Türkiyə millətçiləri Azərbaycanın maraqlarının müdafiəsini davam etdirəcəklər
Türkiyənin Ermənistanla imzaladığı protokolların parlamentdə ratifikasiyasının gecikdirməsi mətbuatda müxtəlif versiyaların ortaya çıxmasına səbəb olub. Qeyd olunur ki, ABŞ, Avropa Birliyi və Ermənistan Türkiyəyə erməni-türk protokollarının ratifikasiyası ilə bağlı təzyiqlər göstərir. Bəs görəsən, Türkiyə bu təzyiqlər qarşısında davam gətirə biləcəkmi?
Sualı cavablandıran Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı Mehmet Şandır bildirib ki, MHP təzyiqlərə baxmayaraq, Azərbaycanın maraqlarını müdafiə etməkdə davam edəcək: "Buna görə narahat olmaya bilərsiniz. Ermənilər Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər türk-erməni sərhədlərinin açılması və bu iki ölkə arasında normal münasibətlərin qurulması qeyri-mümkündür". M.Şandır təsdiq edib ki, bu protokollar ABŞ və AB-nin təzyiqləri qarşısında imzalanıb. Lakin əlavə edib ki, erməni işğalı başa çatmayana qədər bu protokollar radifikasiya olunmayacaq: "Hökumət bu protokolları parlamentə göndərib. Lakin MHP olaraq biz bu protokolların Xarici Əlaqələr Komissiyasının müzakirəsinə və ardınca da onun parlamentin müzakirəsinə çıxarılmasına yol verməyəcək. Biz Türkiyə Respublikasının azərbaycanlılara verdiyi vədin üzərində dayanmasına çalışacağıq. Heç bir səbəb Türk-Azərbaycan dostluğunun şübhə altına sala bilməz".
Yeri gəlmişkən, ABŞ və erməni mətbuatında yayımlanan informasiyalarda göstərilir ki, Türkiyə protokolları ratifikasiya etməyəcəyi təqdirdə Birləşmiş Ştatlar qondarma erməni soyqırımını tanıyacaq. Belə olan təqdirdə Türkiyənin atacağı addımlar necə olacaq? MHP üzvü hesab edir ki, Birləşmiş Ştatların qondarma erməni soyqırımını tanıyacağının Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur: "Türkiyədən başqa istənilən dövlətin bunu tanıması heç bir rol oynamır. Bu iddialar Türkiyəyə qarşı yönəlib və məhz Türkiyə də kompensasiya ödəməlidir. Üçüncü ölkənin "soyqırımı"nı tanıması bizi rəncidə sala bilər. Lakin həqiqəti dəyişə bilməz. Yalnız Türkiyənin qondarma soyqırımını tanıması əhəmiyyətə malikdir. Hətta ABŞ və AB kimi fövqəl qurumların təzyiqi belə bizi öz babalarımızı qatil adlandırmasına əsas verə bilməz. Türk milləti öz tarixi boyu heç vaxt hansısa xalqa qarşı genosid həyata keçirməyib. Düzdür, hökumət bu təzyiqlərə qarşı layiqli müqavimət göstərmir və güzəştlərə gedir".
Qeyd edək ki, hazırda Türkiyədə 50-60 minə yaxın erməni miqrantı qeyri-qanuni fəaliyyət göstərir. Halbuki, belə bir hal hansısa ölkədə olsaydı, dərhal sərt reaksiya göstərilərdi. Bəs niyə ermənilərə qarşı bu cür qayğılar həyata keçirilmir? Türk deputat bu siyasətin yanlış siyasət olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyədə işsizliyin səviyyəsi 15 faizə qədər yüksəlib. Onun qənaətincə, belə olan təqdirdə qeyri-qanuni əcnəbi işçi qüvvənin axınına göz yummaq o qədər də ağıllı addım deyil: "Lakin bu, o qədər də əhəmiyyətli məsələ deyil. Çünki Türkiyə bir tikə çörək üçün ona pənah gətirən insanların üzərinə qapı bağlamır. Bizim üçün əsas məsələ Qarabağda erməni işğalına soy qoyulması və Türk-Azərbaycan dostluğunun davam etdirilməsidir.
M.Şandır təmsil etdiyi partiyanın Qarabağ probleminin həllini necə gördüyünə də aydınlıq gətirib: "Qarabağ münaqişəsi beynəlxalq səviyyəli problemdir. Beynəlxalq ictimaiyyətin dəstəyi olmadan bu problemin həlli qeyri-mümkün görünür. Türkiyə ATƏT-in Minsk qrpunun fəaliyyətini diqqətlə izləməli və bu məsələnin həllinə dərindən girişməlidir. Türk-erməni protokolları yalnız Dağlıq Qarabağ problemləri həll olunandan sonra həyata keçirilə bilər. Biz türk hökumətindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Ankara-Yerevan protokollarının tam istifadə olunmasının tərəfdarıyıq. Biz türk-erməni protokollarının yeni variantını təklif edirik. Bu yeni variantda ilk yerdə Qarabağda erməni işğalına son qoyulması, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiassından əl çəkməsi və bundan sonra ikitərəfli münasibətlərin qurulması əks olunur. Ermənilər belə varianta qarşı çıxa bilərlər. Bu, onların problemləridir. Lakin biz bu məsələnin bütün ciddiliyini nəzərə alıb istənilən vasitələrlə irəli sürdüyümüz variantın həllini istəyirik".
M.Şandır bəzi türk KİV-də ermənilərə sevgi dolu məqalələrə də toxunub. O bildirib ki, bu KİV-lər çox böyük səhv edirlər: "Bu, boş və yalan bəyanatlardır. Onların müəllifləri nə dediklərini də bilmirlər. Bizdə KİV müstəqildir və onların hər biri bu məsələyə öz nöqteyi-nəzərlərindən yanaşırlar. Lakin belə hallar bizi daha ehtiyatlı olmağa vadar edir. Biz gözləmədiyimiz yerdən zərbə ala bilərik. KİV-in nə düşündüyü əsas deyil, əsas türk millətinin qənaətidir. Türk milləti heç vaxt ermənilərlə şübhəli münasibətlər qurulması naminə Azərbaycanla qardaşlıqdan imtina etməyəcək. O, heç vaxt Türkiyə və Azərbaycana qarşı erməni iddialarını qəbul etməyəcək".
Azər NURİYEV