Bu evlərdə yaşayan vətəndaşlar əksər hüquqlarından istifadə edə bilmirlər
II yazı
Ötən saylarımızda Bakıda fərdi yaşayış evi tikənlərin üzləşdikləri problemlərdən bəhs etmişdik. Yazımızda əsas problem kimi tikintiyə başlamaq üçün tələb olunan sənədlərin toplanmasının praktiki olaraq qeyri-mümkün olması və bu səbəbdən icazəsiz tikilən evlərin sonradan sənədləşdirilməsində yaranan problemləri qabartmışdıq. Doğurdan da bu məsələ çox ciddi bir sosial problem olaraq həllini gözləyir. Heç bir sənədi olmayan evlərdə illərdir məskunlaşma var. Bu evlərə işıq, su, qaz xətləri çəkilib. Sakinlər işlətdikləri qaza, işığa, suya görə dövlətə pul ödəyirlər. Buna baxmayaraq, yaşadıqları evlərə sənəd ala bilmirlər. Bu, sözün əsl mənasında absurddur.
Məsələ burasındadır ki, sözügedən evlərdə yaşayan sakinlər buraya qeydiyyata da düşə bilmirlər. Böyüklər əvvəlcədən qeydiyyatda olduqları yaşayış məntəqələrinin sakinləri kimi qalmaqda davam edirlər. Bu evlərdə doğulan körpələrin harada qeydiyyata düşəcəyi isə məlum deyil. Valideynlərin çoxu əlacsızlıqdan övladlarını özlərinin əvvəlcədən qeydiyyatda olduqları yerlərdə qeydiyyata aldırmağa çalışırlar. Nəticədə böyük bir insan kütləsi yaşadığı yerdə qeydiyyata düşə bilmir. Bu problem vətəndaşların digər problemlərlə də üzləşməsinə səbəb olur. Məsələn, bu evlərdə yaşayan gənc ailələrin övladları dünyaya gələndə onların doğum haqqında şəhadətnamələrinin alınması üçün valideynləri hüquqi qeydiyyatda olduqları yaşayış məskənlərinə səfər etməli olurlar.
Bu evlərdə yaşayan hər hansı bir şəxs vəfat etdikdə, yaxınları onun ölüm haqqında şəhadətnaməsini almaq üçün də min bir əziyyətlə üzləşirlər. Sonradan uşaqların bağça, orta məktəb problemləri də gündəmə gəlir. Məlum olduğu kimi, qanunvericiliyə əsasən, paytaxtda dünyaya gələn bütün uşaqlar uşaq poliklinikalarında qeydiyyata düşür. Burada onların mütəmadi müayinəsi aparılır, peyvəndləri vurulur. Qeydiyyatsız evlərdə yaşayan ailələrin uşaqları bu hüquqlardan istifadə etməkdən məhrum olurlar. Qeydiyyatsız evlərdə yaşayan vətəndaşların evlərində böyüyən gənc oğlanların hərbi çağırış problemi kifayət qədər aktual olur. Bəzən heç bir yerdə qeydiyyatda olmayan gənc oğlanların hərbi xidmətdən yayınmasına yol açılır. Bakıda yaşayan, amma qeydiyyatı rayonda olan gənclərin hərbi komissarlıqların tibbi komissiyalarından keçməsi ailələr üçün böyük maliyyə itkisinə səbəb olur. Hərbi çağırışa çağırılana qədər həddi-buluğa çatmamış yeniyetmə ən azı 4-5 dəfə qeydiyyatda olduğu rayonun hərbi komissarlığına gedib-gəlməli olur. Əksər hallarda onları valideynləri də müşayiət etmək məcburiyyətində qalırlar. Nəticədə çəkilən xərc iki dəfə artır.
Hərbi xidmətdən geri qayıdan gənc bundan sonra da qeydiyyatda olduğu rayona gedib hərbi komissarlıqda qeydiyyatdan keçməlidir. Mövcud qanunvericiliyə görə, əsgər bu işi hərbi xidmətdən evə buraxılandan sonrakı 3 gün ərzində etməlidir. Yəni hərbi xidmətdən evə buraxılan əsgər valideynləri, qohum-əqrəbası ilə doyunca görüşüb hal-əhval tutmamış yenidən səfərə çıxıb bu işi reallaşdırmalıdır. Halbuki həmin gənc faktiki yaşadığı evdə qeydiyyatda olsaydı, bütün bu əziyyəti və əlavə xərcləri çəkmiş olmazdı.
