Münaqişəsinin hüquqi aspektləri
Dağlıq Qarabağ münaqişəsinin
hüquqi aspektləri
1.
Ermənistanın arqumentləri
Rəsmi Yerevan nümayəndələri Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq
məqsədilə, tez-tez Dağlıq Qarabağın heç
bir zaman müstəqil Azərbaycanın tərkib hissəsi
olmaması barədə tezislə çıxış edirlər.
Bu iddiaların əsasında aşağıdakı
arqumentlər dayanır:
Birinci, müstəqil Azərbaycan Sovet İttifaqının
tərkibinə daxil olanda Qarabağ onun yurisdiksiyasında
deyildi və bu faktı Azərbaycanın Cənubi Qafqazın
şərq hissəsinin ermənilərlə məskunlaşmış
ərazilərinə, əsas etibarilə Dağlıq Qarabağa
iddia etməsi, eləcə də özününkü hesab etdiyi
ərazi üzərində təsirli dövlət nəzarətini
həyata keçirə bilməməsi və
sərhədlərinin legitimliyini əsaslandırmağa qadir
olmaması səbəbindən Millətlər
Cəmiyyətinin Azərbaycanı tanımaqdan imtina
etməsi barədə qəbul etdiyi qərar da
təsdiqləyir.
İkinci, 1991-ci ildə SSRİ-nin parçalanması prosesi çərçivəsində
Dağlıq Qarabağın Azərbaycandan qanuni əsaslarla
ayrılması və "Dağlıq Qarabağ Respublikası"nın
yaradılması. Bu zaman "Müttəfiq respublikanın SSRİ-dən
çıxması ilə əlaqədar məsələlərin
həlli qaydası haqqında" 3 aprel 1990-cı il tarixli
SSRİ Qanunu xüsusi olaraq vurğulanır. Sonuncuya
əsasən, müttəfiq respublikalar tərəfindən
Qanunla nəzərdə tutulmuş SSRİ tərkibindən
çıxmaq proseduru həyata keçirilərkən muxtar qurumlar SSR
İttifaqında və tərkibindən çıxan müttəfiq
respublikada qalmaq məsələsini müstəqil həll
etmək, habelə öz dövlət-hüquqi statusu
məsələsini qaldırmaq hüququ əldə edirdi.
Üçüncü, Azərbaycanın sovet dövrünün hüquqi
varisliyindən imtina etməsi və bununla da, həmin dövrün
sərhədlərinə iddia etmək əsasından
məhrum olması(2).
2.
Azərbaycanın arqumentləri
2.1. Dağlıq Qarabağ Azərbaycan və Ermənistanın
Millətlər Cəmiyyətinə
qəbulu məsələsinə baxılması
kontekstində
Britaniya qoşunlarının 1918-ci ildə Bakıya daxil
olmasından sonra, Müttəfiq Dövlətləri təmsil
edən general V.Tomson qonşu Zəngəzur qəzası
ilə birlikdə Dağlıq Qarabağın Azərbaycanın
idarəsi altında olmasını tanıdı. O,
Azərbaycan hökuməti tərəfindən Xosrov Sultanovun bu
iki regionun da daxil olduğu Garabağ general-qubernatorluğuna
qubernator təyin edilməsini də təsdiqlədi. 1919-cu
ildə Dağlıq Qarabağın erməni assambleyası
rəsmi olaraq Azərbaycan hakimiyyətini tanıdı.(3)
1918-1920-ci illərdə Azərbaycan Respublikasının bir sıra
ölkələrlə diplomatik münasibətləri var idi.
Onlardan bəziləri ilə qarşılıqlı münasibətlərin
prinsiplərinə dair müqavilələr imzalanmış, on
altı dövlət isə Bakıda öz nümayəndəliyini açmışdı.
12 yanvar 1920-ci il tarixində Paris Sülh Konfransında Müttəfiq
Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyini
de-fakto tanıdı.
