə hazır olmasından danışırıq. Sosial sarsıntılar olmadan, ciddi radikal addımlar atmadan, cəmiyyətdə konsensusu yaradan bir sistem formalaşdırıldı”. Bu sistem ilk növbədə özəl sektorun inkişafı ilə nəticələnib: ”Amma vaxt var idi ki, 20 il bundan əvvəl xüsusi mülkiyyət kəlməsini işlətmək ideoloji baxımdan çox ciddi səhv sayılırdı. Bu gün Azərbaycan dünyaya öz sözünü apardığı siyasətlə, qurduğu dövlətlə, dövlətin prioritetləri ilə, həyata keçirdiyi strateji proqramlarla deyə bilir. Azərbaycan beynəlxalq təşkilatlarla çox ciddi əməkdaşlıq edir. Dünya Bankı ilə həyata keçirilən bu tədbir də çox önəmlidir. Burada real nəticələr var”. Bu əməkdaşlığın ölkədə şəffaflığın artırılmasına yönəldiyini deyən komitə sədrinin sözlərinə görə, qaldırılan məsələlər mülkiyyət münasibətlərinin təkmilləşdirilməsinə imkan verəcək: ”ƏMDK-nin məsələyə sistemli yanaşmasının bir nümunəsi də ondan ibarətdir ki, Azərbaycanda bu gün informasiya texnologiyaları sahəsində tətbiq olunan dünyəvi təcrübə proqramda da əksini tapacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ƏMDK-nin əməkdaşlığının belə yüksək səviyyədə olması şübhəsiz ki, qarşıda duran prioritetlərin uğurla həllinə imkan verəcək”.
“Əks halda, istədiyimizə nail ola bilməyəcəyik”
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Daşınmaz Əmlak İdarəçiliyi üzrə baş mütəxəssisi Cohannes De Conq elektron-hökumətin faydaları və cəmiyyət üçün Milli Məkan Məlumatları İnfrastrukturunun rolundan danışıb: ”Cəmiyyətin müvafiq tələbləri var. Xüsusən də bu tələbatlar informasiya texnologiyalarına, innovasiyalara əsaslanır. İnnovasiyaların ərsəyə gətirilməsi üçün isə ilk növbədə özəl sektorla əlaqələrimizi daha da genişləndirməliyik. Əks halda, istədiyimizə nail ola bilməyəcəyik. Ona görə də dövlətlə özəl sektor arasında vacib olan bu əməkdaşlıq qaçılmazdır”.
Daha sonra müxtəlif mövzuların müzakirəsi ilə keçən konfrans sessiyalarla davam etdirilib. Qeyd edək ki, 20-dən çox ölkənin 90-a yaxın nümayəndəsinin qatıldığı tədbir bu gün də davam edir. Konfransın sonunda bu mövzulara dair beynəlxalq və xarici ölkələrin təcrübələrinin təhlili əsasında Azərbaycan üçün məqbul ola bilən inkişaf konsepsiyası üzrə təkliflər hazırlanacaq.
Həqiqət İSABALAYEVA