İsveçrəlilərin 57 faizi məscidləri minarəsiz görmək istəyirlər
İsveçrədə xeyli müddətdir gündəmdə olan minarə mübahisəsi ilə bağlı referendum sensasion nəticələr ortaya qoyub. Referendumda iştirak edənlərin 59 faizi minarələrin tikintisinə qarşı çıxıb. Referendum təşəbbüsü İsveçrə Xalq Partiyası (SVP) və Federal Demokratik Birliyi (EDU) tərəfindən irəli sürülüb. Onların əsas arqumenti "məscidlərin islamın güc nümayişi olduğu" və "islamın gizlicə ölkəyə yayılmasının qarşısını almaq zərurəti" idi. Əhalisi 7,5 milyon olan İsveçrədə müsəlmanlar 6 faiz təşkil edir. Müsəlman əhalinin əksəriyyəti müharibə vaxtı keçmiş Yuqoslaviya torpaqlarından qaçan bosniyalı və kosovalı müsəlmanlar və türklərdir. Avropa Şurasının baş katibi Torbörn Yaqland bəyan edib ki, yeni minarələrin tikintisinə qoyulan qadağa Avropa İnsan Haqları Konvensiyasının qarant durduğu söz azadlığı, din azadlığı və hər növ diskriminasiyanın qadağan olunmasına zərbədir:
"Buna görə də əgər bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunarsa, o zaman məhkəmə yeni minarələrin tikilməsinə dair bu qadağanın konvensiyaya zidd olub-olmadığı haqda özü qərar verəcək". Təxminən eyni məzmunlu bəyantla Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Maria de Puç da çıxış edib. AŞ PA prezidenti bildirib ki, o, İsveçrədə yeni minarələrin tikilməsinin qadağan olunması haqda çıxarılan qərardan narahatdır: "Bir tərəfdən bu, İsveçrə xalqı və eləcə də ümumilikdə Avropa daxilində islam fundamentalizminə qarşı mövcud olan qorxunun göstəricisidir. Digər tərəfdən bu qərar cəmiyyətlərimiz daxilində gedən parçalanmanın dərinləşməsi və təcrid etmə hisslərinin ruhlandırılması risklərini artırmış olur. Bu referendumun nəticələri Avropa Şurası və onun Parlament Assambleyasının hər zaman müdafiə etdiyi, digərlərinin inanclarına hörmətlə yanaşma, dialoq və tolerantlıq dəyərlərinə ziddir". Öz növbəsində Roma katolik kilsəsi İsveçrədə minarə inşasına qadağanı dini azadlığa zərbə kimi qiymətləndirib. Vatikanın bəyanatından əvvəl dünyanın müsəlman təşkilatları qadağandan narahatlıq bildiriblər. İndoneziyanın ən tanınmış dini liderlərindən biri Məskuri Abdulla deyib ki, İsveçrə referendumunun nəticəsi islama qarşı nifrət və qeyri-tolerantlığın təcəssümüdür. Misirin Böyük Müftisi Əli Qomaa qadağanı İsveçrə və başqa yerlərdə müsəlman icmalarının hisslərinin təhqiri kimi təsvir edib. BBC-nin Berndəki müxbiri bildirib ki, nəticədən Avropa İnsan Haqları məhkəməsinə şikayət ediləcəyi gözlənilir.
|