1 noyabr 1920-ci il tarixində Azərbaycan nümayəndə
heyətinin başçısı Millətlər
Cəmiyyətinin Baş katibinə məktubla müraciət
edərək, Azərbaycan Respublikasının Təşkilata
üzv qəbul edilməsi ilə bağlı ərizəsinin
Cəmiyyətin Assambleyasına təqdim edilməsini xahiş
etmişdir.
Baş katib 24 noyabr 1920-ci il tarixli Memorandumunda Paris Sülh
Konfransındakı Azərbaycan nümayəndə
heyətinə mandatın Bakıda 1920-ci ilin aprel ayına
kimi hakimiyyətdə olmuş hökumət tərəfindən
verildiyini qeyd etmişdir. Bununla belə, Memorandumda
Azərbaycan nümayəndə heyətinin müraciət etdiyi (1
noyabr 1920-ci il) və Memorandumun dərc olundugu tarixdə (24
noyabr 1920-ci il) Azərbaycan nümayəndə heyətinə
mandat vermiş Azərbaycan Respublikası hökumətinin artıq
1920-ci ilin aprel ayından de-fakto hakimiyyətdə olmamasına
xüsusi diqqət yetirilir. Daha sonra memorandumda bu hökumətin ölkənin
bütün ərazisinə nəzarət etmədiyi göstərilirdi.
(4)
Bu konteksdə, qeyd olunan Millətlər Cəmiyyəti Baş
katibinin Memorandumunun ən mühüm hissəsi "Hüquqi mülahizələr"
fəslidir. Həmin fəsildə dövlətlərin
tamamilə özünüidarəedən olması tələbi də
daxil olmaqla, Təşkilata yeni üzvlərin qəbul
edilməsi ilə bağlı Millətlər Cəmiyyəti
Nizamnaməsinin 1-ci maddəsində təsbit edilmiş şərtlər
xatırladılır.(5)
Millətlər Cəmiyyətinin müvafiq sənədləri
erməni tərəfinin Millətlər Cəmiyyətinin
Azərbaycanı üzvlüyə qəbul etməməsini onun
Azərbaycanın Dağlıq Qarabağ üzərində
hakimiyyətini tanımaması və guya
ermənilərlə məskunlaşmış
ərazilərə iddia etməsilə
əlaqələndirməsi fikrini tamamilə təkzib edir.
Aydındır ki, ərazisinin mühüm bir hissəsi
ərizəsi Millətlər Cəmiyyətində baxıldığı
bir dövrdə işğal altında olan, ərizəni
təqdim edən hökuməti isə devrilmiş olan bir dövlət
Millətlər Cəmiyyəti Nizamnaməsinin 1-ci
maddəsinin tələblərinə əsasən, tam özünüidarəetmə
qabiliyyətinə malik subyekt kimi nəzərdən keçirilə
bilməzdi. Məhz bu şərtlər Azərbaycanın
Millətlər Cəmiyyətinə üzv qəbul
edilməsinə mane oldu.
