Bütün diqqət bələdiyyə ərazilərinə yönələcək
"Digər partiyalardan fərqli olaraq, Yeni Azərbaycan Partiyasının irəliyə sürdüyü namizədlərin əksəriyyəti dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Partiyamızın bütün bələdiyyələr üzrə namizədləri mövcuddur". Bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov bələdiyyə seçkiləri ilə əlaqədar yurnalistlərin suallarını cavablandırarkən deyib. Ə.Əhmədov bəzi müxalifət partiyalarının seçki ilə bağlı iddialarının əsassız olduğunu da bildirib.
- Müxalifət partiyalarını təmsil edən deputatlar onların namizədlərinə qarşı təzyiqlərin olduqlarını iddia edirlər. Bildirirlər ki, bir sıra şəxslərin namizədliyi qeydə alınmayıb. Bu iddialara münasibətiniz necədir?
- Bələdiyyə seçkilərində çoxlu sayda partiyaların, o cümlədən də müxalifət partiyalarının iştirak etməsinə baxmayaraq, onların təmsil etdiyi nümayəndələrin say etibarilə xeyli az olduğu aydın şəkildə gözə çarpır. Bu vəziyyətə görə həmin partiyalar tərəfindən nə dairə seçki komissiyalarını, nə də ayrı-ayrı strukturları günahlandırmaq kimi səmərəsiz yol seçilməlidir. Əgər müxalifət partiyalarının kifayət qədər nümayəndəsi olsaydı, onlar çoxlu sayda namizəd irəli sürərdilər və qeydə alınanlar da çox olardı. Həmin partiyaların az sayda namizədlərinin olmasının günahını nə DSK-larda, nə də başqa strukturlarda axtarmaq düzgün deyil. Əgər xatırlayırsınızsa, 2004-cü ildə keçirilmiş seçkilərdə də indiki mənzərə yaranmışdı. O zaman da bələdiyyə seçkilərində təmsil olunmaq üçün müxalifət partiyalarının yerlərdə insani resurslarının olmamasını açıq şəkildə bildirirdik. 2009-cu ilin seçki mənzərəsi də bunu əyani şəkildə göstərir. Ayrı-ayrı partiyaların öz insani resurslarının məhdudluğunu ört-basdır etməkdən ötrü DSK-ları və yerli icra orqanlarını hədəf kimi seçmələrini səmərəli siyasi mübarizə forması saymıram.
- YAP ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri olduğu üçün qanunla İctimai Televiziyada ödənişsiz efir vaxtı almaq hüququ qazanıb. Ancaq digər partiyalardan heç biri bu imkanı qazana bilməyib. 2004-cü ildə də yalnız YAP bu hüququ əldə etsə də, ondan istifadə etmədi. Builki seçkilərdə ödənişsiz efir vaxtı hüququndan istifadə edəcəksinizmi, yoxsa bundan imtina olunacaq?
- Bilirsiniz, əgər söhbət ödənişsiz təbliğatdan gedirsə, bunun məqsədi bir tərəfdən siyasi partiyalara dövlət tərəfindən imkan yaradılması mənası daşıyırsa, digər tərəfdən debat təşkil etmək məqsədi güdür. İndiki halda YAP partiya şəklində seçkilərdə iştirak edən yeganə siyasi təşkilat olduğundan bu debatı aparmaq imkanı yoxdur. Belə olan halda YAP-ın verilmiş bu imkandan istifadə etməsi də öz mənasını itirir. Bizim digər partiyaların nümayəndələri ilə diskussiyalar aparmaq imkanımız olmayacaq. Ona görə də hesab edirəm ki, bu şəkildə televiziyada təşviqat aparmaq öz mənasını itirir. YAP-ın bütövlükdə müəyyənləşdirdiyi konsepsiyada əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, seçki təşviqatının bütün ağırlığını yerlərdə keçirək. Çünki bələdiyyə üzvləri yerlərdə seçiləcək. Belə olan halda, çox yaxşı olar ki, təşviqat da həmin bələdiyyənin ərazisində aparılmalıdır. Belə müzakirələrdə namizədlərin həqiqətən bələdiyyə üzvlüyünə layiqli olduğunu bu ərazidə yaşayan insanların diqqətinə çatdırmağa çalışacağıq.
- Əli müəllim, fərdi qaydada namizədliyini irəli sürən YAP üzvləri də var. Onlara qarşı münasibət necə olacaq?
- Belə namizədlərin sayı çox deyil. Biz yerlərdə rayon və şəhər təşkilatlarının vasitəsilə partiya üzvləri arasında izahat işləri aparmışıq. Bunun da mahiyyəti ondan ibarətdir ki, bütün üzvlər YAP tərəfindən irəli sürülən namizədlərin təşviqatının aparılmasına kömək etməlidirlər. Onu da bildirmək istəyirəm ki, əsas etibarilə bu vəzifənin öhdəsindən gələ bilmişik. YAP üzvlərinin əksəriyyəti namizədlərin təşviqat kampaniyasında iştirak edəcəklər. Az sayda fərdi qaydada bələdiyyələrə namizədliyini irəli sürmüş YAP üzvləri də var. Bu məsələ ilə ciddi şəkildə məşğuluq. Fikrimcə, seçki kampaniyasının məntiqi də onu irəliyə sürür ki, bir partiya uğurlu seçki kampaniyası aparmaqdan ötrü onun bütün resursları, o cümlədən insani resurslar bir məqsədə xidmət etməlidir. Əgər hansısa üzvümüz kampaniyanın uğurla aparılmasına maneçilik törədəcəksə, o özünü partiyadan kənarda qoymuş olacaq. Bütövlükdə biz bu məsələyə kütləvi deyil, fərdi qaydada yanaşacağıq və müvafiq qərarlar qəbul olunacaq. İ.QULİYEV
|