Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Nəticəsiz görüş
Politoloqlar hesab edir ki, Azərbaycan tərəfinin Qarabağ nizamlanması üzrə danışıqlarda güzəştlər həddi tükənib

Gözləntilərin və proqnozların əksin olaraq prezidentin Kazan görüşü nəticəsiz başa çatdı. İyunun 24-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü ilə bağlı yayılan bəyanatda bildirildi ki, bəzi məsələlərdə anlaşma əldə edilib, amma hər hansı sənəd imzalanmayıb. Görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə bəyanatında da qeyd edilir ki, “əsas prinsiplərin qəbulu üçün şərait yaradan bir sıra önəmli məsələlərdə qarşılıqlı anlaşma əldə edilib”. Onlar baza prinsiplərin razılaşdırılması üçün aparılan işin gedişini nəzərdən keçiriblər. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransaya “Dağlıq Qarabağ probleminin həllini daim diqqətdə saxlamalarına” görə təşəkkür ediblər. Əliyev və Sarkisyan Rusiya prezidenti Medvedyevin danışıqların baş tutması və razılığın əldə ediləsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiriblər. Qeyd edək ki, birgə görüş 3 saata yaxın davam edib.

Erməni tərəfi yenə məsuliyyətdən yayınır
Görüşdən sonra erməni xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan deyib ki, Azərbaycan təməl prinsiplərin son variantını qəbul etməyə hazır olmayıb. Lakin diplomat danışıqların davam etdiriləcəyinin mühüm olduğunu qeyd edib. “Hər halda, hesab edirəm ki, görüş hərtərəfli müzakirələrin davam etməsi baxımından müsbət olub” - deyə Edvard Nalbandyan Rusiya prezidentinin son 3 il ərzində prosesin tənzimlənməsində böyük əməyini qeyd edib.

Elmar Məmmədyarov : «Ermənistan danışıqlar prosesinin mahiyyətini təhrif edir»

«Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü bu formatda ən uzun sürən görüşlərdən biri olub». Elmar Məmmədyarov «Trend» agentliyinə Kazan görüşünü şərh edərkən deyib ki, Kazanda münaqişənin tənzimlənməsi istiqamətində irəliləyişə mane olan problemlər müzakirə olunub:  «Təəssüf ki, bir sıra prinsipial məsələlərdə biz kompromis həllə nail ola bilmədik. Ermənistan tərəfi 7 il əvvəl başlanan danışıqlar prosesinin mahiyyətini təhrif edərək Azərbaycandan maksimum güzəştlər tələb edir». E.Məmmədyarov deyir ki, bununla belə prezidentlər danışıqları və mövqeləri yaxınlaşdırmaq üçün səyləri davam etməyə razılaşıblar. Edvard Nalbandyanın son açıqlamasına cavab olaraq E. Məmmədyarov bildirib ki, yenə də fakt və sənədlər təhrif olunur: «Azərbaycan 2009-cu ildə Afinada Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü yenilənmiş «Madrid sənədi»ni qəbul etdiyini bəyan edəndə, nədənsə erməni tərəfi susurdu. İndi Ermənistan yenilənmiş «Madrid sənədi»nə əsaslanan işçi sənədin çoxsaylı versiyalarının yalnız birindən danışır. Mən Ermənistan XİN-ə tövsiyə edərdim ki, piarla məşğul olmasınlar. Həmsədr ölkələrin liderlərinin çağırdığı kimi, yaranmış neqativ status-kvonun dəyişdirilməsi üzərində intensiv işləsinlər. Görüşün yekunu olaraq məndə belə bir təəssürat yarandı ki, prezidentlər bu istiqamətdə fəal işləmək niyyətindədirlər» - deyə nazir bildirib.
Öz növbəsində Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə açıqlamasında Kazanda prezidentlərin heç bir saziş imzalamamasında Ermənistanı ittiham edib: «Danışıqlar prosesi mürəkkəb komponentlərlə gedir. Lakin bir nəticə kimi müsbət qiymətləndirmək olar. Hər halda müəyyən məsələlərlə bağlı mövqelərdə bir yaxınlaşma hiss olunur. Buna görə də prezidentlər orda bir daha razılaşdılar ki, danışıqları davam etdirsinlər».  Şöbə müdiri Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyanın Kazanda danışıqları Azərbaycanın pozmasına dair bəyanatını da şərh edib: «O cür bəyanat bir daha göstərdi ki, Nalbandyan və yaxud Ermənistan rəhbərliyi əvvəlki kimi, öz məkrli təbliğat üsulundan əl çəkmək niyyətində deyil. Onlar yenə öz addımlarını Azərbaycanın üzərinə qoyurlar, Azərbaycana böhtan ataraq beynəlxalq ictimaiyyəti çaşdırır və aldadırlar».