Eyni zamanda Millətlər Cəmiyyəti aydın və tanınmış
sərhədlərə, status və konstitusiyaya, sabit hökumətə
sahib olmadığı üçün Ermənistanın özünü dövlət
kimi tanımırdı. Nəticədə, 16 dekabr 1920-ci il
tarixində Ermənistanın Millətlər
Cəmiyyətinə üzvlüyə qəbul edilməsi rədd
edilmişdi. (6)
2.2. Dağlıq Qarabağ Azərbaycan SSR tərkibində
Müttəfiq Dövlətlərin Dağlıq Qarabağ üzərində
Azərbaycanın hakimiyyətini tanıması ilə bağlı
yuxarıda qeyd olunmuş faktlarla yanaşı, Sovet İttifaqı
tərkibinə qatılarkən Qarabağın müstəqil
Azərbaycanın yurisdiksiyası altında olmaması ilə
bağlı tezis həmçinin Ermənistanın ərazi iddiları
ilə əlaqədar olaraq bu məsələyə bir neçə
dəfə baxmış RK(b)P MK Qafqaz Bürosunun qərarları
ilə də təkzib edilmiş və özünün 5 iyul 1921-ci il
tarixində keçirilmiş iclasında Dağlıq Qarabağın
Azərbaycan SSR tərkibində saxlanılması
barədə qərar vermişdir. Eyni zamanda Azərbaycan SSR-ə
Dağlıq Qarabağa geniş muxtariyyət vermək
təklif olunmuşdur. (7)
13 oktyabr 1921-ci il tarixində Qarsda RSFSR-in iştirakı
ilə bir tərəfdən Ermənistan SSR, Azərbaycan SSR
və Gürcüstan SSR, digər tərəfdən isə Türkiyə
arasında Dostluq haqqında müqavilə imzalandı. Müqavilənin
5-ci maddəsi ilə Türkiyə, Ermənistan və
Azərbaycan hökumətləri "...Naxçıvan
vilayətinin Azərbaycanın himayəsi altında muxtar
ərazi kimi yaradılması"na razı olduqlarını
bildirdilər. (8)
13 dekabr 1922-ci il tarixində Zaqafqaziya Sosialist Federativ Sovet
Respublikası (ZSFSR) yaradılmışdır. Onun
Konstitusiyası Naxçıvan Respublikasının bir muxtar qurum
kimi Azərbaycanın ayrılmaz tərkib hissəsi olması
faktını bir daha təsdiqlədi. Bu konstitusiyaya görə,
muxtar respublika və vilayətlərin (Abxaziya, Acarıstan
və Cənubi Osetiya) vəziyyəti dəyişməz
olaraq qalırdı.
Nə Qars Müqaviləsində, nə də ZSFSR Konstitusiyasında
Qarabağın dağlıq hissəsi barədə hər
hansı bir qeydə rast gəlinmirdi, çünki bu bölgə
rəsmi olaraq Azərbaycanın ayrılmaz hissəsi kimi tanınırdı,
o cümlədən Ermənistan SSR tərəfindən.(9)
SSRİ-nin ilk konstitusiyasının qəbul edildiyi gündən
bir gün sonra, yəni 7 iyul 1923-cü il tarixində Azərbaycan
SSR Mərkəzi İcraiyyə Komitəsi "Dağlıq
Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında"
Fərman dərc etdirdi.
Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində
muxtar vilayət kimi statusu 1936-cı və 1977-ci illər SSRİ
Konstitusiyalarında təsbit edilmişdir. (10)
DQMV-nin hüquqi vəziyyəti SSRİ və Azərbaycan SSR
Konstitusiyalarına müvafiq olaraq, 16 iyun 1981-ci il tarixində
Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul olunmuş
"Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında"
Qanunla müəyyən edilirdi. (11)
SSRİ Konstitusiyasının 78-ci maddəsinə
əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı
olmadan dəyişdirilə bilməzdi. Müttəfiq respublikalar
arasındakı sərhədlər yalnız müvafiq
respublikaların qarşılıqlı razılığı
əsasında və SSR İttifaqının
təsdiqindən sonra dəyişdirilə bilərdi. (12) Bu müddəa
Azərbaycan və Ermənistan Konstitusiyalarında da
təsbit edilmişdi.
Keçən əsrin 80-ci illərinin sonlarında DQMV-nin
Azərbaycan SSR-dən ayrılması və vilayətin
Ermənistan SSR-ə birləşdirilməsi
istiqamətində qanunazidd qərarların qəbulu ilə
əlaqədar olaraq, SSRİ Ali Soveti və onun Rəyasət
Heyəti Dağlıq Qarabağ böhranı
nəticəsində yaranmış vəziyyəti bir neçə
dəfə müzakirə etmişdir. Keçmiş SSR İttifaqı
dövlət hakimiyyətinin ali orqanı tərəfindən
qəbul olunmuş qərarlarda birmənalı olaraq
sərhədlərin və Azərbaycan və Ermənistan SSR-in
Konstitusiyaları ilə təsbit olunmuş milli-ərazi bölgüsünün
dəyişdirilməsinin qeyri-mümkün olduğu etiraf olunurdu.
(13)
Beləliklə, Dağlıq Qarabağın Azərbaycan
SSR-dən Ermənistan SSR-in xeyrinə rəsmi olaraq 20 fevral
1988-ci il tarixindən başlamış ayrılması prosesi
SSRİ Konstitusiyasının açıq-aşkar pozulması
ilə müşayiət olunmuş və bununla da heç bir hüquqi
nəticəsi olmamışdır.
Dağlıq Qarabağın ayrılmasına qanuni don
geydirmək məqsədilə erməni tərəfinin 2
sentyabr 1991-ci ildə etdiyi növbəti cəhd dolayısıyla
bu yanaşmanın doğruluğunu təsdiq edir. Əvvəlki
bütün qərarlardan fərqli olaraq, həmin gün "Dağlıq
Qarabağ Respublikası"nın elan olunması "Müttəfiq
respublikanın SSRİ-dən çıxması ilə
əlaqədar məsələlərin həlli qaydası
haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu ilə
əsaslandırılırdı.(14)
Hər şeydən əvvəl qeyd olunmalıdır ki, bu
Qanunun məqsədi SSRİ məkanında qarşılıqlı
münasibətləri müttəfiq respublikaların SSRİ
tərkibindən çıxacağı halda riayət etməli
olduğu müəyyən prosedurun qurulması vasitəsilə
tənzimləmək idi. Müttəfiq respublikanın SSRİ
tərkibindən çıxması həmin respublika əhalisinin
öz iradəsini referendum yolu ilə azad ifadə etməsi
əsasında həyata keçirilə bilərdi ki, bu referendumun
da keçirilməsi barədə qərar müttəfiq respublikanın
Ali Soveti tərəfindən qəbul edilirdi.
Eyni zamanda bu Qanuna əsasən, tərkibində muxtar
respublikalar, muxtar vilayətlər və muxtar mahallar olan müttəfiq
respublikada referendum hər muxtariyyət üzrə ayrıca keçirilməli
idi. Bu muxtariyyətlərin xalqlarına SSR İttifaqında
və ya onun tərkibindən çıxan müttəfiq respublikada
qalmaq məsələsini müstəqil həll etmək,
habelə öz dövlət-hüquqi statusu məsələsini qaldırmaq
hüququ verilirdi.
Qeyd etmək lazımdır ki, müttəfiq respublika yalnız mürəkkəb
və çoxmərhələli proseduru keçdikdən və
nəticədə SSRİ xalq deputatları Qurultayı müvafiq
qərar qəbul edildikdən sonra SSRİ tərkibindən çıxmış
hesab oluna bilərdi.
Lakin SSRİ-nin beynəlxalq hüququn subyekti kimi mövcudluğuna
xitam verildiyi ana qədər qeyd olunan qanun tətbiq olunmadı
və müvafiq olaraq, heç bir hüquqi nəticəsi də olmadı.
Belə ki, heç bir müttəfiq respublika, o cümlədən
Azərbaycan və Ermənistan, Qanunda nəzərdə
tutulmuş İttifaqdan çıxmaq prosedurundan istifadə
etmədi.
Azərbaycan Respublikası öz müstəqilliyini tam mənada
əldə edənə və beynəlxalq ictimaiyyət
tərəfindən tanınana qədər Azərbaycan SSR
DQMV-nin 26 noyabr 1991-ci il tarixinədək mövcud olduğu
ərazi Azərbaycanın tərkib hissəsi olaraq qalmaqda
davam edirdi.