Problemlər təkcə hərbi xidmətlə bağlı yaranmır. Məlum olduğu kimi, son vaxtlar insanlar bir sıra ehtiyaclarını banklardan müəyyən miqdarda kredit götürməklə həll edirlər. Əksər özəl banklar isə krediti Bakı şəhərində qeydiyyatda olan vətəndaşlara verirlər. Sənədləri olmayan evlərdə yaşayan Bakı sakinləri bu imkandan da istifadə etməkdən məhrumdurlar. Əksər banklar onlara kredit verməkdən imtina edirlər.
Məsələnin siyasi tərəfləri də var. Nəzərə almaq lazımdır ki, qeydiyyatsız evlərdə yaşayanların da böyük əksəriyyəti seçicilərdir. Nə qədər ki bu problem həll olunmayıb, Mərkəzi Seçki Komissiyası ən yüksək səviyyədə peşəkarlıq göstərsə belə, dəqiq seçici siyahıları hazırlaya bilməyəcək. Hazırda qeydiyyatsız evlərdə yaşayan vətəndaşlar əvvəllər qeydiyyatda olduqları yerlərin sakinləri kimi seçici siyahılarına daxil edilirlər. Azərbaycan reallığında onların seçki günü uzun yol qət edib, qeydiyyatda olduqları məntəqələrdə səs verəcəklərini düşünmək əlbəttə ki, sadəlövhlük olardı. Düzdür, mövcud qanunvericilik vətəndaşlara seçki günü yaxınlığında olduqları məntəqələrdə səs vermək hüququ verir. Amma Azərbaycanda çox az adam bu hüququ əldə etmək üçün lazım olan prosedurları keçmək həvəsində olur. Nəticədə xeyli sayda seçici səsvermə hüququndan istifadə edə bilmir.
Evlərdə qeydiyyat olmadığından sənədsiz yaşayış məskənlərinin çox olduğu yerlərdə hüquq-mühafizə orqanlarının işləri də çətinləşir. Diqqət yetirsək, son vaxtlar baş verən cinayətlərin böyük əksəriyyəti məhz bu cür evlərin yerləşdiyi yaşayış məntəqələrində qeydiyyata alınır. Bu cür evlərdə yaşayan vətəndaşlar hər hansı bir sosial problemlərinin həlli üçün yerli icra hakimiyyəti orqanlarına da müraciət edə bilmirlər. Daha doğrusu, bu müraciətlərə baxmaqda süründürməçilik üçün münbit şərait yaranır.
Məlum olduğu kimi, hazırda ölkə prezidentinin tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm dövlət proqrammı icra olunmaqdadır. Proqram çərçivəsində Bakıda və paytaxtın ətrafındakı fərdi yaşayış evlərinin çoxluq təşkil etdiyi kənd və qəsəbələrdə yeni yollar çəkilir, mövcud yollar asfaltlanır, qaz, işıq və su probleminin həlli üçün tədbirlər görülür. Amma tam əminliklə demək olar ki, qeydiyyatsız evlər problemi həll olunmayana qədər bu yaşayış məntəqələrinin mövcud sosial-iqtisadi problemlərinin kompleks şəkildə həlli mümkün olmayacaq.
Göründüyü kimi, qeydiyyatsız evlərdə yaşamaq təkcə vətəndaşların sahib olduqları mülklərə qeydiyyat sənədini almaqda üzləşdikləri problemlə məhdudlaşmır.
Bütün bunlar ölkə prezidentinin qeydiyyatsız evlər probleminin həlli ilə bağlı qaldırdığı məsələnin kifayət qədər aktual olduğunu bir daha sübut edir. Ona görə də məsələ nə qədər mürəkkəb olsa da, müvafiq dövlət orqanları münasib çıxış yolunu tapmalıdırlar. Heç kimə sirr deyil ki, bu gün heç bir sənədi olmayan fərdi yaşayış evləri bir vaxtlar müəyyən adamlara «haqq» ödənilməklə inşa olunub. Həmin evlərin tikintisinə böyük miqdarda pul qoyulub. İndi bu tipli evlərdə yüz minlərlə vətəndaş yaşayır. Dövlət strukturları prezidentin tapşırığını və həmin yüz minlərlə insanın illərdir üzləşdikləri problemləri heç cür qulaqardına vurmamalıdırlar. Problem mərhələ-mərhələ olsa belə həll edilməlidir. Özü də nəzərə alınmalıdır ki, bu cür evlərdə əhalinin əsasən aztəminatlı, gəlirləri o qədər yüksək olmayan təbəqələrinin təmsilçiləri yaşayırlar.
Ümumiyyətlə, Bakıda əmlak qeydiyyatı ilə bağlı problemlər yazmaqla qurtaran deyil. Biz bu problemləri növbəti saylarımızda da araşdırmağa çalışacağıq.
İlham QULİYEV