ATƏT tərəfləri atəşkəsin möhkəmləndirilməsinə səsləyib

Danışıqlardan sonra görüşü şərh edən ATƏT tərəfləri atəşkəsin möhkəmləndirilməsinə səsləyib. “Mən tərəfləri Həştərxan və Soçi görüşlərində əldə olunan razılaşmalara riayət etməyə, həmçinin təmas xəttində mümkün insidentləri araşdırmağa, güc tətbiq etmə və güc tətbiq etməklə hədələmədən vaz keçməyə çağırıram” - deyə təşkilatın sədri Audronius Ajubali vurğulayıb. ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronius Ajubalis Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü ilə bağlı açıqlamasında Dağlıq Qarabağ münaqişəsi üzrə davamlı səylərin vacibliyini vurğulayıb. “Mən bir sıra məsələlər üzrə razılıq əldə olunmasını alqışlayıram. Çünki bunlar baza prinsiplərini təsdiq etmək üçün şərait yaradacaq. Ümidvaram ki, qalan məsələlərin həlli üzrə iş davam etdiriləcək və bu münaqişənin həlli üçün yol açacaq” - deyə A.Ajubalis qeyd edib. Onun sözlərinə görə, ATƏT üçtərəfli səviyyədə, Minsk Qrupu və təşkilatın sədrinin şəxsi nümayəndəsi tərəfindən reallaşdırılan səyləri dəstəkləməyə hazırdır ki, bu səylər Cənubi Qafqazda qeyri-stabilliyə və konfrontasiyaya son qoysun.

ABŞ və Fransa təəssüflənir

ABŞ Dövlət Departamenti «Amerikanın səsi»nin Birləşmiş Ştatların Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında iyunun 23-də Kazan şəhərində görüşünün nəticələrinə reaksiyası ilə bağlı sualını cavablandırıb. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland ABŞ-ın münasibətini bildirərək deyib: “Ermənistan və Azərbaycan prezidentləri Kazanda görüş zamanı baza prinsipləri üzrə razılığa gələ bilməyib. Bununla belə, Rusiya prezidenti Dmitri Medvedevlə birgə verdikləri bəyanatda onlar bir sıra məsələlər üzrə daha yaxşı anlaşmaya nail olduqlarını, Baza prinsipləri üzərində işi davam etdirməyə razı olduqlarını və gələcəkdə bir araya gələcəkləri barədə razılıq əldə ediblər. Mən yenə də deyərdim ki, ümidlər boşa çıxdı”.
Ermənistan və Azərbaycan prezidentlərinin Kazanda keçirilən görüşünün nəticəsi önəmsiz deyil. Ermənistan mətbuatının yaydığı məlumata görə, belə bir bəyanatla Fransa Xarici İşlər Nazirliyi çıxış edib. Bu ölkənin xarici siyasət idarəsinin rəsmi saytında yer alan bəyanatda xüsusi olaraq qeyd olunub ki, Fransa ATƏT-in Minsk qrupundakı tərəfdaşları olan ABŞ və Rusiya ilə birgə Qarabağ danışıqlarını davam etdirmək üçün tərəflərə hər cür kömək göstərəcək. Bəyanatda həmçinin həmsədrlərin yaxın həftələrdə Bakı, İrəvan və Xankəndinə səfər edəcəyi bildirilir.
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində passivlik nümayiş etdirən kimi ABŞ aktiv fazaya keçəcək. Bunu rusiyalı siyasi şərhçi Sergey Mixeyev deyib. Onun sözlərinə görə, münaqişənin həllində ABŞ-ın aktivliyi mütləq müharibə ilə yekunlaşacaq: “Mənə bir münaqişə göstərin ki, ABŞ orada vasitəçilik etsin və həmin münaqişənin həlli müharibə ilə bitməsin. Rəsmi Vaşinqton bütün yerdə müharibə edir ki, şəxsi maraqlarını təmin etsin. Çünki ABŞ bütün tərəfləri “üzərində təcrübə aparılan dovşan” kimi görür”. Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret nəticənin əldə olunmamasına gəlincə ekspert bildirib ki, əsas səbəb tərəflər arasında ortaq məxrəcin olmamasıdır.