2.3. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpası kontekstində ərazi və
sərhədlərə münasibətdə hüquqi varislik
SSRİ-nin dağılmasından sonra uti possidetis juris
beynəlxalq-hüquqi doktrinası yenicə müstəqillik
əldə etmiş dövlətlərin sərhədlərinin
beynəlxalq, regional və milli legitimləşdirilməsinin
əsasını təşkil etdi.
Uti possidetis juris doktrinasına görə, Azərbaycan Respublikası
öz müstəqilliyini əldə etdiyi andan etibarən hüdudlarına
DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in
inzibati sərhədləri beynəlxalq sərhəd hesab
olunur və beynəlxalq hüquq tərəfindən qorunur. Qeyd
olunan fikir BMT Təhlükəsizlik Şurasının Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi
məlum qətnamələrdə də öz əksini tapmışdır.(15)
1918-1920-ci illərdəki dövlət müstəqilliyinin
bərpasını bəyan etməklə o dövrdə mövcud
olmuş ADR-in hüquqi varisinə çevrilməsiylə
Azərbaycanın guya sovet dövründəki
sərhədlərə iddia etmək əsaslarından
məhrum olması barədə erməni tərəfinin
irəli sürdüyü tezisə gəldikdə isə, burada
diqqət "Müqavilələrə münasibətdə dövlətlərin
hüquqi varisliyi haqqında" Vyana Konvensiyasının 11-ci
maddəsinə yönəldilməlidir. Belə ki, bu
maddəyə əsasən, "dövlətlərin hüquqi
varisliyi: a) müqavilə ilə müəyyən olunmuş
sərhədlərə şamil edilmir ..." .(16) Başqa sözlə,
bilavasitə SSRİ-nin onun tərəfindən bağlanmış
beynəlxalq müqavilələrlə müəyyən edilmiş
sərhədlərinə aid olmasına baxmayaraq, qeyd olunan müddəa
özündə, faktiki olaraq, hüquqi varislikdən asılı
olmayaraq, mövcud sərhədlərin olduğu kimi saxlanılmasına
münasibətdə konseptual beynəlxalq-hüquqi yanaşmanı
ehtiva edir. Bu isə o deməkdir ki, suverenliyin dəyişməsi
daimi xarakter daşıyan sərhədləri sarsıtmağa
qadir deyildir.(17)
Yekun
1. Azərbaycanın
Millətlər Cəmiyyətinə üzvlüklə bağlı
ərizəsinə baxılması məsələsinin işıqlandırılması
zamanı rəsmi Yerevanın açiq-aydın yol verdiyi
təhriflərə və eyni zamanda, Ermənistanın
Millətlər Cəmiyyətinə ünvanladığı
eyniməzmunlu ərizəyə sonuncunun cavabı
barədə susmasına baxmayaraq, bu təşkilatın
gəldiyi nəticələr dövlətlərin sonrakı dövrdə
yaranmış ərazi çərçivələrinə yenidən
baxılması üçün əsas hesab oluna bilməz. Əks
təqdirdə, əgər erməni tərəfinin
dəlilləri ilə razılaşsaq, onda Ermənistanın
özünün beynəlxalq hüquq subyektliyi şübhə altına alına
bilər.
2. SSRİ Konstitusiyasına əsasən, Dağlıq Qarabağ
Azərbaycan SSR tərkibində muxtar vilayət idi. DQMV-nin hüquqi
vəziyyəti SSRİ və Azərbaycan SSR Konstitusiyalarına
müvafiq olaraq, 16 iyun 1981-ci il tarixində Azərbaycan SSR Ali
Soveti tərəfindən qəbul edilmiş "Dağlıq
Qarabağ Muxtar Vilayəti haqqında" Qanunla müəyyən
edilirdi.
