Dünən prezident İlham Əliyev Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyeri qəbul edib. Keçmiş baş nazir Toni Bleyer Azərbaycan prezidenti İlham Əliyevin ölkəsinə səfərlərini xatırladı. Böyük Britaniyanın ölkəmizdə nüfuzlu şirkətlər vasitəsilə təmsil olunduğunu deyən qonaq Azərbaycan iqtisadiyyatının dünyada ən sürətli templərlə artdığı barədə də məlumatlı olduğunu vurğuladı. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini, energetika ilə başlanan əməkdaşlığımızın hazırda müxtəlif sahələri əhatə etdiyini bildirdi. Böyük Britaniyaya son səfərini xatırlayan prezident İlham Əliyev səfərin məhsuldar olduğunu və yaxşı nəticələr verdiyini dedi. Ölkəmizdə Böyük Britaniyanın çoxlu sayda şirkətlərinin fəaliyyət göstərdiyini deyən dövlət başçısı bunların böyük sərmayədarlar olduqlarını qeyd etdi. Sonra prezident İlham Əliyevin adından Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin şərəfinə işçi nahar verildi. /AzərTAc/
|