Həmsədrlər regiona gələsi oldular

Uğursuz nəticələnən səfərdən sonra qəfil ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) gələn həftə regiona səfər edəcəkləri bəlli olub. Bu haqda Fransa Xarici İşlər Nazirliyi xəbər yayıb. Həmsədrlər öncə Bakıya gələcəklər. Vasitəçilər daha sonra Xankəndi və İrəvana səfər edəcəklər. Nazirliyinin açıqlamasında deyilir ki, vasitəçilərin növbəti səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsini təmin etməkdir. Ekspertlər qeyd edir ki, görüş regionda fövqəldövlətlərin maraqlarının hələ də tam razılaşmadığını üzə çıxarmış oldu. İlk növbədə qeyd etmək lazımdır ki, nəticəsiz qalan görüş Rusiyanın imicinə təsir edib.
Azərbaycan tərəfinin Qarabağ nizamlanması üzrə danışıqlarda güzəştlər həddi tükənib. Politoloq Fikrət Sadıxov belə hesab edir. “Azərbaycanın güzəştlər həddi praktik olaraq tükənib. Azərbaycanın geri çəkilməyə artıq yeri yoxdur” - deyə F.Sadıxov iyunun 24-də Kazanda Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşün nəticələrini “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində şərh edərkən bildirib. Politoloq qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyətin verilməsi ilə razıdır. “Azərbaycan tərəfi hətta Qarabağ münaqişəsinin nizamlanmasına alman dilli əhalinin İtaliya dövləti çərçivəsində öz müqəddəratını təyin etdiyi Tirol modelinin tətbiq edilməsinin mümkünlüyünü də səsləndirib. Azərbaycan həmçinin Ermənistanı regionda reallaşdırılan böyük enerji və iqtisadi layihələrə cəlb etməyə hazır olduğunu bəyan edib” - deyə o bildirib. F.Sadıxovun fikrincə, bununla belə, Ermənistan tərəfi hər zaman dünya ictimaiyyətini və vasitəçiləri inandırmağa çalışır ki, Dağlıq Qarabağın əhalisi Azərbaycanın tərkibində öz mövcudluğunu qəbul etmir. “Belə olan halda isə Dağlıq Qarabağ azərbaycanlılarının məsələsi açıq qalır. Azərbaycan tərəfi bütün bu problemləri Dağlıq Qarabağın ətrafında yeddi rayonun azad edilməsindən sonra danışıqların ikinci mərhələsinə keçirməyi təklif edir. Ancaq Ermənistan süni şəkildə bu təkliflərdən yayınır” - deyə o vurğulayıb. F.Sadıxov tərəflərin münaqişənin nizamlanmasının baza prinsipləri üzrə razılığa gələ bilməməsi səbəbindən Kazan görüşünün uğursuz olması ilə bağlı fikirlərlə razılaşmadığını bildirib. “Hər halda, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Qarabağ nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində müəyyən addım atılıb” - deyə o bildirib.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 29.06.11 | Baxılıb: 380

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •