|
Konstitusiya qanunu sonuncu oxunuşda təsdiqləndi
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri prezident İlham Əliyevin Ermənistan prezidenti Sery Sarkisyanla Münhendə keçirdiyi görüşdən öncə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanatı dəstəklədiklərini bildirdilər. Xatırladaq ki, prezident Goranboyda qaçqın və məcburi köçkünlərlə görüşü zamanı Münhen görüşünün də nəticə verməyəcəyi halda danışıqların dayandırılacağını və Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlaya biləcəyini demişdi. Müzakirələrdə çıxış edən Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn Madrid prinsiplərinin ictimaiyyətə açıqlanmasını təklif etdi. Onun sözlərinə görə, həmsədrlərin açıqladığı bu prinsiplərin biri də Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyənləşdirilməsini nəzərdə tutur ki, bu da Azərbaycanın ziyanınadır. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu dedi ki, bəzən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların gedişi barədə spekulyasiyalara yol verilir.
Millət vəkili bunun qarşısını almaq üçün parlametdə təmsil olunan partiyaların sədrlərinin danışıqların gedişi barədə məlumatlandırılmasını təklif etdi. Onun sözlərinə görə, həmin görüşdə parlament rəhbərliyi danışıqların bəzi detalları barədə partiya sədrlərini məlumatlandırmalıdır. Millət vəkili dedi ki, bu görüş qapalı keçirilməlidir və partiya sədrləri aldıqları informasiyanın məxfiliyini qorumaq öhdəliyi götürməlidirlər. Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc dedi ki, prezident İlham Əliyevin Münhen görüşündən əvvəl verdiyi bəyanat qarşı tərəfin təhdidi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, prezident təkcə özünün deyil, bütövlükdə xalqın mövqeyini ifadə edib. Prezident bununla həm də beynəlxalq ictimaiyyətə bir mesay verib. Z.Oruc prezidentin məlum bəyanatına beynəlxalq təşkilatların reaksiyasına da münasibət bildirdi. Onun sözlərinə görə, Azərbaycan heç müharibəyə başlamamış artıq üstümüzə gəlməyə başlayıblar. "Heç kim başa düşmək istəmir ki, müharibənin başlamasının məsuliyyətini işğalçı dövlət kimi Ermənistan daşıyır" - deyə millət vəkili vurğuladı. YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hələ də bəzi dairələrin Dağlıq Qarabağ məsələsindən siyasi divident əldə etməyə çalışdıqlarını bildirdi. Onun sözlərinə görə, danışıqların məzmununun açıqlanmasını tələb edənlərin beynəlxalq səviyyəli danışıqlar, danışıqların konfidensiallığı və diplomatiyanın incəlikləri barədə biliklərinin zəif olduğu məlum olur. Millət vəkili onu da bildirdi ki, Azərbaycan hələlik Madrid prinsiplərinə razılığını verməyib. Buna görə də hakimiyyəti nədəsə ittiham etmək düzgün deyil. Danışıqlarda Azərbaycanın mövqeyinin ölkə prezidenti tərəfindən tam müdafiə olunduğunu deyən millət vəkili həmkarlarını ermənilərin yaydığı dezinformasiyalara inanmamağa çağırdı. Millət vəkili təklif etdi ki, parlament işğal olunmuş ərazilər haqqında qanun qəbul etsin. Həmin qanunda Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq təşkilatların və xarici şirkətlərin iş aparması qadağan olunsun. Bu qadağaya əməl etməyənlər müvafiq sanksiyalara məruz qalsın. Millət vəkili müxalifəti bu qanun layihəsi ilə bağlı əməkdaşlığa dəvət etdi. YAP icra katibinin digər müavini, millət vəkili Siyavuş Novruzov dedi ki, prezident danışıqlarda Azərbaycanın maraqlarını qorumaq üçün bütün gücü ilə çalışır. Eyni zamanda, ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün də lazımi addımlar atılır. Ölkə iqtisadiyyatı inkişaf edir, silahlı qüvvələr gücləndirilir. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə münaqişənin həllinin uzanmasında Rusiyanı günahlandırdı. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini Moskva yaradıb, əgər şimal qonşularımız istəyərlərsə, bu problem həllini tapa bilər. Millət vəkili onu da bildirdi ki, danışıqlarda iştirak edən xarici işlər naziri parlamentdə millət vəkillərinə hesabat verməlidir. "Biz əvvəl-axır bilməliyik ki, danışıqlarda bizdən nə istəyirlər və biz nə istəyirik" - deyə İ.Ağazadə vurğuladı. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı dedi ki, müxalifət ölkə prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda tutduğu mövqedən narazı deyil. Amma ölkənin mövqeyini təkcə prezident ifadə etməməlidir. Prezidentlə yanaşı parlament, siyasi partiyalar, QHT-lər də Azərbaycanın mövqeyini müdafiə etməlidirlər. "Danışıqların gedişi ilə bağlı millətin də səsi eşidilməlidir. Bu məsələdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Hamımız görürük ki, bütün dünya üstümüzə gəlir. ATƏT-in Minsk qrupu açıq-aşkar zorakılıqla məşğuldur. Cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri digər problemlərə də toxundular. Müsavat deputat qrupunu təmsil edən millət vəkili İltizam Əkbərli dedi ki, 2-ci İmişli-Parsabad yüksək gərginlikli elektrik xətti çəkilərkən vətəndaşların hüquqları pozulub. Belə ki, normativlərə görə, 330 kilovatlıq bu cür xətlər ya yaşayış evlərinin yaxınlığından keçməməli, ya da keçərsə, həmin vətəndaşlara kompensasiya ödənməlidir. 2-ci İmişli-Parsabad xətti çəkilərkən bu məqam nəzərə alınmayıb. Xətt yaşayış evlərinin və yardımçı təsərrüfatların üstündən keçir. "Həmin evlərdə yaşayan insanlar və onların əmlakları təhlükə altındadır" - deyə millət vəkili parlament rəhbərliyindən bu məsələnin həllində yardım göstərilməsini istədi. Sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başladılar. Deputatlar eyni şəxsin iki dəfədən artıq ombudsman seçilməsinə imkan verən "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununu sonuncu oxunuşda təsdiqlədilər. Layihəni təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov dedi ki, Konstitusiya qanununa dəyişiklik ikinci səsvermədə 95 səslə qəbul olunmalıdır. Dəyişiklik 104 səs lehinə, 6 səs əleyhinə olmaqla qəbul olundu. Beləliklə, qanunda bir nəfərin yalnız bir dəfə ombudsman seçilməsi norması "eyni şəxs iki dəfədən artıq seçilə bilməz" variantına dəyişdirildi. Qanuna edilən digər dəyişikliyə əsasən, səlahiyyət müddəti bitmiş müvəkkil onun yerinə yenisi seçilənədək vəzifəsinin icrasını davam etdirəcək. Xatırladaq ki, Milli Məclis qanuna dəyişikliyi ilk dəfə mayın 26-da qəbul etmişdi. Azərbaycan qanunvericiliyinə əsasən, Konstitusiya qanunları və ona dəyişikliklər iki səsvermədə qəbul olunur. İkinci səsvermə birincidən altı aydan sonra keçirilir. İclasda "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan sazişi ratifikasiya edildi. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, sazişin təsdiqi türkdilli ölkələr arasında əməkdaşlığı daha da dərinləşdirəcək. Millət vəkilləri "Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısının Naxçıvan Bəyannaməsi"ni də ratifikasiya etdilər.
İlham QULİYEV
|