İcmal büdcə artırıldı
Milli Məclisin dünən keçirilən iclasında 2010-cu ilin dövlət büdcəsi deputatların müzakirələr zamanı səsləndirdikləri təkliflərin bəziləri nəzərə alınmaqla təsdiqləndi.
Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, büdcə müzakirələri çox məhsuldar keçib. Deputatların verdiyi təkliflərin nəzərə alınması üçün hökumətə 10 gün vaxt verilib. Spiker bildirdi ki, deputatların investisiya layihələri ilə bağlı təklifləri büdcə müzakirələri zamanı deyil, daha əvvəl verilməlidir ki, onları nəzərə almaq mümkün olsun.
Bu barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirdi ki, parlamentdəki müzakirələrdən sonrakı müddətdə hökumət səsləndirilən təklifləri araşdırıb. Nəticədə qərara alınıb ki, icmal büdcəsi 20 milyon manat artırılaraq 12 milyard 636 milyon manata çatdırılsın. Belə ki, hökumət Dövlət Neft Fondunun xərclərinin 20 milyon manat artırılmasına qərar verib. Bu vəsait ekoloyi problemlərin maliyyələşdirilməsinə sərf olunacaq. Nazir dedi ki, hökumət bundan əlavə, deputatların təkliflərinə əsasən, dövlət büdcəsinin xərc strukturunda da bəzi dəyişikliklər edib.
Bir neçə sahə üzrə nəzərdə tutulan vəsaitlər artırılıb. Belə ki, elmi-tədqiqat institutlarının fəaliyyətinin yaxşılaşdırılması, müasir avadanlıqlarla təminatının gücləndirilməsi üçün elm xərclərinə əlavə olaraq 3 mln. manat, dərman preparatları ilə təchizatın yaxşılaşdırılması ilə bağlı səhiyyə xərclərinə əlavə olaraq 4 mln. manat, tarixi abidələrin bərpası, xaricdə Azərbaycan mədəniyyəti mərkəzlərinin yaradılması, sənədli filmlərin çəkilişi və digər mədəniyyət tədbirlərinin maliyyələşdirilməsi üçün mədəniyyət xərclərinə əlavə olaraq 6,3 mln. manat ayrılıb. Bundan başqa, Milli Məclisin və Xarici İşlər Nazirliyinin əməkhaqqı fondunun müvafiq olaraq 458 min və 580 min manat artırılması məqbul sayılıb. Ümumilikdə, deputatların təklifi ilə ayrı-ayrı sahələr üçün təklif olunan cəmi 14,3 mln. manat vəsaitin 13,3 mln. manatı sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. Amma bütün bu dəyişikliklər büdcənin ümumi xərclərini artırmayıb. Nazir dedi ki, digər sahələrə yönəldilən vəsaitlər büdcənin xidmət xərcləri bölməsində valyuta ehtiyatlarının konventarizasiyası üçün nəzərdə tutulan vəsaitlərdən götürülüb. Yəni həmin iş üçün nəzərdə tutulan vəsait 14,3 milyon manat azaldılıb. Bununla da 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 milyard 015 milyon manat, xərcləri isə 11 milyard 264 milyon manat olaraq qalıb. Dövlət büdcəsinin kəsiri isə 1,249 milyard manat həcmində proqnozlaşdırılır.
Bundan sonra dövlət büdcəsi 101 nəfər lehinə, 8 nəfər əleyhinə olmaqla qəbul edildi.
İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi də təsdiq edildi. Fondun sədri bildirdi ki, DSMF-nin 2010-cu il büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 1 757,216 mln. manat səviyyəsində müəyyənləşdirildi.
Deputatlar yaşayış minimumunu 87 manat, ehtiyac meyarını isə 65 manat məbləğində təsdiqlədilər. Bu barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, gələcək illərdə ehtiyac meyarı anlayışından imtina ediləcək.
Deputatlar Milli Məclisin xərclərini 16 827 033 manat, Hesablama Palatasının xərclərini isə 3 727 021 manat təsdiq etdilər.
İlham QULİYEV