3. 2 sentyabr 1991-ci il tarixində "Dağlıq Qarabağ
Respublikası"nın elan olunması SSRİ Konstitusiyasına
zidd idi. Belə ki, həmin Konstitusiyaya görə, müttəfiq
respublikanın ərazisi onun razılığı olmadan
dəyişdirilə bilməzdi, müttəfiq respublikalar arasındakı
sərhədlər isə yalnız müvafiq respublikaların
qarşılıqlı razılığı əsasında
və SSR İttifaqının təsdiqindən sonra dəyişdirilə
bilərdi. Məsələ ilə bağlı "Müttəfiq
respublikanın SSRİ-dən çıxması ilə
əlaqədar məsələlərin həlli qaydası
haqqında" 3 aprel 1990-cı il tarixli SSRİ Qanununa istinad
edilməsi əsassızdır. Belə ki, SSRİ
tərkibindən çıxmanın rəsmiləşdirilməsi
üçün bu qanunda nəzərdə tutulmuş məcburi mexanizm
nə 2 sentyabr 1991-ci il tarixinə qədər, nə də
ondan sonra Azərbaycan tərəfindən tətbiq
edilməmişdir.
4. Muxtar Vilayət 26 noyabr 1991-ci il, yəni Azərbaycan
Respublikası Ali Soveti tərəfindən onun ləğvi
barədə Qanun qəbul edildiyi tarixədək mövcud olmuşdur.
5. Uti possidetis juris doktrinasına əsasən, Azərbaycan
Respublikası müstəqillik əldə etdiyi andan etibarən,
DQMV-nin də daxil olduğu Azərbaycan SSR-in keçmiş
inzibati sərhədləri beynəlxalq sərhədlər
sayılır və beynəlxalq hüquqla qorunur. Bununla
əlaqədar qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu
ilə suverenliyin dəyişdirilməsi və keçmiş müttəfiq
respublikalar tərəfindən hüquq varisliyinin elan edilməsi
onların müstəqillik əldə etdikləri ana
qədər mövcud olan və daimi xarakter daşıyan
sərhədlərini sarsıda bilməzdi.
* Tofiq Fuad oğlu Musayev, Esseks Universitetinin magistrı.
Ermənistanın mövqeyi barədə daha ətraflı bax:
Ermənistan hökumətinin İqtisadi, sosial və
mədəni hüquqlar haqqında beynəlxalq pakt və
Vətəndaş və siyasi hüquqlar haqqında beynəlxalq
pakt üzrə məruzələrində, BMT-nin E/1990/5/Add.36
və CCPR/C/92/Add.2 saylı sənədləri; "Legal
aspects for the right to self-determination in the case of Nagorny Karabakh"
adlı E/CN.4/2005/G/23 saylı BMT-nin sənədi; Dağlıq
Qarabaı problemi üzrə parlament dinləmələrində
Ermənistanın müdafiə naziri S.Sargisyanın çıxışı,
29-30 mart 2005-ci il, "REGNUM" informasiya agentliyi: www.regnum.ru/news/437271.html
Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition (New
York: Columbia University Press, 1995), pp. 75-76.
League of Nations. Memorandum by the Secretary General on the Application for
the Admission of the Republic of Azerbaidjan to the League of Nations.
Assembly Document 20/48/108, p. 2.
League of Nations. Assembly Document 20/48/108, p. 4. See also The Covenant of
the League of Nations (1919), in Malcolm D.Evans (ed.), Blackstone's
International Law Documents (Oxford: Oxford University Press, 6th ed., 2003),
pp. 1-7, at p. 1, Article 1.
League of Nations. Annex 30 B. Future Status of Armenia. Memorandum agreed to
by the Council of the Leagues of Nations, meeting in Paris on 11 April 1920.
League of Nations Document 20/41/9, p. 27; Admission of new Members to the
League of Nations. Armenia. Assembly Document 209, pp. 2-3; Assembly Document
251.
