|
"İnsanın vətəni Yer kürəsidir" şüarından möhkəm yapışan və illərdir dəmir iradəsini göstərərək "başqalarının planeti"nə nəfs salmayan xalqımız tarixin hər bir səhnəsində bu "ictimai vətən"ə dərin sədaqət nümayiş etdirib. Belə ki, planetdə yayılan bütün xəstəliklərə birinci tutulan və axırıncı xilas olan camaatımız dünyanı başına götürüb, müxtəlif siyasi məktəblərə xidmət edən "DİNDAR" xəstəliyinə tutulanlar arasında da ön cərgələrdə yer alır. Dini məzhəbin tələblərindən irəli gələn bütün vəzifələri layiqincə yerinə yetirmək əsl dindarlıqdan xəbər verə bilərdi, əgər bu ideya müəyyən zaman kəsiyindən sonra "kütlədən geri qalmamaq" və "mənim ondan nəyim əskikdir?" psixologiyasının, daha doğrusu, xəstəliyinin simptomları ilə müşayiət olunmasaydı. Tələbat və istəklərin qarışdırıldığı bu tünlüyə baxmayaraq, çoxluğu müsəlmanlardan ibarət olan Azərbaycan xalqı da Qurban bayramını əlindən gəldiyi və qəbul edib, başa düşdüyü kimi qeyd etdi. Qurban bayramı keçməyinə keçdi.
Qurbanlıqları "sanitariya" sözünü bilməyən, əli maşın yağı və benzin iyi verən qəssablar kəssə də, dəriləri maşın yollarının kənarında dar ağacını xatırladan qarmaqlarda soyulsa da, qoyun əlindən tıxaca düşən sürücülər qurban sahiblərini söysə də, polislərimiz yol ortasında "quzu Kamazı"nı saxlayıb, qurbanlıq alarkən, yolu bağladığı üçün ona barmaq yelləyən digər sürücünü cərimə eləsə də, bu bayram qeyd olundu və bitdi. Bayram vaxtı yaza bilmədiyimizdən bayramın təfərrüatlarını paylaşmaq vaxtı indi başlayır. Beləliklə, bayramın mahiyyətini dərk etməkdə onsuz da çətinlik çəkən həmvətənlərimizin beynində daha böyük "?" işarələri qoyan bayramdan təəssüratları paylaşırıq. Əslində, buna təəssürat demək düzgün deyil, çünki təəssüratlardan yox, onun qoyduğu "?" işarələrindən və bu işarələrin arxasında duran faktlardan danışacağıq. Fakt 1: "Xəzər" televiziyasının "Aktual Xəbər" proqramında gedən reportaya əsasən, bazarda normal qurbanlıq heyvanların qiyməti 80-150 manat arasında dəyişir. Qurban kəsən qardaş müqəddəs məqsədə və savab əmələ xidmət etməli olan ətin yarısının bərabər bölüşdürülərək, dörd bacısının evinə yollanması, qalanının isə evdə bişirilməsi əmrini verir. Qurban bayramının əhəmiyyətini dərk etməyən həmvətənim isə sual verir ki, bəs bu ət kasıblara, dilinə ət dəyməyənlərə paylanacaqdı, axı? 150 manatlıq qurban alan intelligentin evində doğrudanmı ildə bir dəfə ət yeyilir? "Bəlkə bacısının evində həqiqətən ildə bir dəfə ət yeyilir!" deyənlərə isə onun sualı belə olur: bacısının evində ildə bir dəfə ət bişən qardaşın bütün günahları bu payla yuyulurmu? Yəni bu bayram bu məqsədəmi xidmət edir? Fakt 2: Bayram günü bütün əli çörək tutanlar qurban kəsir, vicdanı daha təmiz olanlar bunu həqiqətən ehtiyacı olana verir. Kəsməyənlərə isə "əldənmöhkəm", "vicdansız", "kafir" kimi baxılır. Halbuki, bu kafir hər ay qazandığından, hər gün yediyindən qonşusunun balasına da verir. Həmvətənim sual verir: hər ay vermək daha yaxşı deyilmi? Bu gün verilən ət bir dəfə bişəcək, sonra bunlar yenə quru çörək yeməyəcəkmi? Əgər belə olacaqsa, bu təntənəyə nə ehtiyac var? Vicdanının səsinə kar olan qulaq hər gün acından ağlayan uşağın səsini necə olur ki, ildə bir gün eşidir? Fakt 3: Bir çoxları bu bayrama "ət bayramı" deyənlərə qarşı sərt mövqe tutur. Həmvətənim bazara gedir. Hitə çevrilmiş parlaq şüarlar səslənir: "Təzə kəsilmiş təmiz qurban əti" (satılır), "Qurban əti 7 manata" və sair. Həmvətənimin sualı: bəs bu qurban əti qurban deyilən heyvanın əti idi, axı? Axı, o kəsilib kasıba, fəqir-füqəraya paylanmalıydı? Fakt 4: Həmişəki kimi bazarda adət etdiyi yerdən ət alan həmvətənimə məlum olur ki, ət 7 manat 50 qəpik olub. Qurban bayramı ilə əlaqədar olaraq qiymətlər qalxıb. Həmvətənim yenə dərin düşüncələr ağuşuna düşür. Düşünür və düşündükcə suallar hücum çəkir. Məntiqə əsaslansaq, ətin qiyməti düşməliydi, axı? Qiymət düşməliydi ki, hamı bayram günü ət alıb, yemək bişirə biləydi, hamının evində qazan asılaydı. Axı, qiymət qalxsa, nəinki kasıb, heç normal vətəndaş da ət yeyə bilməyəcək. Bəs, hardadır bu bayramın verdiyi mərhəmət hissi, Allahın verdiyi bərəkət, neməti paylaşmanın bəxş etdiyi ülvi duyğular? Fakt 5: Məhəllənin "professor"u 10 qurban kəsdirir, hamısını olmasa da, bir hissəsini ehtiyacı olanlara paylayır. Ət alanlar dil-ağız edirlər. Professor: Çox sağ olun, o nə sözdür! Allah bu əməllərimi görsün, mənə yetər. Ət alan qonşu: "Allah sənə də bir oğul qismət etsin". Professor: "Bu boyda qurban kəsirəm, bu qədər alqış yiyəsi oluram, bəs niyə vermir?" deyir, qapını çırparaq içəri keçir. Bu da onsuz da inanmamağa əhd etmiş həmvətənim üçün sonuncu ürküdücü dini biznes faktı. Allaha 10 qurban kəsir, əvəzində oğul istəyir. Həmvətənimin sualı: ola bilsin ki, professorun qazandığı alqışlara hələ oğul düşmür? Deməli, o, bir oğul üçün hələ bir neçə il qurban kəsəcək? Əgər onun bu il oğlu olsa, o, gələn il qurban kəsib, ac qarın doyurmayacaq? Nəsə. Axır ki, bir çox həmvətənimin beynində cavab axtaran suallarla bu Qurban bayramı da keçdi. Yəqin ki, bu sualların cavabını layiqincə verə biləcək insanlar var. Bu sualları oxuyub, uyğun cavablarla bir çox həmvətənimizə bu bayramın əsl məram və məqsədinin nə olduğunu izah edəcəklər. Ona görə də nəyin necə olduğunun şərhini verməyə ehtiyac duymuruq. Sadəcə, bütün inananları, milliyyətindən asılı olmayaraq, sitayiş edib, rahatlıq və təmizlik tapan bütün müsəlmanları ötən bayram münasibətilə təbrik edirik.
Elcan
|