|
Gürcüstandan oğurlanan mallar Azərbaycanda tapılıb
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, Gürcüstan ərazisindən oğurlanan mallar Azərbaycanda aşkarlanıb. Belə ki, iyulun 19-da Gürcüstan vətəndaşı Rüfət Məmmədov bir qrup şəxslə əlbir olaraq Gürcüstanın Siqnax rayonu ərazisində yaşayan Əzəlxan Şirinova və onun əmisi Şıxəliyə məxsus fermadan 20 baş inəyi oğurlayıb.
Onlar oğurladıqları mal-qaranı Azərbaycan ərazisinə keçiriblər. Ağstafa RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs tutulub. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da Vüqar Quliyevə məxsus şəxsi sənədləri və 300 manatı oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb. Saxlanılan Bakı şəhər sakini Amin Mehdiyevdir. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Tahirova məxsus geyim əşyalarını, pul və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb. Saxlanılanlar Xırdalan şəhər sakinləri Nuri Behbudov və Cavidan Əliyevdir. Hər üç faktla bağlı araşdırma aparılır.
|