"İz protokola zasedaniÿ plenuma Kavbþro ÖK RKP
(b)" ot 5 iþlÿ 1921 qoda. Sm. v K istorii obrazovaniÿ
Naqorno-Karabaxskoé avtonomnoé oblasti Azerbaédjanskoé
SSR. 1918-1925: Dokumentı i materialı (Baku: Azerneşr, 1989),
s. 92.
Doqovor o drujbe mejdu Armÿnskoé SSR, Azerbaédjanskoé
SSR i Qruzinskoé SSR, s odnoé storonı, i Turöieé
- s druqoé, zaklþçennıé pri uçastii RSFSR v Karse, 13
oktÿbrÿ 1921 qoda. Dokumentı vneşneé politiki SSSR,
tom IV (Moskva: Qospolitizdat, 1960), s. 423, statüÿ 5.
Pervıé Zakavkazskié súezd Sovetov. İzdanie Zakraékoma
RKP (Tiflis: Tipoqrafiÿ Voennoqo Komissariata, 1923), s. 144.
Konstituöiÿ SSSR (Moskva, 1936), s. 14, statüÿ 24;
Konstituöiÿ SSSR (Moskva, 1977), s. 13-14, statüÿ 87.
Zakon Azerbaédjanskoé SSR "O Naqorno-Karabaxskoé
avtonomnoé oblasti", 16 iþnÿ 1981 qoda (Baku: Azerneşr,
1987), s. 3, statüÿ 3.
Konstituöiÿ SSSR (Moskva, 1977), s. 13.
Postanovlenie Prezidiuma Verxovnoqo Soveta SSSR "O merax, svÿzannıx
s obraùeniÿmi soþznıx respublik po povodu sobıtié
v Naqornom Karabaxe, v Azerbaédjanskoé i Armÿnskoé SSR",
23 marta 1988 qoda. Vedomosti Verxovnoqo Soveta SSSR, 1988, ¹ 13, s.
27-28; Postanovlenie Prezidiuma Verxovnoqo Soveta SSSR "O reşeniÿx
Verxovnıx Sovetov Armÿnskoé SSR i Azerbaédjanskoé
SSR po voprosu o Naqornom Karabaxe", 18 iþlÿ 1988 qoda.
Vedomosti Verxovnoqo Soveta SSSR, 1988, ¹ 29, s. 20-21; Postanovlenie
Prezidiuma Verxovnoqo Soveta SSSR "O nesootvetstvii Konstituöii
SSSR aktov po Naqornomu Karabaxu, prinÿtıx Verxovnım Sovetom
Armÿnskoé SSR 1 dekabrÿ 1989 qoda i 9 ÿnvarÿ
1990 qoda", 10 ÿnvarÿ 1990 qoda. Vedomosti Verxovnoqo Soveta
SSSR, 1990, ¹ 3, s. 38.
Zakon SSSR "O porÿdke reşeniÿ voprosov, svÿzannıx
s vıxodom soþznoé respubliki iz SSSR", 3 aprelÿ
1990 qoda. Vedomosti Verxovnoqo SSSR, 1990, ¹ 15, s. 303-308.
BMT TŞ-nın 822 saylı 30 aprel 1993-cü il tarixli , 853 saylı
29 iyul 1993-cü il tarixli, 874 saylı 14 oktyabr 1993-cü il tarixli
və 884 saylı 11 noyabr 1993-cü il tarixli
Qətnamələri. BMT-nin internet saytı:www.un.org/Docs/scres/1993/scres93.htm
Vienna Convention on Succession of States in Respect of Treaties, 22 August
1978. For text see Evans (ed.), pp. 185-199, at p. 188.
Malcolm N. Shaw, "The Heritage of States: The Principle of Uti Possidetis
Juris Today", 77 The British Yearbook of International Law 1996 (Oxford:
Clarendon Press, 1977), pp. 75-154, at p. 90.