AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Özünüzdən razısınızmı? - Polemika

Özünüzdən razısınızmı? - Polemika

Gənclik qəzeti
18 Noyabr 2014, 10:59 1303
Hər kəs özünü sayılıb-seçilənlərdən, cəmiyyətdə söz sahibi olanlardan biri kimi görmək istəyir. İstənilən sahədə, istənilən işdə, istənilən fəaliyyətdə uğur qazanmağın ilkin mərhələsi buna inanmaq, özündən razı olmaqdır. Əgər nəyəsə nail olmaq istəyiriksə, öz gücümüzə, potensialımıza arxayın olub bir işə başlamamalıyıq.
Bəs gənclərimizin nə düşünür? Onlar özlərindən razıdırlarmı?

“Özümə inanmasam, uğur qazana bilmərəm”
Firəngiz Mürsəlzadə, redaktor

Firəngiz öz potensialına güvənən gənclərdəndir. O deyir ki, insanın həyatda özünə güvənməsi, özündən razı olması çox yaxşı xüsusiyyətdir: “Özünəinam hər bir insanda mütləq olması gərəkən bir hissdir. Özünə inanan insan həmişə hissləri, arzuları və tələbləri barədə açıq danışır, imtina etməyi, əlaqə qurmağı bacarır, söhbəti başlayır və tamamlayır. İlk növbədə belə insan öz imkanlarını yüksək qiymətləndirir. Hesab edir ki, onun gücü qarşısına qoyduğu istənilən məqsədin öhdəsindən gəlməyə yetərlidir. O, qarşısına yeni məqsədlər qoymaqdan çəkinmir və onları şövqlə reallaşdırır. Özünə güvənmək , özündən razılıq hər hansı məqsədə nail olmaq üçün kifayət qədər gücü göstərmə qabiliyyətinin olduğuna inanmaqdır ki, insanda bunun olması böyük nailiyyətdir. Çünki məhz uğurun yarısı bundan asılıdır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrdə işə götürmədə ilk növbədə gəncin özgüvənini yoxlayırlar. Biz də isə özündən razı insanları təkəbbürlü insan kimi baxırlar, kənardan qınayırlar. Lakin təcrübələr də göstərir ki, həyatda uğur qazanan insanlar məhz özündən razı insanlardır. Kimsə məni qınaya bilər, ancaq mən biləyimə və görəcəyim işə tam hazır olduğum üçün özümdən razıyam. İlk növbədə mən özümə arxayın olmalıyam ki, müdriyyət də mənim özümə əminliyimi, iddiamı görüb mənə iş həvalə etsin”.
Həmsöhbətimizin sözlərinə görə, gənclər özgüvən hissini ilk növbədə ailədən alırlar: “Uşağın gələcəkdə normal bir vətəndaş kimi formalaşması ilk növbədə ailədən asılıdır. O, güvən hissini ilk növbədə valideynlərindən alır. Əgər ailədə inamsızlıq görürsə, normal formalaşa bilmir. Özündənrazılıq pis xüsusiyyət deyil, valideynlər ilk növbədə buna inanmalıdırlar. Bu gün mənim özümdən razı olmağım valideynlərimin mənə verdiyi güvəndən irəli gəlir. Həmçinin özüm də övladlarıma bu duyğunu aşılayacam”.

“Özünüzə güvənməklə bütün həyatınızı dəyişə bilərsiz”
Şəhriyar Mürsəlzadə, biznesmen

Şəhriyar hesab edir ki, hər bir insanın uğur qazanmasında özündən razılıq, özgüvən hissi mühüm rol oynayır. Müsahibimizin sözlərinə görə, insan özünə inanmaqla bütün həyatını dəyişə bilər: “Özündən razılıq, özgüvən dedikdə hərə bunu bir cür anlayır. Hər insan özündə özgüvən hissini oyatmaqla , gücləndirməklə bütün həyatını dəyişə bilər. Özgüvəni zəif olan insanlar isə həyatını kimdənsə asılı vəziyyətdə yaşaya bilər. Çünki hər bir insanın uğur qazanmasında özündənrazılıq mühüm rol oynayır. İnsan nəyəsə nail olmaq istəyirsə, birinci növbədə bunun üçün kifayət qədər potensialı olmalıdır. İkinci növbədə bu potensialı özündə tapmalı və aşkara çıxarmalıdır. Üçüncü növbədə , ən mühümü, bu potensialının effektinə və gücünə inanmalıdır , ona arxayın olub iş görməlidir”. Şəhriyar deyir ki, əgər o özünə inanmasaydı, həyatda heç nəyə nail ola bilməzdi. Müsahibimizin sözlərinə görə, birinci cəhd alınmasa belə, qarşına qoyduğu məqsədinə çatana qədər həmin işin ardınca gedir. Bu onun prinsipidir: “Allah ədalətlidir, heç vaxt “mən bunu bacarmıram” deyə şikayətlənməsinlər, əksinə “mən bunu bacarıram” deyə özlərində güc toplasınlar. Nə olmasından asılı olmayaraq. Özünüzdən razı olun ki, sizə də güvənsinlər. Özgüvən elə bir hissdir ki, hər dəfə uğur qazandıqca daha da möhkəmlənir. Artıq daha çox sözünü demiş insansınızsa, sizin özgüvəninizi qırmaq elə də asan iş deyil. Məhz uğurlu fəaliyyətə nail olmaq üçün ambisiyalı olmalısınız. Birinci cəhddən nəsə alınmayıbsa, hələ son demək deyil bu. İkinci cəhd, üçüncü cəhd, dördüncü cəhd. Mən həmişə həyatda iddialı olmağı qarşıma məqsəd qoymuşam. Bunun da qarşılığını görmüşəm”.

“Özündən razı insanlar mənə yaddır”
Aynur Kərimli, jurnalist

Aynur digər müsahiblərimizdən fərqli olaraq, özündən razılığın mənfi xüsusiyyət olduğunu söyləyir. Onun sözlərinə görə, özgüvən, özündən razılıq ətrafdakı digər insanlarda həmin şəxsə qarşı antipatiya yaradır: “Mən özümdən razı deyiləm. Belə insanlara da yaxşı baxmıram. Daxilində razılıq olub, onu dönə-dönə üzə çıxarıb “mən beləyəm, mən bacararam” tipli cümlələr quran insanlar mənə tamamilə yaddır. Belə insanlar hətta mənə gülməli gəlir. Gərək insan nə dərəcədə mükəmməl olsun ki, özündən razılıq edə bilsin. “İdeal insan yoxdur” prinsipinə əsaslanaraq belə xarakteri yalnız mənfi fikirlərdən ibarət cümlələrlə ifadə edə bilərəm”. Aynur düşünür ki, insanın özünü dəyərləndirməsi müəyyən çərçivə daxilində olsa, daha məqsədəuyğun olar. Həmsöhbətimizin sözlərinə görə, o özünə inanmamasına bəzən təəssüflənir: “Mənə elə gəlir ki, insanın istənilən yöndə yaxşı olub-olmamasını, ancaq ətrafındakılar deyə bilər. Düzdür, bəzən insan özünü dəyərləndirməlidir. Amma mən düşünürəm ki, bu müəyyən çərçivə daxilində olmalıdır. “Mənəm, mənəm” deyən insanlar həmişə məndə ikrah hissi doğurub. Amma mən də bəzən sevmədiyim xüsusiyyət olsa belə, özümə güvənməməyimə görə təəssüflənirəm. Çünki, bacara biləcəyim işə bilə şübhə ilə yanaşıram. Öz-özümə düşünürəm ki, görəsən bu iş məndə alına bilər?”. Müsahibimiz deyir ki, insan özünü sevməli və inanmalıdır. Amma hər şeydə olduğu kimi onun da bir qaydası var: “Düzdür, özgüvən hissi bəzən önəmlidir. Gec-tez insanın həyatında müəyyən dəyişikliklər edə bilər. Ən çox da iş həyatında insana kömək olar. Özündən razı olduğun müddətdə düşünürsən ki, hər işin öhdəsindən gələcəksən. O zaman özünü daha güclü hiss edirsən. Amma hər şey həddində olsa, daha yaxşı olar. Çünki, heç kim mükəmməl və ideal deyil. Hər insanın qüsuru olmalıdır. Buna görə də heç kim özü ilə bu qədər öyünməsin”.

Aygün ƏZİZ